«Arxiv bir millətin keçmişi, bu günü və gələcəyidir. Əgər bunlar olmasa, biz gözəl keçmişimizə nəzər sala bilmərik və ona görə də bu arxiv çox qiymətlidir»
  
   Əziz Şərif.1983-cü il
  
  
   Onunla ilk tanışlığım Leopold və Mstislav Rostropoviçlərin ev- muzeyində oldu. Səmimiyyəti, ensiklopedik biliyi, güclü yaddaşı, məntiqi təfəkkürü, öz işindən tükənməz məhəbbətlə danışdıqca zövq alması diqqətimdən yayınmadı. Fikirləşdim ki, doğrudan da yaxşı mənada qibtə etməli insandır. Hələ üstəlik, məni çalışdığı məkana dəvət etməsi məndə bu insana qarşı böyük simpatiya yaratdı...
   Vaxt tapıb onun işlədiyi ünvana getdim. Ziya Bünyadov 3. Əzəmətli körpünün altından keçən tunel. Bu qovşaqdan Bakının hər tərəfinə yollar uzanır. Oradan da bütün dünyaya...
  

  
   Bu qovşağın bir addımlığında gedəcəyim ünvan yerləşir. Azərbaycanın görkəmli ədəbiyyat və incəsənət xadimlərinin həyat yollarının qovuşduğu bir məkan. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi.
   Binaya daxil olarkən ilk diqqətimi çəkən buradakı səliqə-sahman, təmizlik və yüksək nizam-intizam oldu.
   Pilləkənlərlə qalxıb bir həftə bundan əvvəl tanış olduğum milli xəzinəmizin cəfakeşinin otağına daxil oluram. Köhnə tanışlar kimi hal-əhval tuturuq. Gəlişimə sevindiyini nurani sifətinin cizgilərindən oxuyuram. Haqqında danışdığım bu cəfakeş insan mənim ilk dəfə qalxdığım pilləkənlərlə düz 43 ildir ki, düşüb - çıxır. O, burada əvvəlcə kiçik, sonra böyük elmi işçi, 1988-ci ildən isə direktor işləyir. Əməkdar mədəniyyət işçisi Maarif Teymur. İlk tanışlığımız zamanı etdiyimiz söhbəti öz xidməti otağında davam etdirdi. Yenə əvvəlki həvəslə, əvvəlki şövqlə.
   - Bu arxiv 1965-ci ilin iyul ayının 15-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Burada saxlanılan hər bir sənəd milli ədəbiyyatımızın, mədəniyyətimizin keçmişindən, bu günündən xəbər verən çox qiymətli bir tarixin yadigarıdır və gələcəyimiz üçün çox dəyərli bir xəzinədir.
   Burda ilk arxivi - şəxsi fondu yaradılan görkəmli yazıçı, pedaqoq Mir Cəlal Paşayevdir. Kimlərin şəxsi fondu yoxdu burda? Füzulinin davamçısı Əliağa Vahidin, folklorumuzun yorulmaz toplayıcısı Əbülqasim Hüseynzadənin, xalq şairi Mirvarid Dilbazinin, 1940-cı ildən ömrümün sonuna qədər M.Lomonosov adına MDU-də çalışmış Əziz Şərifin, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun, Almas İldırımın, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin... sadalamaqla qurtarmayan neçə-neçə ədəbiyyat və incəsənət xadimlərinin «şəxsi fondu». Cəmisi 776. Sonrakı, 777-ci kim olacaq hələ bilmirəm. Bu, şəxsi fondların hər biri mənim üçün əzizdir. Çünki onların hamısına mənim əlim dəyib, onların toplanmasında çox zəhmət çəkmişəm. Bu 43 il ərzində neçə-neçə zəkalı, ağıllı, vətənpərvər yaradıcı ziyalılarımızla görüşərkən və onlar haqqında yazdığım sətirləri sonradan oxuyarkən həm kədərlənirəm, həm də qürur hissi keçirirəm. Abbas Zamanov, Əli Tudə, Aşıq Əhməd, Cabir Novruz, Mirzə İbrahimov, Süleyman Rəhimov, Süleyman Rüstəm, Səttar Bəhlulzadə, Nəcibə Məlikova, Leyla Bədirbəyli və onlarla tanınmış sənətkarlarımızla şəxsən görüşərək, onların şəxsi fondlarını yaratmaq üçün əlimdən gələni əsirgəməmişəm. İstəyimə nə dərəcədə nail olmuşam, onu bura gələnlər deyə bilərlər. Rəy kitablarını mənə göstərir. Vərəqləyirəm. Burada yazılanlar onu göstərir ki, bu işlərə çox əziyyətlər çəkilib. Yazılan xoş sözlər görülən işlərin qiymətidir. Əziz Şərifin «Arxiv bir millətin keçmişi, bu günü və gələcəyidir. Əgər bunlar olmasa biz gözəl keçmişimizə nəzər sala bilərik və ona görə də ona görə də ev arxiv çox qiymətlidir» qeydləri fikrimizə sübutdur.
   Şəxsi fondlar arasından götürdüyü və sonunda Bülbülün adı «Bir ekspedisiyanın tarixi» adlı yazını mənə göstərdi. «Bu yazını tapanda çox sevinmişəm. Radioda haçansa efirə getdiyini də eşitmişdim. Yazı barədə Bülbülün ev-muzeyinin direktoru Adilə xanımla da telefon əlaqəsi saxladım. «Mən də radio dalğalarında eşitmişəm həmin xatirəni» - dedi.
   Məlum olduğu kimi, Bülbül 1930-cu illərdə xalqımızın nəğmələrini, şifahi deyimlərini, xalq arasında yayılmış mahnılarımızı diqqətlə toplamaqla yanaşı, az bir zaman müddətində zəngin bir Xalq Musiqi kabinetinin əsasını qoymuşdu. Həmin illərdə də Bülbül növbəti ekspedisiyaya A.Zeynallı ilə birlikdə getmiş və bu xatirəni yazmışdır. Həmin yazının surətini mənə təqdim etdi. Asəf Zeynallının anadan olmasının 100 illiyi qeyd olunduğu günlərdə bu xatirə-yazı məni də sevindirdi.
   Bu yazının oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb, onu olduğu kimi çap etməyi qərarlaşdırdım.  

   Bir ekspedisiyanın tarixi
  

   Mənim Asəf Zeynallı ilə tanış olmağımın unudulmaz bir tarixi vardır. Biz hər ikimiz Azərbaycan Dövlət Konservatoriyasında oxuyurduq. Əvvəllər bir-birimizi yalnız bir tələbə kimi tanıyırdıq. Sonradan baş verən bir hadisə bizi çox yaxınlaşdırıb, dost etdi.
   Mən imtahanlara hazırlaşırdım. Amma bir məsələ məni çox narahat edirdi. Mən hələ də harmoniyadan imtahan verə bilməmişdim. Nə etməli? Hədsiz dərəcədə qayğıkeş və tələbkar müəllimimiz Ü.Hacıbəyovdan bu fənn üzrə müsbət qiymət ala bilmirdim. Hətta bir dəfə Üzeyir bəy mənə belə demişdi:
   - İstedadlı oğlansan, səsinə söz də ola bilməz, ancaq güzəştə gedə bilmərəm. Harmoniyanı yaxşı öyrənməsən, sənə qiymət verməyəcəm.
   Bu hadisə məni çox düşündürdü. İnadla işə başladım. Amma özüm də hiss edirdim ki, ciddi bir köməklik olmasa yenə bir şey çıxmayacaq.
   Birdən ağlıma belə bir fikir gəldi. Asəfə müraciət edim. Axı o, əlaçıdır. Görəsən, sözümü sındırmaz ki?
   Əlbəttə, sındırmaz, deyə özümə toxtaqlıq verdim.
   Mən fikrimi Asəfə dedim. O çox məmnuniyyətlə mənə kömək etməyə razı oldu. Həmin gündən biz müntəzəm olaraq həftənin müəyyən günlərində məşğul olmağa başladıq.
   Bu məşğələlər mənimlə Asəf arasında mehriban dostluq münasibətlərinin yaranmasına səbəb oldu.
   Asəf hələ o zaman el havalarına, xalq mahnılarına böyük maraq göstərirdi. O mənim oxuduğum rəngarəng xalq mahnılarıma qulaq asmaqdan doymazdı.
   Asəfin köməkliyi ilə harmoniyadan imtahan verib yaxşı qiymət aldım. Asəf də konservatoriyanı bitirdi. Bundan sonra biz dörd il görüşmədik. Çünki o öz təhsilini davam etdirmək üçün Leninqrada getmişdi.
   1931-ci ildə Bakıda görüşdük. Asəf mənə «Ölkəm» və «Sual» əsərlərinin verib dedi. - Al oxu! Güman edirəm ki, xoşuna gələr.
   Sonradan mən həmin mahnıları Asəfə oxudum. Çox xoşuna gəldi. Xüsusilə o mənim ifamda «Ölkəm» mahnısını bəyəndi. Bu həmin mahnıdır ki, mən onu hələ indiyə qədər sevə-sevə oxuyuram…
   Biz Asəflə çox tez-tez görüşüb söhbət edirdik.
   Söhbətimizin birində Asəf mənə dedi: - yaxşı, indi nə etmək fikrindəsən? Mən isə cavabımda dedim ki, məqsədim respublikamızda qalıb xalq mahnıları toplamaq, musiqi sənətimizin inkişafına kömək etməkdir.
   Mənim bu fikrimi Asəf çox bəyəndi. Bir ildən sonra, yəni 1932-ci ildə Asəfə şad bir xəbər verdim. Qarabağa və Kürdüstana ekspedisiyaya gedirik. Məqsədimiz xalq mahnılarını və oyun havalarını toplamaqdır.
   Asəf bu xəbərdən çox məmnun oldu və dedi ki, o da bizimlə bu ekspedisiyaya iştirak etmək istəyir.
   Biz 1932-ci ildə yayın əvvəllərində Qarabağa yola düşdük.
   Şuşada bizi çox yaxşı qarşıladılar. Biz qoca xanəndələr tarzənlərlə söhbət etdik. Soraqlaşıb öyrəndik ki, bir qoca çoban var, yaxşı tütək çalır. Biz həmin çobanın yanına getdik, çoban qoyunlarını dağın döşündə otarırdı. Özü isə əlindəki çomağa söykənib, qarğıdan düzəltdiyi tütəkdə nə isə çalırdı.
   Biz çobanla görüşdük, məqsədimizi ona bildirdik. O çox məharətlə, «Çoban bayatı» çaldı. Çobanın tütəyindən süzülən həzin musiqi səsi ətrafa yayıldı.
   Biz həmin musiqini vala yazdıq... Həmin gün biz Şuşada qoca bir kişi ilə də tanış olduq. Bu kişi, özü dediyi kimi həvəskar oxuyan idi, yaşının altmışdan keçməsinə baxmayaraq onun qəlbi cavan idi.
   Səsi öz məlahətini itirməmişdi. O bizim üçün «Yaylığın yar» mahnısını oxudu. Biz bu mahnını o vaxta qədər eşitməmişdik. Mahnı bu sözlərlə başlayırdı:
  
   Yaylığın yanı yaşıl,
   Yaylıq sənə çox yaraşır.
   Yar görsəm dilim dolaşır.
   Yar, yar, can.
   Qəşəng oğlan,
   Ver yaylığı.
  

   İstirahət günü idi. Böyük bir qayanın üstünə çıxdıq. Biz gözqaralan dərəyə, dərədən nazik bir lent kimi axıb gedən çaya, o taydakı meşələrə baxıb, təbiətin bu ecazkar gözəlliyindən zövq alırdıq. Birdən qulağımıza bir səs gəldi. Diqqətlə fikir verdik. Kimsə «Bayatı - kürd» oxuyurdu.
   Oxuyanın səsi yavaş-yavaş aşkar eşidilirdi. Xanəndə zəngulə vuran kimi onu tanıdım.
   Gənc xanəndə Xan Şuşinski idi. Xanın məlahətli səsi qayalarda əks edir, Cıdır düzü boyu yayılırdı. Asəf Xanın yalnız adını eşitmişdi. Onunla tanış olmadığını söylədi. Mən Asəfi arxayın edib, bu saat onu buraya gətirəcəyimə söz verdim.
   - Necə gətirərsən? - deyə Asəf təəccüb etdi.
   - İndi görərsən - deyib, «Çoban bayatı» oxumağa başladım…
   - Doğrudan da «Çoban bayatı» Xanı və onun dəstəsini bizim yanımıza gətirdi. Görüşdük, hal-əhval tutduq. Xan bizim üçün «Rast» oxudu. Həmin günün səhərisi Xanın ifasında «Alma almaya bənzər» və «Sazın qurbanı» mahnılarını vala yazdıq.
   «Alma almaya bənzər» mahnısı Asəfin daha çox xoşuna gəldi. O mahnının sözlərini yazıb bir də oxumağı Xandan xahiş etdi. Bu həmin mahnıdır ki, Xan Şuşinski onu indi də oxuyanda adama ləzzət verir…
   Kürdüstanda bizi hörmətlə qarşıladılar. Kəndlilər oxumağımı xahiş etdilər. Mən «Nəbi» mahnısını onlara oxudum…
   Oxuyub qurtarandan sonra - «Sizdə də oxuyan varmı» - deyə soruşdum.
   Kəndin ağsaqqalı, dünyagörmüş bir qoca qabağa çıxıb dedi:
   - Oğlum bizdə oxuyanlar lap çoxdur! İndi oxuyarlar, qulaq asarsınız.
   Cavan bir oğlan irəli çıxıb «Kürd qızı» mahnısını oxudu. Biz həmin mahnını vala yazdıq.
   Hazırda radio və konsertlərdə tez-tez oxunan «Kürd qızı» mahnısı həmin mahnıdır…
   Kürdüstanın Əhmədli kəndində işimizi qurtarıb Alxaslıya getdik. Alxaslıda iki gün qalmışdıq ki, Asəfi Bakıya çağırdılar. Asəf Bakıya qayıtdıqdan sonra biz ekspedisiyanı davam etdirdik. Laçın rayonunun ən böyük kəndlərindən biri olan Minkəndə getdik. Burada biz bir sıra mahnılar və el havaları yazdıq.
   Cəngini xatırladan «Kürdü» havası da bizim çox xoşumuza gəldi. Bu musiqidə vətənpərvərlik, qəhrəmanlıq hissləri ifadə olmuşdur.
   Biz bu ekspedisiyadan zəngin materialla Bakıya qayıtdıq.
   Bülbül.
  
   S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Tuymurla söhbətimizin davamını gələn sayımızda oxuya bilərsiniz.
  
   Fərahim Dünyamalıoğlu