Otaq yarıqaranlıq idi, pəncərədən süzülən işıq pianonun arxasında əyləşmiş qadının çöhrəsindəki nuraniliyi bir az da artırmışdı. “Azad bir quşdum” nəğməsinin əks-sədası divarlarda asılmış ağ-qara şəkillərin üzərində dolaşırdı. Bu nəğmənin özü də ağ-qara idi - onun neqativini sanki XX əsrin əvvələrində neft və inqilablar şəhəri Bakının xəzrisi, gilavarı, əyri-üyrü küçələrinin qaranlığında itən fayton səsləri, xatirələrdən ağırlaşıb dənizə dirsəklənən şəhərin yorğunluğu və uğuldayan zamanın izində öz pıçıltılarını eşitməyən insanların kədəri, nisgili ilə yuyub-aydınlaşdırmışdılar. Onun pozitivi isə bu evdir - pianoda acı nəğməni dilləndirən qadının ata yadigarı. Çünki o, gözünü bu təlatümlü şəhərə və zamana açanda bu ev təzəcə tikilib başa çatmışdı. O gün 1930-cu ilin bir soyuq qış günü idi. Hardasa bu evin bir tərəfindənsə indi də elə bil bir səs eşidilir: “Cəfər, muştuluğumu ver, qızın oldu”.
   
   Hər əyləncəm bir yas oldu, göz yaşımda boğuldum
   
   Bu qız evdə sonbeşik idi. Təxminən təsəvvür etmək olar ki, Cəfər Cabbarlının ailəsində doğulmaq və sonbeşik olmaq nə deməkdir. Bu ailənin taleyinə XX əsrin ləpədöyənində yaşayıb, acı ruzigarların nəfəsini duymaq yazılmışdı. Çünki C. Cabbarlının adı yaşadığı ölkənin adı boyda idi - zamanın bütün ziddiyyətləri yazdığı və səhnəyə çıxartdığı əsərlərdə düyünlənib-açılırdı. Cabbarlı yeni zamanın açdığı ideoloji mötərizələrin içinə sığmırdı. Bunun ağrılı əks-sədası isə ona və ailəsinə gəlib çatırdı. Təbii ki, balaca Gülarə bunlardan xəbərsiz idi, dünyanın acı reallığı onun üçün şirin nağıldan başqa bir şey deyildi. Böyük bir zamanın keçməsi lazım idi ki, Moskvadan, Kazandan yazdığı məktublarda atasının övlad məhəbbəti ilə dolu sözlərini oxuyub kövrəlsin. İnsan ayrılıq saatının hansı dəqiqədən başlayacağını bilmir. Onun 4 yaşı vardı bu saatın əqrəbi dayananda. Dostlarından və düşmənlərindən uzaqlaşan Cəfər indi ancaq balaca Gülarənin yuxularına gələ bilərdi. Bəlkə də o, C.Cabbarlı ucalığından, şan-şöhrətindən daha çox atasının yanında olmasını və heç olmasa, bircə dəfə saçını sığallamasını istəyərdi. Hətta orta məktəbdə “Cabbarlının qızıdır” sözünü eşidəndə də, müəllimlərin rəğbət dolu baxışlarını görəndə də bu hiss onu tərk etmirdi. Müdriklərdən kimsə deyib ki, atam həyatının davamını mənə yadigar qoyub gedib. Üstəlik, C.Cabbarlı Gülarə xanıma dünya boyda bir şöhrət qoyub getmişdi. Elə onunla bacarmaq balaca Gülarə üçün çox çətin idi. Onun hər addımı, hər sözü cəmiyyətin diqqətində idi. Hətta bir dəfə ədəbiyyat müəllimi ehmalca ona demişdi: Sən Cabbarlının qızısan, hamıdan yaxşı yazmalısan. Bu sözlərin dərinliyinə enmək üçün vaxt lazım idi. O vaxt ki, indi muzey divarları arasında çıqqıldayan saatın səsinə bənzəmirdi. O vaxt başqa vaxt idi.
   
   Bən bir güldüm, açılmadan budağımdan dərdilər...
   
   Bağda qış yuxusuna getmiş ağacların çılpaq budaqlarını külək yelləyirdi. C.Cabbarlının nəvəsi Qəmər xanım masanın üstündəki büllur stəkanlara çay süzərək təbəssümlə deyir: Fikir vermişəm, anam özü ilə tək qalanda bu nəğmə bir az başqa cür səslənir, yəqin bu nəğmənin ruhu belədir.
   - Bir nakamlıq var bu nəğmədə, - deyirəm, ümumiyyətlə, C.Cabbarlının bütün şeirlərində, nəğmələrində bu nakamlıq var. Elə bu sözləri deyə-deyə yaddaşımda C.Cabbarlının başqa bir şeiri canlanır. Elə bilirəm ki, pəncərədən görünən qış bağçasında tənha bir adam dayanıb, çılpaq ağaclara baxır. Bəlkə bu, Cabbarlının özüdür.
   
   Bən bir güldüm, açılmadan budağımdan dərdilər
   Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər.
   Çox çəkmədən yazıq soldum, torpaqlara sərdilər,
   İştə budur təbiətin sarsılmayan dövranı.

   
   Gülarə xanım piano arxasından qalxıb çay masasına yaxınlaşır, mənimlə qızı Qəmərin söhbətinə qoşulur:
   - Atam bütün nəğmələrini bu pianoda bəstələyib. Anam deyirdi ki, Cəfər bəzən zümzümə edə-edə, yaxud da astadan fit çala-çala otaqları gəzərdi. Ondan soruşanda cavab verərdi ki, təzə pyesi üçün nəğmə bəstələyir.
   Bir anlığa pianonun üstündəki ağ-qara şəkil diqqətimi çəkir- auditoriya qarşısında pianoda hansısa musiqini səsləndirən gənc Gülarə xanımı görürəm. Görəsən, neçənci ilin fotosudu?- fikrimdən keçir. Elə bil Gülarə xanım düşündüklərimi göydə oxuyur.
   - 50-ci illərin əvvəllərində çəkilib bu şəkil. O vaxt universitetdə oxuyurdum.
   Bir anlığa gözümün qabağına 50-ci illərin Bakısı gəlir. Dünyanı silkələyən və insan mənzərələrinə yeni çalarlar gətirən müharibədən sonrakı illlər... Qələbə bir ruh coşqunluğu, bir nikbinlik gətirmişdi. Bir ümidli gələcək işarırdı qarşıda.
   
   Bir gül kimi şənlənəydim, sabah yeli əsəndə...
   
   1953-cü ildə Gülarə xanım universitetin filologiya fakültəsini bitirir. Ən çox sevdiyi yaşıl rəng o ilin yazında ömrünə yeni bir çiçək seli gətirir. Yaşıl qığılcımların arxasında anası Sona xanımın danışdığı bir xatirə var. O deyirdi ki, Cəfərin teatrda pyeslərinin oynandığı gur vaxtlar idi. Gecələr o teatrdan qayıdanda kim isə onu qarabaqara izləyirmiş. Cəfər bunu bir xeyli gizlədəndən sonra yaxın qohumu Şəmsəddinə açıb deyir. Məlum olur ki, bu adam Bakıda məşhur olan oğrubaşı Lüt Kərim imiş. O, Cəfəri xata-baladan qorumaq üçün gizli şəkildə arxasınca gəzirmiş. Gənc Gülarə üçün bu sirli və şirin bir əhvalat idi. Ətrafdakılar ona atasının təkcə böyük ədib yox, həm də kasıb-kusuba əl tutan səxavətli mərd xasiyyətli bir insan olduğu haqqında çox danışırdılar. İndi isə atası ilə bağlı xatirələri qorumaq üçün çox insanlar vardır. Gülarə xanım bu insanların diqqətində olduğunu daim hiss edirdi. Amma bir dəfə o, həyat adlı kətanın üzərində fərqli rənglərlə çəkilmiş tamam başqa bir diqqətin işığına dğşdü.
   Bir gün anası Sona xanım ona dedi:
   - Ay qızım, Seyfəddini tanıyırsan, yaxın qohumumuzdur. Onun sənə nəsə deyiləsi bir sözü var.
   O söz, o gün şəhərin Bakı Soveti deyilən yerdən köhnə Zevin küçəsinə, sonra ordan da Dənizkənarı parka endi və lap sonda yaşıl qığılcım kimi göründü. Elə həmin gün, ilk görüşdəcə Seyfəddin gənc Gülarədən birbaşa soruşdu:
   -Mənə gələrsənmi?
   -Anam bilər,- demək olar ki, bu, cavabla razılığın arasında çırpınan bir söz idi.
   1953-cü ildə toy edəndən sonra onlar Moskvaya yollandılar. Çünki onda Seyfəddin Hərbi-Siyasi Akademiyanın tələbəsi idi. İndi ailə albomundan bu iki xoşbəxt gəncin şəkilləri boylanır. Sonra da onlara ailə səadəti bəxş edən övladlar- Bəhlul, Altay, Qəmər. C. Cabbarlının nəvələri, Seyfəddin Dağlının uşaqları. Bir də kitab rəfindəki sırada S. Dağlının C. Cabbarlıya həsr olunmuş “Baharın oğlu” kitabı. O kitab bu ev-muzeyinə bəlkə də kiçik bir müqəddimədir.
   
   Bən istərdim bülbül kimi dolaşaydım çəməndə...
   
   Gülarə xanım bir anlığa elə bil yaddaşının dərinliyində gizlənmiş fraqmentləri bir-birilə əlaqələndirmək istəyir. Uzun zaman anası Sona xanımın direktoru olduğu teatr muzeyində elmi işçi kimi çalışdığı illəri sonradan 1979-cu ildə ölkə rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış C. Cabbarlının ev-muzeyindəki fəaliyyətini, 1982-ci ildə Bakıda C. Cabbarlının əzəmətli heykəlinin açılışını yada salır. Gözünün qarşısından sanki o illər kino lenti kimi gəlib keçir.
   Gecə-gündüz ayrılmadığı bu muzey zamanın ən nəhəng simalarını görüb. İndi bu iki ziyalı qadınla vaxtın sərhədlərinə sığmayan o nəhəngləri xatırlayırıq. Küçədə XXI əsrin soyuq qış günüdür. C. Cabbarlı da ötən yüzilliyin belə soyuq bir qış gecəsi dünyasını dəyişib. Ondan bizə qalanlar isə ədəbiyyatımızın bahar fəslidir. Danışmağa, söyləməyə çox söz var. Fikirləşdim ki, onsuz da bütün gördüklərimi, düşündüklərimi Gülarə xanımın taleyi və danışdıqları bir qəzet səhifəsinə sığası deyil. Ona görə də qeyd dəftərçəmi bağlayıb ayağa qalxıram. Həyətdəki, bir vaxtlar C. Cabbarlının öz əli ilə əkdiyi tut ağacının yanında bir anlıq ayaq saxlayıram:
   -Adam burda bir qəlb rahatlığı hiss edir.
   Qəmər xanımın üzündə işıqlı bir təbəssüm göründü:
   -Bu sözü təkcə siz demirsiniz, bura gələnlərin çoxundan eşitmişəm.
   
   Vəli SƏyyadi
 
  
   P.S. Bu gün Gülarə xanım Cabbarlının doğum günüdür. “Mədəniyyət” qəzetinin kollektivi bu münasibətlə böyük dramaturqumuzun xanım-xatın yadigarını təbrik edir, ona cansağlığı və bahar təravəti arzulayır.