Zülmət gecənin qanlı olayı
  
   “Xalqımızın qəhrəman oğulları, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda şəhid olublar. Onlar qəhrəmanlıq zirvəsinə ucalıblar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsi heç vaxt , heç zaman yaddan çıxmayacaq. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin doğma torpağına, millətinə Vətən sədaqətliliyi nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələrinin Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməyən təzahürüdür. Bütün bunlara görə də Xocalı soyqırımını millətimiz heç zaman unutmayacaq”.
  
   Heydər Əliyev
  
  
   Min doqquz yüz doxsan ikinci ilin fevral ayının iyirmi beşindən iyiri altısına keçən gecə XX əsrin Xatın, Xirosima, Naqasaki və sairə kimi qanlı faciələri sırasına Xocalı adlı daha bir soyqırım da əlavə olundu. Həmin gecə dünyanı sarsıdan qanlı bir tarix yazıldı. Sovet ordusunun 366-cı alayı Seyran Ohanyanın rəhbərliyi altında müdafiəsiz Xocalı şəhərinə hücum edildi. O zaman 613 nəfər dinc sakin qətlə yetirildi. Onlardan 106 nəfəri qadın, 59 nəfəri uşaq və yeniyetmə, 70 nəfəri ahıl-ixtiyar qoca olmuşdu. Eyni zamanda səkkiz ailə tamam məhv edilir. İyirmi beş uşaq hər iki ailə başçısını, iki yüz otuz nəfər isə ailə başçısından birini itirir. Dörd yüz səksən yeddi nəfər əlil , min iki yüz yetmiş beş nəfər isə əsir düşür...
   Yaxşı yadımdadı, Xocalı faciəsindən bir neçə ay sonra Respublika Ali Soveti tərəfindən Deputat - İstintaq Komissiyası yaradıldı. Çoxları elə bildi ki, dövrün mötəbər qurumu qaranlıq məsələlərə aydınlıq gətirəcək. Ancaq komissiyanın gəldiyi nəticə elə kağız üzərində qaldı. Müqəssirlər məsuliyyətə cəlb olunmadı...…
   Faciə haqda deputat-istintaq komissiyasının məlumatı həyatı və hüququ baxımdan həqiqətə uyğun idi. Belə ki, faciə baş verməzdən əvvəl Qarabağ od tutub yanırdı. Atəş səsləri səngimirdi. Torpaq, Vətən uğrunda şəhid olanların sayı günbəgün artırdı. Ermənistanın işğalçı ordusu isə heç bir müqavimətə rast gəlmədən sovet ordusuna arxalanaraq irəliləyirdi. Qarabağın Həsənli, Malıbəyli,Cəmilli və başqa kəndləri od tutub yanır, əhalisi baş götürüb doğma ata-baba yurdlarından qaçırdılar. Respublika rəhbərliyi isə bunlara biganə və laqeyd qalırdı.
   Bəzən erməni quldurlarını faşistlərlə eyniləşdirirlər. Ancaq faşizmin ən qəddar nümayəndələri belə, bu bədnam millətin törətdiyi vəhşilikləri etməmişdilər. Məlumdur ki, alman faşizmi işğal etdikləri ölkələrin tarixi memarlıq abidələrini dağıtmamışdılar. Azğın erməni quldurları isə Xocalıda insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş və adamları diri-diri torpağa basdırmışdılar. Bu tarixdə görünməmiş bir faciə və çox ağır cinayət idi. O vaxt hadisə yerində olub faciəni ilk dəfə qələmə alan və qar üstündə səssizcə “uyuyan” qanlı cəsədləri lentə köçürən fransız jurnalisti Janiv Yunet yazır: “Biz Xocalı faciəsinin şahidi olduq. Yüzlərlə cəsəd gördük. Bunların içində qadınlar, uşaqlar, qocalar və şəhərin müdafiəçiləri var idi. Sərəncamımıza vertolyot verilmişdi. Gördüklərimizi göydən kamera ilə çəkirdik.. O zaman ermənilər vertolyota atəş açdılar. Biz çəkilişi yarımçıq buraxaraq geri qayıtmaq məcburiyyətində qaldıq. Mən müharibə haqqında çox şey eşitmişdim. Alman faşizminin qəddarlığı haqqında oxumuşdum. Ancaq ermənilərin 5-6 yaşında uşaqları öldürərkən etdikləri vəhşiliklər faşistləri belə kölgədə qoyurdu. Biz xəstəxanada və məktəblərdə çoxlu yaralı gördük”. Ermənilər dünya ictimaiyyətinə həmin hadisələri guya azərbaycanlıların özləri tərəfindən törədildiyi barədə yalan rəy formalaşdırmağa cəhd göstərdilər. Lakin dünya ictimaiyyəti bu cür uydurmalara inanmadı. Erməni mənşəli avropalı jurnalist öz vəhşi soydaşlarının Xocalıda törətdikləri soyqırım haqqında hələ o vaxt yazırdı: “Ermənilər Xocalıda öldürdükləri 100 nəfəri yan-yana düzərək körpü qurdular. Mən bu körpüdən, cəsədlərin üstündən keçərkən ayağımı körpə bir uşağın sinəsinə basanda elə titrədim ki, qələmim , bloknotum yerə düşərək qana bulaşdı. Erməni qatillərinin bu ağlasığmaz cinayətləri önündə özümü tamam itirdim, bədənim tir-tir əsdi”.
   Onu da yada salaq ki, 9 dekabr 1948-ci il tarixdə, 260 saylı qətnamə ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiyanın müəllifi BMT-də bu soyqırıma laqeyd qaldı. Bu faciəyə ulu öndər hakimiyyətə gələndən sonra ölkə daxilində siyasi qiymət verildi. Məhz ümummilli liderimiz Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il həmin gün 17.00-da respublikamızın ərazisində, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilməsi qərara alındı. Bu mühüm sənəddə Azərbaycan tarixində ilk dəfə olaraq yurddaşlarımıza qarşı törədilmiş kütləvi qırğınların rəsmi adı çəkildi, xalqımıza qarşı törədilmiş etnik düşmənçilik siyasətinin kökü açıqlandı. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra, o vaxt Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyev ermənilərin XIX əsrin əvvəllərindən XX əsrin sonlarınadək xalqımızın başına gətirdiyi ağlasığmaz müsibətlər və Xocalı soyqırımı haqqındakı həqiqətləri Avropa ölkələri parlamentlərinə çatdırdı.…
   Bu günə qədər Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlət tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, digər şəhər və rayon mərkəzlərində, həmçinin xarici ölkələrdə diasporlarımızın maddi və mənəvi dəstəyi ilə Xocalı qurbanlarına abidələr ucaldılmış , xarici dillərdə kitablar dərc edilmişdir. Bu faciə haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
   Əminik ki, ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi sayəsində yaxın gələcəkdə Xocalı faciəsi öz beynəlxalq hüquqi-siyasi qiymətini alacaq.Onun təşkilatçıları , ideoloqları və icraçıları tarixin ədalət məhkəməsindən heç cür yaxa qurtara bilməyəcəklər.…
  
   Savalan FƏRƏCOV