Türk əsgərinin könüllərdə yuvası var...
  
   Tarixdən məlumdur ki, 1918-ci ilin 18 mart-1 aprel tarixlərində Bakıda Azərbaycan türklərinə qarşı erməni-daşnak Şaumyanın rəhbərliyi ilə dəhşətli soyqırım həyata keçirilmişdir. Bu faciələrdə 12 min azərbaycanlı şəhid oldu. O, vaxt Azərbaycanın ağır vəziyyəti barədə İstanbula üzücü xəbərlər gəlirdi, türk qardaşlarımız ciddi narahatlıq keçirirdi. Belə bir vaxtda Ənvər Paşa ögey qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunu qurmaq məqsədi ilə Azərbaycana göndərdi. Azərbaycanlılara qarşı düşmənlərin vəhşilikləri getdikcə şiddətlənirdi. Soydaşlarımız belə bir çətin vaxtda Anadolu türklərinə böyük ümid bəsləyirdilər. Onlar da qardaşlarını darda qoymadılar. Türk ordusu Azərbaycana gəldi. 1918-ci il may ayının 25-də Gəncəyə gələn Nuru Paşanın komandanlığındakı birliklər işğalçılar tərəfindən ələ keçirilən Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını geri qaytardı. Bakıya doğru irəliləyən türk ordusunun ilk həmləsi nəticə vermədi... Onda xalqın çarəsizliyini görən şair Abdulla Şaiq “Niyə belə gecikdin” adlı şerini yazdı:
  
   Sən gəlməsən, dolumsanmış ürəklər,
   Sən gəlməsən, xarabaya dönən qəlb abad olmaz.
   Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz,
   Dodaqlarım gülməz, sönmüş bəxtimə nur saçılmaz.
  
   Sonra da şair Bakıdakı dəhşətli vəziyyət barədə Nuru Paşaya belə bir məzmunda məktub göndərir: “Ey türk əsgəri! Əgər sən Bakını ala bilməsən, Bakıda sənin üçün hazırlanmış süfrələr qonaqsız qalacaq, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaq. Əgər sən bu şəhəri ala bilməsən, müsəlman gəlinlərin duvaqlarını düşmən açacaq, sənin müzəffər olmağın üçün qalxan əlləri zalımlar kəsəcək”.
   Türk əsgəri Bakını ala bildi. İkinci hücumda düşmən məhv edildi. Şəhər işğalçılardan təmizləndi. Xalq Nuru Paşa ilə Xəlil Paşanı xilaskar kimi qarşıladı. Azərbaycan xalqı Qurtuluş gününün sevincini yaşadı.
   Türk ordusu Bakı və digər bölgələrdəki döyüşlərdə yüzlərlə şəhid verdi. Belə ağır döyüş yollarından biri də Şamaxıdan keçirdi. Şamaxı yaxınlığında döyüşlərdə şəhid olan bir türk zabitinin sorağı dillərə düşdü. Onun adı bəzi qaynaqlarda İzzət, bəzilərində isə Qadir kimi qeyd olunur.Əlfayim Əziz “Azadlıq naminə” adlı kitabında türk əsgərinin şəhid olmasını belə təsvir edir:
   “İzzət bəy Aşot adlı erməninin gülləsinə tuş gəlir. Ağır yara alan mayorun köməyinə ətrafda yaşayan insanlar gəlirlər... Orada Gülsabah adlı bir qadın yaylığını çıxardıb əsgərin yarasını bağlamaq istəyir. İzzət bəy qadına:- Bacım, qolumdan möhkəm tut, mərmini ordan çıxardım.
    O, mərmini çıxardır, dəsmala bükür və deyir:
   - İndi hər şey qaydasındadır, yaramı bağlamağa ehtiyac yoxdur, qoy qanım bu torpağa axsın.
   İzzəti yaralayan Aşot ordaca gəbərdilir. Ölümcül vəziyyətdə olan İzzət Nuru Paşanı qarçısında görəndə həyəcanlanır. Nuru Paşa əsgərin başını dizlərinin üstünə qoyur. Artıq İzzət bəy son anlarını yaşayır. O, üzünü Nuru Paşaya tutub deyir:
   - Paşam, türk Paşasının dizləri üstündə can vermək mənim üçün böyük şərəfdir.
   Beləcə, İzzət bəy vurulduğu yerdə gözlərini əbədi olaraq yumur”.
   Yerli sakinlər İzzət bəyi Şamaxıya aparmaq istəyir. Ancaq əsgərin öz vəsiyyətinə görə şəhid olduğu yerdə- Şamaxının yaxınlığındakı Acıdərədə dəfn edilir. O gündən də qəbirin adı “Türk məzarı” kimi dillərə düşmüşdür.
   Həmin məzar dəfələrlə müxtəlif təhqirlərə məruz qalsa da, xalq tərəfindən təmir edilib qorunmuşdur. Qəbir daşı ilk dəfə Şamaxı qəsəbə rəhbərliyi tərəfindən qoyulub. Əfsus ki, bu işi görən xeyirxah insan 1928-ci ildə savab əməlinə görə öldürülür. Sonralar Şamaxılı sürücü Məhəmməd və Babaxan Rzaxanov məzarın ətrafına dəmir çəpər çəkmiş, burada səliqə-sahman yaratmışlar.
   Son vaxtlar məzar Bəxtiyar İsmailinin (Türkcanlı) oğlu Atilla tərəfindən təmir edilmiş, buraya türk bayrağı da ucaldılmışdır.
   Məzarı ziyarət edəndə xalq şairi Bəxtiyar Vahabzadənin misraları yada düşür.
  
   Yolçu maşını bu yerdə saxla,
   O məzar önündə sən təzim eylə,
   Hörmət et, dua ver onun ruhuna,
   Ayaq basdığın yer borcludur ona.
  
   İndi Bakı-Tbilisi magistral şosesindən keçən yerli və xarici vətəndaşlar, səyyahlar, qonaqlar bir anlığa məzarın önündə ayaq saxlayır, şəhidin ruhu qarşısında təzim edir, ona dua oxuyurlar.
   Bəli, Vətən, müqəddəs torpaq uğrunda şəhid olanlar əbədilik qazanır, qəlblərdə yuva qururlar. Yüzlərlə şəhid əsgər kimi, İzzətin də könüllərdə bax, beləcə yeri var.
  
   Canalı Mirzəliyev