F.Köçərli adına Respublika Uşaq Kitabxanası da 20 Yanvar faciəsinə həsr olunmuş silsilə tədbirləri həyata keçirməyi planlaşdırır. “XXI əsr” liseyində, 1, 99 və 265 saylı şəhər orta məktəblərində, eləcə də  incəsənət  məktəbində (1 saylı filial) keçiriləcək tədbirlərdə qanlı hadisəyə həsr olunmuş kompozisiyalar göstəriləcək.
***
Ənənəvi tədbirlərə Nəriman Nərimanovun xatirə muzeyi də qoşulacaq.
Muzeyin direktoru Kəmalə xanım Hüseynovadan aldığımız məlumata görə,  faciə qurbanları  muzeydə də anılacaq. Bu münasibətlə 134 saylı şəhər orta məktəbinin 8 "a" sinif şagirdləri bədii kompozisiyalar hazırlayıblar.
***
A.Şaiqin mənzil-muzeyindən verilən məlumata görə, hər il olduğu kimi bu il də 20 Yanvar faciəsi xatırlanacaq, qətliamı əks etdirən fotosərgi nümayiş olunacaq. Muzeyin yaxınlığında olan məktəblərdə birgə silsilə tədbirlər keçiriləcək.
***
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində də xalqımızın tarixinin bu qanlı günü qeyd olunacaq. Bu münasibətlə təşkil olunacaq sərgidə Əyyub Məmmədovun və İlqar Əkbərovun 20 Yanvar faciəsinə həsr olunmuş rəsm əsərləri nümayiş etdiriləcək. 17-19 yanvar tarixlərində də anım mərasimləri keçiriləcək.
Yanvarın 19-da Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən Hazırlanma İnstitutunda Əlmirzə Musayev, Ceyhun Qurbanzadə və Ezam Şıxəliyevin  rəngkarlıq nümunələri sərgilənəcək. Tədbirdə muzeyin direktor müavini Elmira Qasımova, Jurnalistlər Birliyinin sədr müavini Valid Sənani, Fotoqraflar Birliyinin üzvləri, eləcə də  şəhid ailəsi Şövkət Məmmədova faciə haqqında xatirələrini danışacaqlar.
Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Teymur Məmmədov 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirəcək.
***
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində də şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunacaq. Burada məktəblilərin, Gənc Turistlər, Diyarşünaslıq mərkəzinin köməkliyi və iştirakı ilə 20 Yanvar faciəsinə aid səhnələr göstəriləcək, vətənpərvərlik mövzularında musiqi parçaları səsləndiriləcək.
***
Yanvarın 19-da Əbilov adına Mədəniyyət Mərkəzi Mədəniyyət işçilərinin Respublika Hazırlıq və İxtisasartırma kursunda 20 Yanvar faciəsi ilə əlaqədar olaraq tədbir keçiriləcək. Mərkəzin nəzdində fəaliyyət göstərən "Vurğun" poeziya teatrı musiqili əbədi-bədii kompozisiya göstərəcək. Tədbirdə M.Araz, B.Vahabzadə və X.Rzanın 20 Yanvar faciəsinə həsr olunmuş şeirləri səsləndiriləcək.

FƏrahim