Aparılan son araşdırmalar göstərir ki, Naxçıvandakı məşhur Kəngərlilər qədim türk tayfası olub, çox qədim tarixə malikdir. “Kəngər” sözü Aral və Balxaş gölləri arasında yerləşən qədim Kəng (“Avesta”da Xənqxoy, Çin mənbələrində - Kənquşu) dövlətinin III əsrdə hunlar tərəfindən işğalından sonra ortaya çıxmış və həmin dövrdən etibarən yerli əhali ilə hunların qaynayıb qarışmasından təşəkkül tapmış hundilli etnos özünü kəngər adlandırmağa başlamışdır.Kəngərlinin şimal qonşuları olan pəsənq qəbilələri də hunlarla qaynayıb qarışdıqlarına və Kəngərli ilə eyni dövlətdə birləşdiyinə görə onlarla tayfa ittifaqı yaratmışlar. Tarixi sənədlərə istinadən qeyd etmək olar ki, VIII əsrdən etibarən bu tayfa ittifaqına daxil olan etnoslar daha çox peçeneq adlandırılırdılar.   

   IX əsrin sonlarında ruslarla ittifaqa girən guzlar (oğuzlar) kəngərliləri özlərinə tabe etmiş, peçeneqləri isə öz yerlərindən qərbə - Don çayının sahillərinə qədər qovmuşdular.Güman edilir ki, kəngərlilərin bir hissəsi hələ IV-V əsrlərdə Şimali Qafqazdan Azərbaycana gələn hunlara qoşulmuşdur. Kəngərlilərin həmin dövrdən etibarən Naxçıvan ərazisində yaşamaları haqqında məlumatlar vardır. IX-X əsrlərdə Cənubi Qafqazın ərazisində yaşayan kəngərlilər Xarəzmşahların icazəsi ilə bu ölkəyə köçüb İslam dinini qəbul etdikdən sonra tarixi mənbələrdə “Kəngli” adı ilə tanınmağa başlamışlar. IX əsrdə Səlcuq türkləri Qərbi İranı və Cənubi Qafqazı tutduqdan sonra “Kəngli” tayfaları da bu yürüşlərdə iştirak etmiş və oğuz - səlcuqların tərkibində Azərbaycana gəlmişlər. Səfəvilər dövlətinin yaradıcısı və banisi Şah İsmayıl Xətainin 1501-ci ildə hakimiyyətə gəlməsi ilə (qeyd edək ki, Səfəvilər dövrü 1501-1736-cı illərdir) Kəngərlilər ölkənin siyasi həyatında mühüm rol oynamışdır. XVII əsrdə Azərbaycan vilayətinə daxil olan Naxçıvan kəngərlilərin irsi torpağı idi. XVIII əsrdə Naxçıvan xanlığının yaradıcısı Hacı xan, Rəhim xan, Kəlbalı xan Kəngərlilər mühüm rol oynamışlar. Araşdırmalara və arxiv materiallarına əsaslanaraq belə qənaətə gəlmək olar ki, kəngərli tayfasının xan nəslindən olan nümayəndələri Naxçıvan tuməninin hakimi, bəy nəslindən olanları isə hakimin vəkili kimi fəaliyyət göstərmişdir. Xanlıqlar dövründə kəngərlilərin bir qismi (XVII-XVIII əsrlərdə) Qarabağa köçürülmüşdü. Ağdam və Tərtər rayonlarındakı Kəngərli kənd adları da bununla bağlı idi. 1828-ci il Türkmənçay müqaviləsinə (2-ci İran-Rusiya müharibəsi - 1826-1828) görə Naxçıvan xanlığı Rusiya tərəfindən işğal olunsa da, kəngərlilərin ən nüfuzlu nümayəndələri 1840-cı ildən “Naib” titulu ilə vəzifədə olmuşlar. Kəngərlilər arasında bir sıra görkəmli dövlət, ictimai, siyasi, hərbi və elm xadimləri olmuşdur. Kəngərlilərin ən sonuncu xanı Ehsan xan Kəngərli olmuşdur. Qeyd etmək lazımdır ki, eramızın əvvəllərindən başlayaraq Naxçıvanda məskunlaşan qədim türk Kəngər tayfasının adı ilə bağlı “Kəngərli” məhəlləsi olmuşdur. Vaxtilə indiki Qala məhəlləsinin bir hissəsi Kəngərli məhəlləsi adlandırılmışdır. Hazırda, çox təəssüf ki, bu məhəllə unudulmuşdur. Kəngərli tayfasının tarixi çox böyükdür. Bütün bunları bu qısa yazıda açmaq mümkün deyil. Ümid edirik ki, gələcək nəsillər xalqımızın tarixində mühüm rolu olmuş Kəngərli tayfasının hərbi, ictimai, siyasi, mədəni nəslə aid olan nümayəndələrini aşkar edib, xalqımıza maraqlı məlumatlar çatdıracaqlar.
   
   Hüseyn Əliyev,
   Naxçıvan