Uşaqlıqda nənəsi: «Hər kəsin taleyi alnına yazılır. Alın yazısından qaçmaq olmaz» -deyərdi ona. O zaman bu fikirlə razılaşmazdı Ağamalı. İsrarla «Mən öz taleyimi özüm yazacağam» - deyərdi. Elə belə də oldu. Amma öz taleyini qanıyla yazdı Ağamalı.
   
   Qurbanov Ağamalı Emin oğlu 20 yanvar 1964-cü ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olmuşdu. Orta məktəbi doğma kəndlərində bitirdikdən sonra hərbi xidmətə getmiş, 1982-84-cü illərdə sovet ordusu sıralarında hərbi xidmətini ləyaqətlə başa vurmuşdu. Onda hələ 20 Yanvar - Ağamalının ad günü azərbaycanlıların qətl gününə çevrilməmişdi.
   Ağamalı 1985-ci ildə Bakı Broyler Quşçuluq Fabrikində çilingər kimi əmək fəaliyyətinə başlamışdı. Həyat yoldaşı ilə də elə orada tanış olmuşdu. Onunla eyni sexdə operator işləyən Zümrüdü sevdi Ağamalı. Tezliklə evləndilər. Qabaqcıl işçi olduqları üçün onlara ailəvi yataqxanada ev də verildi. Xoşbəxt, qayğısız kiçik bir yuvaları vardı. Deyirlər, xoşbəxt o kəsdir ki, səhərlər işə, axşamlar evə tələsir. Bax, beləcə, cüt qumrular kimi onlar səhərlər işə, axşamlar evə tələsirdilər. Günlər çox yüyürək keçdi. Üç övladları oldu. Hələ ki, hər şey gözəl idi həyatda. Gözəl də olacaqdı… müharibə olmasaydı.
   Yenə əsrlərdən bəri ermənilərin başımız üstündə ovxarlı saxladığı xəyanət xəncərindən qan damırdı. Bu qan dama-dama göl olurdu, kəndlərimizi, şəhərlərimizi, rayonlarımızı bürüyürdü. Sərhəd bölgələrindən qara xəbərlər gəlirdi, sərhədlərimiz daraldıqca, şəhid məzarlarının sayı artırdı.
   Zümrüdün dedikləri: «Son günlər əsəbləri sim kimi gərilmişdi. Onu qınamırdım. Qızların, qadınların əlinə silah götürdüyü bir zamanda kənarda qalmaq onu ağrıdırdı. Tez-tez Şəhidlər Xiyabanına gedir, günbəgün artan şəhid məzarlarını ziyarət edirdi. Gecələr yuxusuna girirdi Şəhidlər. O gecə də yuxudan hövlnak oyandı: «Yox, belə olmaz! Sabah gedəcəm hərbi komissarlığa» - dedi və sanki bir az yüngülləşdi.
   Səhər heç nə olmayıbmış kimi «İşə gedirəm, gec gəlsəm, narahat olma» - dedi.
   Məni qınamayın, düzü sevindim ki, nə yaxşı komissarlığa getmək məsələsini unudub. Nə gizlədim, çətin zamanlardı. İşlədiyim Quşçuluq fabriki dayanmaq üzrə idi. Çoxdan bəri tikmək arzusunda olduğumuz evin barısını ikicə kərpic qaldırmışdıq. Uşaqlar lap körpə idilər. Sən demə, sevinməyim hədər imiş. 1993-cü ilin sentyabrında Qaradağ RHK-dan könüllü olaraq cəbhəyə getdi. Xəbəri Murovdan, Ağdamdan, Tərtərdən gəldi... Tabutu isə Yenikənddən. 6 may 1994-cü ildə doğulduğu Ləngəbiz kəndində torpağa qovuşdu.
   Anasının qəlbi bu acıya tab gətirmədi. Ağamalıdan 20 gün sonra dünyasını dəyişdi. Mənimsə ümidlə, dördgözlə gözlədiyim yollar üzümə bağlandı o gün. Ağrılı-acılı, narahat, qayğılı günlərim başladı. Gözlərim gülüşə, ürəyim sevincə, dodaqlarım təbəssümə həsrət qaldı».
   Həmyerliləri şəhidin xatirəsini əbədiləşdirdilər. Bir vaxtlar onun oxuduğu Ləngəbiz kənd orta məktəbi indi Ağamalı Emin oğlu Qurbanovun adını daşıyır. Şəhid ailəsinin mənzil şəraitini yaxşılaşdırdılar.
   Zümrüdün dediklərindən: «Mənzilin açarlarını mənə ulu öndərimiz təqdim elədi. Nurlu, nurani siması, işıqlı təbəssümü bu gün də gözlərimin önündədir. Müdrik baxışları ilə gözlərimdəki kədəri oxudu. İllərdən bəri ilk dəfə belə ürəkdən sevinirdim. Özümü arxayın, arxalı-köməkli hiss edirdim».
   O kədərli, ağrılı-acılı günlərdən illər keçib. Artıq Ağamalının övladları böyüyüb boya-başa çatıblar. Qızı Tünzalə Pedaqoji Kolleci bitirib. Böyük övladları ailəli, kiçik oğlu hərbi xidmətdədir. Üçünün də ən böyük arzusu zaman-zaman minlərlə şəhidin qanı ilə suvarılmış o müqəddəs torpaqları azad görməkdir.
   İllər, qərinələr ötəcək. Ağamalının, onun kimi torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqları heç vaxt unudulmayacaqdır.
   
   Dursun Musayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar