Sabir Rüstəmxanlı: "Bu gün artıq millətin qürurunu, ləyaqətini göstərən bir mərasimə çevrilib"

20 Yanvar millətimizi öz torpağını, azadlığını qorumaq uğrunda mübarizəyə qalxdığı, sovet imperiyasının silahlı qüvvələri ilə qeyri-bərabər döyüşdə qəhrəmanlıq göstərdiyi, öz milli iradəsini nümayiş etdirdiyi şərəfli bir tarixdir. 20 Yanvar hadisələrinin 19-cu ildönümü ərəfəsində millət vəkili, o dövrdə də Milli Məclisin deputatı olmuş və həmin hadisələri araşdıran komissiyanın ən fəal üzvlərindən biri şair Sabir Rüstəmxanlı ilə söhbətləşdik. Sabir müəllim 19 il əvvəl baş verənləri ürək ağrısı ilə xatırladığını bildirdi və eyni zamanda o dövrdə Azərbaycanın millət vəkillərinin ilkin olaraq verdiyi qərarların doğru olduğunu dedi: "1990-cı ilin 20 yanvarını bütün təfərrüatı ilə xatırlayıram. Xalq Gəbhəsi İdarə Heyəti Müdafiə Şurası yaratmışdı. Qurumun üzvləri xalqı mümkün qədər qırğından qorumağa çalışırdı. Amma təəssüf ki, insanların hiddəti yüksək həddə idi və ordunun haqsızlığı da elə bir səviyyəyə gəlib çatmışdı ki, kütlənin qarşısını almaq mümkün deyildi. Xalq öz qəzəbini və etirazını cilovlaya bilmirdi. Çünki sovet ordusu Azərbaycandan torpaq qoparmağa çalışan və Xankəndində gecə-gündüz o vaxtkı hakimiyyətə qarşı çıxışlar edən, çoxlu terror törətmiş, yüz minlərlə insanı yerindən-yurdundan eləmiş bir qrupun üstünə getməkdənsə, Bakıya gəlmişdi və əliyalın əhaliyə qarşı hərbi texnikadan və bütün silahlardan istifadə olunmuşdu. Dənizdən, sudan, havadan, qurudan ən müxtəlif silahlarla dinc əhaliyə divan tutulurdu. O cümlədən guya sərhədlərin açılması, SSRİ-nin dövlət təhlükəsizliyinin pozulması, xalq hərəkatının dövlət çevrilişi etmək cəhdi və s. kimi müxtəlif bəhanələrlə ordu Bakıya yeridilmişdi".


S.Rüstəmxanlının dediynə görə, hadisədən bir gün sonra Milli Məclis toplanıb və bu yığıncaq demək olar ki, bütün gecə davam edib: "Həmin toplantıda hadisələri araşdırmaq və ona hüquqi qiymət vermək məqsədilə komissiya yaradıldı. Komissiyanın tərkibində milli azadlıq hərəkatından Milli Məclisə gəlmiş üç deputat vardı: mən, Tofiq Qasımov və Tamerlan Qarayev. Bizdən başqa bu komissiyada çox təcrübəli insanlar da vardı. Komissiya qısa bir müddətdə bütün əlaqəsi olan adamlardan müsahibələr götürdü və onların hamısı lentlərə yazıldı. Ordunun bütün cinayətkar addımları komissiya tərəfindən hazırlanan sənəddə öz əksini tapmışdı. Amma sonra təəssüf ki, bizə bəlli olmayan səbəblərdən o lentlərin bir çoxu itirildi, sənədlərin bir hissəsi müəmmalı şəkildə yoxa çıxdı. Bir neçə ildən sonra yenidən həmin məsələyə baxıldı. Bu hadisənin Azərbaycan xalqına qarşı cinayət olduğu sənədlərdə öz əksini tapdı. Qeyd edim ki, hər halda, 1990-cı ilin 20 Yanvar hadisəsindən sonra Azərbaycan Milli Məclisinin sədrinin və bir sıra deputatlarının fikir birliyi ilə məsələyə sərt reaksiya verilməsi və onun bütün dünyaya yayılması sovet ordusunun azərbaycanlılara qarşı açıq-aşkar cinayət törətdiyini dünya ictimaiyyətinə çatdırdı".


"O vaxt kim o hadisələrin şahidi olubsa, heç vaxt Bakıda elə böyük insan seli görməyib"-deyən S.Rüstəmxanlı bildirdi ki, Azadlıq meydanından başlayaraq ta Şəhidlər Xiyabanına qədər şəhidlər insanların çiynində gedib. Bütün yollar, binalar qərənfillərlə bəzədilib və bu da sonradan bir ənənəya çevrilib: "İndiki kimi xatirimdədir, hələ sübhdən "Əzizbəyov" metrosundan şəhərə qədər bütün yollara qərənfillər düzülmüşdü. Mən xalq hərəkatının nümayəndəsi kimi həmin gün tezdən xəstəxanalara baş çəkmişdim. Orda dilə gətirilməsi mümkün olmayan hadisələrlə üzləşmişdim. Yaralıların durumu, onların hansı şəraitdə ağır texnikanın altına düşməsi, necə yaralanması barədə söhbətlərin şahidi oldum. Sonra Bakı Şəhər İcra Hakimiyyətinə getdim və şəhidlərin şərəflə dəfn edilməsi ilə bağlı görüləcək işləri müzakirə etdik. Belə qərara gəldik ki, onlar hökmən Dağüstü parkda dəfn edilməlidir. Biz Şəhidlər Xiyabanına çatanda artıq birinci qəbir qazılmışdı və oradan insan sümükləri çıxmışdı. Məlum oldu ki, bu sümüklər 1918-ci ilin martında erməni-bolşevik birliklərinin törətdiyi faciələr nəticəsində şəhid olmuş Azərbaycan türklərinə, Bakı sakinlərinə məxsusdur. Beləliklə, o şəhidlərlə 1990-cı il şəhidlərinin ruhları Şəhidlər Xiyabanında qovuşdu. Amma o vaxt bizim heç ağlımıza da gəlmirdi ki, həmin şəhidlərin ətrafında Qarabağ uğrunda şəhid olan igid oğullarımız da dəfn ediləcək".


Sonda Sabir müəllim bildirdi ki, bu hadisələr haqqında çox yazıb: "Zaman keçib, indi güman edirəm ki, şəhidlərin ziyarəti matəmlikdən çıxıb, əksinə, millətin qürurunu, ləyaqətini göstərən bir mərasimə çevrilib".

Fəxriyyə ABDULLAYEVA