İsti iyul günlərindən biri idi. Yol-iriz ev əşyaları yüklənmiş maşınlarla, traktorlarla ekskavatorların çömçəsində oturub belə qaçan adamlarla dolu idi. Toz-duman hər tərəfi bürümüşdü. Mal-qaralarını, qoyun-quzularını qabaqlarına qatıb çomaqlarını çiyinlərinə aşıran adamlar yornuqdan ayaq üstə güclə dayanırdılar. Artıq yurd-yuvaları viran olmuş bu insanların çöhrələri solub-saralmışdı. Hələ də topların, qrad qurğularının səsindən qulaq tutulurdu. Qara xəbər yel olub Bakıya çatanda muğam ustası Vahid Abdullayevin rəngi ağardı, ürəyi nanə yarpağı kimi əsdi, özünü saxlaya bilməyib yerə çökdü. Uşaqlığı, gəncliyi keçən Ağdamın xalı tək döşənmiş çölləri, çiçəkləri dəniz tək dalğalanan dərələri, zəncir tək bir-birinə hörülmüş dağları gözləri önünə gəldi. Ağlar səslə: Allahım, belə də gözəlliyə qıymaq olarmı? Ata ocağım söndümü - deyərək inlədi.

Vahid Abdullayev özünü Bakıdan ata yurduna çatdıranda qohum-əqrəba kədər içindəydi. Ağdam kəndinin çoxu yağı əlinə keçmişdi. Doğulduğu yurd suyu sovulmuş dəyirmana bənzəyirdi. O, asta addımlarla bir vaxtlar dirmaşıb budaq-budaq gəzdiyi iri gövdəli tut ağacına yaxınlaşdı. Ağacın gövdəsini sığallaya-sığallaya kədərli, adamı göyüm-göyüm göynədən yanıqlı səslə «Qarabağ şikəstəsi»ni oxudu. Oxuduqca mirvari kimi göz yaşları yanaqları aşağı yuvarlanırdı. O gündən Vahidin üzündən təbəssüm silindi. Qəmə, qüssəyə büründü. Sanki qanadı qırılmış quşa döndü. Evlərinin qapısını açmadı. Evə fikri dağınıq döndü. Baxışlarını bir nöqtəyə zilləyib, baxdıqca-baxırdı. Gah da həyət-bacada o baş, bu başa gəzir, əlini ürəyinin üstünə qoyurdu.

Çovğunlu bir yanvar günündə Vahidi soyuq bir tər basdı. Dağ-daşı yandıran səsiylə «Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ» deyə-deyə son nəfəsini tapşırdı. O andan Kamilə xanımın əli-ayağı yerdən üzüldü. Vahidin əmanətləri olan dörd bapbalaca fidan balaları ilə baş-başa qaldı. Bir gecədə saçlarına dağların qarı ələndi. Ömür-gün yoldaşından səsi titrəyə-titrəyə danışır: - Vahidi Qarabağ dərdi apardı. Son nəfəsində də «Qarabağ» deyirdi. Əlləri əlimdəcə can verdi. Hələ də əllərinin istisi əlimdə qalıb. Elə məni həyata bağlayan da bumbuz divarların içindəki o əllərin istiliyi, hərarətidir. Tez-tez yuxularıma gəlir, uşaqları tapşırır. Validdən, Leyladan, Nazıbəyimdən, Ayxandan «muğayat ol» deyir.

«Qızlara yaman soyuqdu, üstlərini ört» deyir. Hövlnak yuxudan ayılıram ki, qızlarımın üstündən yorğan sürüşüb düşüb. Eh, yaxşı ki, sonu bitib-tükənməyən xoş xatirələr var imiş. Ömrümün o qayğısız tələbəlik illərini xatırladıqca, təskinlik, rahatlıq tapıram. Axı o xoşbəxt illərimin bəzəyi olan Vahidim də var. Sonra bu sənətə gəlməyindən danışır. Atam Sultan suçu idi. Bir gün böyük sənətkar Şövkət xanım Ələkbərova Xocavənd rayonuna gəlib kənd zəhmətkeşləri qarşısında konsert verir, atam isə onu evimizə qonaq çağırır. Mənim isə bunlardan xəbərim yox idi. Zümzümə edə-edə həyətimizdəki gülləri suvarırdım. Birdən böyrümdə yarlı-yaraşıqlı ənlikli-kirşanlı, ağappaq bir qadının dayandığını gördüm. Dırnaqlarına açıq çəhrayı manikür çəkmişdi. O, əlini çiynimə qoyub, «qızım, o mahnını bir də oxu» deyəndə səksəndim.

Utandığımdan qaçıb gizlənmək istədim. Mənim utandığımı görən xanım «onda hansı mahnını istəyirsən, oxu» dedi. Sən demə, bu böyük sənətkar Şövkət xanım imiş. Mən o vaxtlar ən çox oxunan «Azərbaycan maralı» mahnısını oxudum. Şövkət xanım qaşlarını çatıb «sənin nə gözəl səsin var, belə xəzinəni gizlətmək olar?» deyə təəccübləndi. Onda kənd yerlərində qız uşaqlarını Bakıya musiqi məktəblərinə oxumağa getməyə qoymurdular. Gözləmədiyim halda atam qətiyyətlə «mən qızıma inanıram, qoy gedib oxusun» söylədi. O gün mənim tələbəlik dünyamın başlanğıcı oldu. Asəf Zeynallı adına musiqi məktəbinə qəbul olundum. Bu böyük sənətkardan da muğamın sirlərini öyrəndim. Tələbəlik illərimdə çox böyük sənətkarlardan dərs aldım ki, onlardan biri də Vahid müəllim idi. O, çox ciddi və tələbkar idi. Səliqəli geyimi, məftunedici baxışları vardı. Qızlar onu heyranlıqla, oğrun-oğrun süzürdülər. Onun dərsini səbirsizliklə gözləyərdim. Sən demə, o bu qızların içində məni seçibmiş. Amma o sirrini elə pünhan saxlamağı bacarmışdı; müəllim-tələbə səddini keçməmişdi.

Bir isti iyul günündə Vahid müəllimin ata-anası qapımıza elçi gəldi.
Elə qora bişirən isti yay günündə də Vahid canı kimi sevdiyi Ağdamı itirdi. Aramızda xeyli yaş fərqi var idi. Amma evliliyimizin ərzində bunu hiss etmədim, o uşaqla uşaq, böyüklə böyük kimi rəftar edirdi. Həddindən artıq ailəcanlı, həssas qəlbi var idi. Evliliyimizin ilk günlərində çamadanından qalaq-qalaq dərs dediyi qızların sevgi məktublarını tapdım. Bir kəlmə də olsun bu barədə ona heç nə demədim. Onun da, mənim də bacı-qardaşlarımız çox idi. Biz böyük bir ailə olduq, onların qayğısına qaldıq. Vahid qardaşlarını evləndirib, bacılarını gəlin köçürdü. O həmişə sənətə gəlməyindən danışanda «sağ olsun kənd camaatı, onlar olmasaydı, oxuyan olmazdım. Məni həvəsləndrib, qol-qanad verərdilər» deyirdi.

Vahid Abdullayev 1948-ci ildə Ağdamın Zəngişanlı kəndində anadan olub. Uşaq vaxtı saatlarla evlərindəki patefonda Cabbarın, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin, Əbülfət Əliyevin səsinə qulaq asarmış. Sonra isə sınıq-salxaq velosipedini minib tozlu-torpaqlı kənd yollarını oxuya-oxuya sürərmiş. Qohum-əqrəba onun boyunu sevər, qoynuna saçaqlı konfetlər doldurarmış, o isə bu konfetləri gətirib anasının ətəyinə töküb «səndən ayrı bir tikə də boğazımdan ötməz» - deyərmiş. Oxumaq eşqi onu 1964-cü ildə Bakıya gətirir. Əbilov adına Mədəniyyət sarayında bədii özfəaliyyət dərnəyinə üzv olur. “Rast”ı, “Segah”ı, “Bayatı-şiraz”ı ustalıqla, sevə-sevə ifa edir. 1971-ci ildə Vahid Abdullayev sənədlərini Asəf Zeynallı adına Musiqi Məktəbinə verir. Muğam ustası Nəriman Əliyevin tələbəsi olur. 1975-ci ildə oranı bitirib bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovun təklifi ilə həmin məktəbdə muğam müəllimi işləyir. O, qastrol səfərlərinə gedəndə uşaqları bağrına basıb öpərdi.

1990-cı ildə Vahid Abdullayev Türkiyədə keçirilən xalq mahnıları festivalında iştirak edərək fəxri fərmana, xatirə medalına layiq görülmüşdür. 1991-ci ildə isə Fransada, 1994-cü ildə İranda, 1998-ci ildə İsraildə və bir çox ölkələrdə rəngarəng çıxışları ilə tamaşaçıların qəlblərini ovsunlamışdı. O deyirdi ki, bir dəfə əcnəbilərdən biri mənə yaxınlaşıb boğazıma baxdı və soruşdu: boğazında nə var ki? O, ümidverici tələbələr yetişdirdiyi üçün Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. «Mükafatım Vətəndir» deyərdi.

Kamilə xanım fikrə dalır. «Eh, gecələr yaman uzun olur, yerimə qor dolur, tavan sanki başıma enir. Vahid öz əlləri ilə həyətdə çiçəklər əkmişdi. And olsun Allaha, o dünyadan köçəndən sonra o güllərə nə qədər qulluq etsəm də, hamısı quruyub xəzan oldu. Görürsən, qapqara çöplərini belə çıxardıb atmağa ürəyim gəlmir. Axı o güllərin hər budağında Vahidin əl izləri qalıb. Sağ olsun Vahidin dostları, məni tənha qoymurlar. Onun işlədiyi Asəf Zeynallı adına Musiqi Məktəbində dərs deyirəm. Gənclərə muğamın sirlərini öyrədirəm. Heyif ki, Qarabağdan sonra qarabağlı balaların da Qarabağ boğazı yoxdu. Axı oranın saf havasını udub, dumduru sularını içirdilər.

Vahid Qarabağ boğazının zəngulələrinin vurğunu idi. Onun tələbələrinin çoxu indi xalq artisti, əməkdar artistdilər. Qəndab xanım, Mənsum İbrahimov və başqaları. Kaş Vahid sağ olub tələbələrinin bugünkü nailiyyətlərini görəydi. O həmişə deyərdi ki, mənim tələbələrim vaxt gələcək xalqın sevimlisi olacaqlar, başımı uca edəcəklər. Vahid həmişə toylardan gətirdiyi pullardan imkansız tələbələrinə də ayırardı. Deyərdi ki, onlar bir vaxt gələcək sənətləri ilə vətənimizin başını uca edəcəklər. Belə əl tutduğu tələbələri çox idi. Amma Vahid heç vaxt onların adlarını dilə gətirməzdi. Deyərdi ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Vahidin bacısı Səkinə xanım bizə tez-tez cəlir. «Qardaşımın iyini səndən alıram. Anama-atama demədiyim sirlərimi qardaşıma demişəm. İndi də onları səninlə bölüşürəm» - deyir.

Kamilə xanım söhbətinə davam edir: Kənd camaatı sağ olsun, vəzifə sahiblərindən Vahidin oxuduğu Zəngişanlı kənd orta məktəbinə onun adının verilməsini istəyirlər. Sağ olsun xalqımız, həmişə sənətə qiymət verib. Yayda kəndə gedəndə Vahid gecəyarı keçəndən sonra ata ocağına dönərdi. Hər gün kənd camaatının biri bizi qonaq aparardı. Qarabağ müharibəsində də Vahid tez-tez cəbhə bölgələrinə gedib konsert verib, sovqat aparardı. Övladlarının toyunu görməyi yaman arzulayardı. Amma arzusu gözündə qaldı. Qızım Leylanı bu yaxınlarda gəlin köçürdüm. Onda da yuxuma gəlmişdi. O, qızımın qapqara saçlarını sığallayıb sinəsinə sıxmışdı. Elə sağlığında olduğu kimi. İnanın, hər gecə balalarımla ondan danışıb, ağlayıb yatmışıq. Bircə kəlmə də onun acı sözünü eşitməmişik. Toy günü gözüm yaman axtardı onu. Elə bildim qapı indicə açılacaq, içəri girəcək. Leylanı çırağın başına hərləyib, xeyir-dua verəcək. Özü gəlməsə də, sarayda onun videokaseti yazılmış «Toyun mübarək olsun» səsini eşidəndə diksindim. Elə bildim sağdır. O, əzəmətli səsiylə qızıma xeyir-dua verir. Toyun sonunda «Vağzalı»nın sədaları altında:

Duvağa bürünüb gəlin köçürsən
Ay qızım, sən haldan-hala düşürsən.

- deyib sevinirdi.
Mən də haldan-hala düşürdüm. O gün Vahid əzəmətli səsi ilə, nəfəsilə Leylanın buz bağlamış atasız qəlbini isitdi. Sağ olsun Vahidin dostları, tələbələri. Kamilə xanımı tək qoymadılar. Vahid Abdullayev nə əməkdar, nə də xalq artisti adı almasa da, qəlblərdə, ürəklərdə silinməz bir ad qoyub. Kamilə xanımın qəlbindəki məhəbbət, sevgi məbədi kimi. Özünü ailəsinə fəda etmiş, konsert salonlarında, toylarda gözəl, məlahətli səsiylə heç vaxt, heç zaman oxumayan bu məğrur qadının həyatının ömür-gün yoldaşıyla bağlı xatirələrinin bəzi məqamlarını qələmə aldıq. Kamilə xanımın ən böyük təsəllisi odur ki, Vahid öz bənzərsiz səsi ilə həmişə yaddaşlarda qalacaq. El üçün yaşayanlar unudulmur.
Şair Famil Mehdi demişkən:

Varlığı odlara qalananların,
Ağlamaq haqqı yox,
 gülmək haqqı yox.
Şuşası, Ağdamı talananların
Yaşamaq haqqı yox,
 gülmək haqqı yox.

Səriyyə Müslümqızı,

Yazı «Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi» müsabiqəsinə təqdim edilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar