Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətindən, onun tarixi, milli və mədəni dəyərləri üçün qürur hissi keçirməkdən, doğma vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir.
  
   Vətənpərvərlik hissi insanda uşaqlıqdan tərbiyə edilməli, kiçik yaşlarından aşılanmalıdır. Bu, ailədən başlasa da, sonra uşaq bağçalarında və orta ümumtəhsil məktəblərində paralel şəkildə davam və inkişaf etdirilir. Orta məktəblərdə keçirilən ədəbi və mədəni tədbirlər uşaq psixologiyasına daha çox və tez təsir göstərir. Ədiblərimizin vətənin tərənnümü və vətənpərvərlik ruhunda yazdığı şeirlərinin müsabiqəsini təşkil etmək, nəsr əsərlərindən tamaşalar səhnələşdirmək, vətənə sədaqət, onun maddi və mənəvi dəyərlərini qorumağı təbliğ etmək vətənpərvərlik hisslərinin formalaşdırılmasında əvəzsiz rol oynayır. Keçirilən tədbirlərdə bayramlarımızdakı adət-ənənələrin, xalq dramları və oyunlarının təşkil olunması və göstərilməsi uşaqkən məktəblilərə aşılanır və onların milli ruhda tərbiyə olunmasına təkan verir.
   İndiki tarixi mərhələdə Azərbaycan gənclərində vətənpərvərlik hisslərinin formalaşması Azərbaycan üçün milli demokratik dövlət quruculuğu ilə sıx bağlılıqda olmalıdır. Vətənə məhəbbət hər şeydən əvvəl dövlət quruculuğunda fəal iştirakda ifadə olunmalıdır. Doğma yurda sədaqət hər şeydən əvvəl mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Vətənin maraqlarını qorumaq istəyi müstəqilliyi və ərazi bütövlüyünü, millətin maddi və mənəvi dəyərlərini qorumaq kimi başa düşülməlidir. Bütün bunların mənəvi-əxlaqi stimullaşdırıcısı isə vətənin keçmişi və indiki tarixi haqqında obyektiv biliklərə əsaslanan qürur hissi olmalıdır.
   Xalqımızın mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarix və mədəniyyət abidələrinə doğma münasibət öncə vətənə məhəbbətin təcəssümüdür. Məhz buna görə də vətənimizin keçmişinin şahidi olan tarixi abidələrə hörmət bəsləmək, xalqımızın tarixində milli qürur hissi yaradan, mərdlik simvoluna çevrilən tarixi qalaların əhəmiyyətini dərk etmək, tarixi qəhrəmanların döyüş yolunu öyrənmək, onların vətən haqqında ibrətamiz kəlamlarını qavrayıb dərk etmək insanda vətənpərvərlik hissinin dərin iz buraxmasında müstəsna rol oynayır. Xalqımızın qədim dastanlarından olan və təqribən 1300 il bundan əvvəl meydana gəlmiş “Kitabi-Dədə Qorqud” dastanında yadellilərin vətənə hücumu, onun talan edilməsi və xalqın öz yurdunu yadellilərdən təmizləməsi təsvir edilir. Bu dastanın bütün boyları başdan-başa vətənpərvərlik hissinin tərənnümündən ibarətdir. “Koroğlu”, “Şah İsmayıl”, “Qaçaq Nəbi” kimi xalq dastanlarında azadlıq mübarizəsində vətənpərvərlik duyğuları əsas yer tutur.
    Ədəbi mühitdə də vətənpərvərlik mövzusuna həssaslıqla yanaşılmış, nəinki təbliğat aparılmış, hətta bu yöndə mübarizəyə qoşulmuş və əməli fəaliyyət də göstərmişlər. M.F.Axundovun, H. Zərdabinin, S.Ə.Şirvaninin vətənpərvərliyi mücərrəd vətənpərvərlik olmayıb, əməli işlə bağlı olan konkret vətənpərvərlik olmuşdur. M. F. Axundov yeni əlifbanın qəbul edilməsi uğrunda onillərlə mübarizə apararkən, H.Zərdabi ehtiyac içərisində yaşadığı halda, Azərbaycan dilində qəzet nəşr edərkən və ya S. Ə. Şirvani pulsuz məktəb açarkən yalnız vətənini, xalqın mənafeyini düşünmüşlər.
   Həqiqətən də, bugünkü Azərbaycanın ictimai inkişafının durumu elə vəziyyətdədir ki, hazırkı dünyagörüşümüzü vətən anlayışı, vətənə sevgi və məhəbbət hissi olmadan təsəvvür etmək, sadəcə, mümkün deyildir. Çətinliklərlə üz-üzə qalan xalqımız milli dirçəlişə, siyasi həyatının dönüşlü mərhələsində, milli yetkinlik çağında labüd olaraq vətənpərvərlik şüurunun saflaşdırılmasına dərin ehtiyac duyur. Belə bir sosial tələbatın bu gün ön plana çəkilməsini təsadüfi hesab etmək düzgün olmazdı. Uzun illər boyu totalitar rejim şəraitində ideoloji təbliğatın aparıcı istiqaməti SSRİ-ni bu ərazidə yaşayan bütün xalqlar və millətlər üçün yeganə vətən kimi təbliğ etmək olmuşdur. Hər bir millətin özünəməxsus xüsusiyyətləri tam nəzərə alınmır, əsasən sosializm dəyərlərinə üstünlük verilirdi. Belə ağır və ziddiyyətli münasibətin mahiyyəti bunda idi ki, xalqımız əsl vətənpərvərliyin formalaşması üçün ümdə şərtlər olan milli qürur hissi və ləyaqətini, tarixi yaddaşını, milli adət və ənənələrini qoruyub saxlaya bilmək naminə güclü müqaviməti dəf etməli olurdu. Lakin tarixin sonrakı axarı göstərdi ki, nəsildən-nəslə keçərək əsrlər boyu yaranmış, inkişaf etmiş və ən dərin hiss və duyğuya çevrilmiş Azərbaycan xalqının bu nəcib vətənpərvərlik hissi güclü müqaviməti dəf etməyi bacarır və öz azadlığına, müstəqilliyinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaqda israrlıdır.
   Müasir gənclərimizdə vətənpərvərlik keyfiyyətlərini formalaşdırmaq üçün siyasi və ictimai tərbiyə işinin effektliliyini artırmaq, onların dünyagörüşünü inkişaf etdirmək, özünütərbiyəsinə diqqəti artırmaq, sosial əhəmiyyət kəsb edən ideyaların, normaların və prinsiplərin mənimsənilməsinə yönəldilmiş fəallığı stimullaşdırmaq vacib milli-psixoloji problemdir.
   Beləliklə, milli-mənəvi dəyərlərə bağlılıq insanda ilk vaxtlarda vətənpərvərlik hisslərini gücləndirir və sonrakı mərhələlərdə insanın əsl vətəndaş olmasında birbaşa rol oynayır.
  
   Alim Qasımov,
   Elmi-Metodiki Mərkəzin
   Mədəni irs şöbəsinin əməkdaşı