fəlsəfi-aşiqanə və siyasi-rəyasətanə görüşləri
   
   (avtoreferat)
   
   
   Dünənki günə ithaf olunur
   
   Öz zəmanəsinin zil qaranlıq mühitini işıqlandıran inter-filosof və nasional-siyasətçilərimizdən biri də məşhurluğu şübhə doğurmayan K.Kilimçi olmuşdur.
   Dövrünün cəhalət və biganəlik zərbələrinə səbrlə sinə gərmiş bu kompleksal Aşiq ilk gənclik çağlarından ta çənəsi yerə dəyənədək hər situasiyaya uyğun nitq söyləmiş, dastan açmış, qəzəl oxumuşdur. Gələcək nəsillərin onu mütləq qiymətləndirəcəyinə inanan bu ayıq Aşiq avam kütlələrin danlaq və qınaqlarını, qısqanc ziyalıların etirazlarını vecinə almadan il-ildən daha «bolşe» bolşevikləşmiş, sevib-sevilmiş, alıb-boşamış, feodal-patriartxal təfəkkürlü kənd və şəhərlərimizin hərəsinə bir Kilimçi damazlığı bəxş etmişdir. Ömrünün qürub çağlarında siğə etdirdiyi dul (və sonsuz) bir qadına pıçıldadığı kəlamlar xarakterikdir: «Bəsləsən, duvaq olar tut yarpağından, Səbrlə övlad olar, ey zənən, səndən...» (Danəndə B., Nəsrəddin M.: «İbn vələdüz-zina K.Kilimçi». «İsfahannəşr», səh.1).
   
   Lakin təəssüflə qeyd edilməlidir ki, bu mütəfəkkir politik-malitik Aşiqin gələcək nəsillər tərəfindən başa düşüləcəyi haqda ümid və arzuları indiyədək çiçək açmamışdır. Əgər bu sətirlərin müəllifi də (B.Bəndəniz) irəli durmasaydı, bu böyük irsi toz basar, millətimiz milli bir örnəkdən məhrum olar, dissertasiyalarımızın sayına, alimlərimizin sanbalına xələl gələr və Allah bilir, daha nələr baş verərdi.
   Məlum olduğu kimi, bir az qədimlərdə - xalq kütlələrinin çörəyi qulağına yediyi macallarda - sivilizovannı-imperializovannı adamlara əşhədi-ehtiyac vardı. Əks təqdirdə, milli varidatını yalnız öz fağır xalqına sərf edib, qurd dövlətlərə dirsək göstərmək, qızlarımızı əcnəbilərə yasaqlayıb, intervücud genefondundan məhrum olmaq kimi konservat siyasət xətti tutmuş məmləkətimiz «soyuz»çuluq atributlarından sapınar, çoban-çoluxdan postux-kovboyluğa, Rənalıqdan Renalığa gedən yollarımız qara geyər, çiyə ilə smetan, şor ilə tvoroq arasındakı fərqlər bilinməzdi. Bundan əlavə, abır-həya əndazələri qadın və kişiləri vahid ailə cızığından kənara çıxmağa qoymaz, onlarda mühüm şou-diznes elementlərindən birinin - şorgözlüyün inkişafına mane olardı. Necə ki, həmin dövrdən əvvəl laləyanaq və mərmərsinə kimi poetik plüralizmlərdən - deməli, ah-uflanmalardan məhrum olan kişilərimiz piylənmə sindromu ilə üzləşir, faydalı iş-eyş əmsalları aşağı düşür, kef-damaq sarıdan ölkənin zayı çıxırdı.
   Lakin zaman öz fərmayişini verməkdə, ictimai sifarişini irəli sürməkdə idi; müstəqil, ağasız-dığasız yaşamaqdan, milli abır-həya qadağalarından cana doymuş mütərəqqi arvad xeylaqlarımız və kişi qırıqlarımız çadra və papaqlarını atıb qol-qola girərək kollektivxanalara toplaşır, başları ev işi, paltar tikişi, əkin və zirarət işlərinə qarışmış xalqı sürətlə inkişaf etdirirdilər.
   Qeyd etmək lazımdır ki, həmin dövrdən etibarən xalqın mentalitetində, əsasən, iki kulturoloji yeniliyə güclü meyl yaranırdı: 1) Şəhərlərdə xırda sənətkarlar bığlarını qırxdırıb, saçlarını uzadır, qadınlar saçlarını qısaldıb, dırnaqlarını uzadırdılar. 2) Kəndlərdə kişilər patava və çomaqlarını ataraq «Çastuşka» bazfəaliyyət kollektivinin müşayiətilə «bir addım irəli, iki addım geri» marşı oynayır, arvadlar çadra və yaşmaqlarını «andır» edərək, «Çırtıq» gözfəaliyyət cansamblının huş-guşayətilə əntiqə həyat nömrələrinə yiyələnirdilər. Bir sıra ləyaqətli nömrələrə nail olduqdan sonra, onlar «Sən ağa, mən ağa - inəkləri kim sağa» kimi burjua məzmunlu idealist atalar sözlərinə çırt atıb, «Allahdan buyruq, ağzıma quyruq» (İvan D., Balaxanım A. «Ayın-oyun». «Paris-kayf» nəşriyyatı, səh.2) qəbilli materialist zərb-məsəlləri züm-zümə edərək, şəhərlərə üz tuturdular. Beləliklə, nəinki təkcə yaxın bərələrdən, habelə, uzaq dərələrdən qopub gələn dəstələr paytaxtda birləşərək, cahanşümul sos.solist xoruna çevrilir, lampalı sabahın məramnamə himnini yaradırdılar. Dissertasiyamızda bütöv mətnini verdiyimiz həmin himnin ən yuxa beytlərindən birini xatırlatmaq yerinə düşərdi: «Aşıq eldən yuxarı, dizi beldən yuxarı».
   Lakin dərhal qeyd edilməlidir ki, bu oyanış bir qədər bəsit, pərakəndə xarakter daşıyırdı; bəzi qadınlar hələ tam anlamırdılar ki, onlar bircə ailə çərçivəsinə qapılıb qalmamalı, öz işvə, naz, qəmzə və s. Monikaoloji-Balaxanımvari elementlərilə ətraf mühitin Donjuanoloji-Xanbalavari tələbatını da nəzərə almalıdırlar. Öz nadan mühitinin «atasından bixəbər» (Nəsrullah Ş., İbad M. «Xurma. Uzaqda durma», «Mütrüb» nəşriyyatı, səh.3) atmacası ilə təhdid və təqib edilən Kimsə Kilimçi məhz bu ehtiyaca cavab olaraq doğuldu...
   Formaca milli, məzmunca dilli bir qadın olan anası öz Kimsəciyinin beşiyi başında internasional laylalar ifa etmiş, ağlı kəsməyə başlarkən intellektual sonetlər, yeniyetməlik fazasında isə realist pritça və deklomasiyalar söyləmiş, beləliklə, onu feodal-patriarxal ağsaqqal və ağbirçəklərin primitiv öyüd-nəsihətlərindən qorumuşdur. Dövrunun nəinki təkcə açıqfikirli, həm də açıqsinəli qadınlarından olan bu humanist gender xeylağı hələ qız ikən onu istəyən gənclərdən hansı birinisə fərqləndirməmək - yeni sosialist birgəyaşayış qaydalarının ilk qazanquşu olmaq (Dəllali P., Dullali S. «Köhnə nənnənələr, yeni ənənələr, perspektiv mammamalar». «Roza» nəşriyyatı, səh.3) məqsədilə ərə getmək fikrindən birdəfəlik daşınmışıdır. Hələ on beş yaşındaykən təbiətin ona bədahətən bəxş etdiyi bu oğlan uşağına ad qoymaq lazım gələndə isə, bu modern ana bir balaca yadern situasiyasına düşmüşdür. Belə ki, köhnəfikirli qonşular blokadası şəraitində sərbəst düşünməyə macal tapmadığına, beləliklə də, sevdiyi gənc kadrların hamısının isimlərini hallandırıb calaqlandıra bilmədiyinə görə, ehtimal nəzəriyyəsinin adlıq hal kateqoriyası və çox zərif bir zənən olduğundan - zərflik qrammodeli üzərində dayanmalı olmuşdur: Kimsə.
   Hələ beşikdəykən mərd-mübariz anasının dilindən eşitdiyi tərbiyəvi mətnlərdən ruhlanan Kimsə vaxtından əvvəl xeyli artıqlaması ilə böyüyüb pəzəvəngləşir, sxolastik ruhlu məhəllə uşaqlarından fərqli olaraq, telini əks tərəfə darayırdı.
   Yeniyetmə çağlarında ikən, elə bu tel məsələsi üstdə mübahisələrin birində yaşıdlarından birisi Kimsəyə belə bir qeyri-etik söz deyir: «atasından bixəbər». Vandalist-ekstremist təfəkkür tərzinin bariz nümunəsi olan bu arxaik termin, əlbəttə, sos.deminkubasion ruhda tərbiyə edilmiş Kimsəyə təsir etməyə bilməzdi. Bu kişi qırığı həmin o söz birləşməsindəki xəbərin mübtədası haqda çox fikirləşib bir nəticə əldə bilmədiyinə görə, uzun saçları arasından bir tükü tərpənmiş və incə bir inciyişlə tay-tuşlarından ayrılıb, onu həmişə birmənalı olaraq dəstəkləyən anasının yanına getmişdir. Tədqiqata cəlb etdiyimiz tipajın orta çağ arvadlarından birisinin və onun günülərindən ikisinin üçəm memuarlarında qeyd etdikləri kimi; «O, (K.Kilimçi - B.B.) evlərinə köntöy məhəllə uşaqlarından fərqli olaraq, mətin və əsl centlemen addımlarla gəlmişdir». (Kilkəli X., Sirkəli T., Nikkəli Z. «Memuar, Memuər, meymun ər». «Dul» nəşriyyatı, səh.4).
   Mətin addımlarla (digər elmi mənbələrdə - yanakı - B.B.) yeriyən Kimsə evlərinə yetişərkən içəridən emosional pıçıltılar eşidir. Hər gün növbənöv barmaqlarla taqqıldadılmaqdan üzərində həlqəvari dairə yaranmış qapılarını ədəblə dıppıldadıb, anasının öyrətdiyi etik-əxlaqi bir intizamla - bir xeyli dinşəyib gözləyərək - içəri daxil olur və otaqdakı yad adamın eşitməyəcəyi tonda dağma anasından sual edir:
   - Aydan arı, sudan duru mamam! Bu gün mənə gözün üstdə qaşın var, dedilər. Yabançı bir «ata» termini işlədib, ondan bixəbərsən, buyurdular. Adın var, soyadın yox, söylədilər. Səslərinin tonunu bir oktava qaldırıb: «Sən kimsən ki, bizə tel daramağın sirlərini öyrədirsən?!» - deyərək, mənim təfəkkür tərzimə istehza etdilər. İndi, mənim müqəddəs mamam, de görüm mən kiməm? Əgər sənin bugünkü zövq seansına mane olmuramsa, bunu mənə şərh et...
   - Ey mənim qızdan-gəlindən həyalı oğlum! Sənin adın Kimsə, soyadın isə Kilimçidir, Kilimçi! Qaldı «ata» məsələsi, - sən heç qəm etmə. Əgər o fərsizlərin hərəsinin bircə atası vardırsa, sənin... Bəli, bəli! Təşəkkür edirəm ki, məni sözsüz də başa düşüb, uzunçuluq etmək kimi səviyyəsizliyə yol verməyimə rəvac vermədin. Sənə didaktikam budur ki, o avam taifələrə qoşulma. Onlar ilə oturma, durma. Əks təqdirdə, sənə verdiyim təlim-tərbiyə zaye olar. Yaxşısı budur, sən bu patava əhlindən birdəfəlik ayrıl, krasovkalarıvın bağını bərkit, çıx ittifaqımızın inkişaf etmiş yaşayış məntəqələrinə. Qarış-qarış gəz, özün kimi kilimçi oğlanlar, gülümçü qızlar ara. Onlar ilə otur, dur. Bir-birinizi sevin, sevilin, birləşin, o qədər törəyib artın, köhnə bazarlara elə neonırxlar qoyun ki, gələcəkdə belələri sizdən nəinki tel daramağın, hətta hər yüz öküzdən yüzbir bala almağın, hər şişəkdən bir döşək yün qırxmağın, hər sot torpağı min qat bahasına, hər qəbir yerini bir xəlbir qızıla satmağın da sirlərini öyrənmək üçün növbəyə dursunlar.
   Göründüyü kimi, öz mütərəqqi görüşlərilə dövrün avam ağbirçəklərinin fövqündə dayanan bu qarabirçək qadın xalqın əsl Əsli Kərəmoloji tarixinə yeni qaranquş kimi daxil olaraq, kollektiv eşqin bəhrəsi olan Kimsəciyindən törəyib artası züriyyətlərin leksikonunda dəbə çevriləsi «quş» termininin (Tuti Q., Quşi T. «Ağuşi-quşi». «Huşguş» nəşriyyatı, səh.5) banisi olmuşdur.
   Ümidvarıq ki, gənclərimiz bu dissertasiyanı mütaliə edəndən sonra bir-birilə başqa xalqların övladları kimi tanış olacaq, sevişəcək, nişanlanacaq, evlənəcək, həya pərdəsini qaldırıb tamaşaçı-qonşular, qohumlar üçün gündə bir teatr çıxaracaq və nəhayət, yalnız ayrılarkən məhz özləri kimi - min cür fısqırıq, dava-dalaş, başyardı, qantökdü, əsrlər və nəsillər düşmənçiliyi formatında boşanacaqlar. Və əlbəttə, heç şübhəsiz ki, bu prosesdə K.Kilimçinin siyasi qazilik və intim naznazilik irsi təcrübəsiz aşiqlər üçün mayak-dayak rolu oynayacaqdır. Yeri gəlmişkən qeyd edək ki, dissertasiyamızda bu tip elmi və hikmətli cümlələr çoxdur (Neyləyək vallah, biz də belələyux dəə - nəxəntərə primitiv yazmağa çalışsaq da, mənalı çıxır). Bu, həm də -tədqiqata cəlb etdiyimiz obyektin fenomenallığı ilə bağlıdır - desək, heç də yanılmarıq. Dissertasiyamızda da qeyd etdiyimiz kimi, bu universal Aşiqin görüşlərini temperament və amplua baxımından beş dövrə bölmək olar: həddi-büluğ dövrü, gənclik dövrü, ahıllıq dövrü, qocalıq dövrü, kaftarlıq dövrü.
   Lakin bu, heç də o demək deyildir ki, K.Kilimçinin görüşlərində ziddiyyət və məhdudiyyətlər olmamışdır. Olmuşdur. Məsələn, o, ömrünün ikinci dövründə ateistcəsinə tənqid edib mitilini atdığı, ömrünün dördüncü dövründə isə təqdir etdiyi mətləbləri - hətta məqam gələrsə, onları yenidən təpiyinin altına salmaq istəyini mətbu ictimaiyyətdən gizlətmişdir. Bundan əlavə, o, leqal və qeyri-leqal görüşdüyü zənənlərin qollarına girərək yox, girməyərək yeriyərmiş. Hətta, cənub yeli onların kəlağayılarını başlarından yerə salarkən K.Kilimçi onları fövrən yox, cövrən götürər, bu iş şimal küləyi tərəfindən baş verdikdə isə, dərhal götürər və bu kəlağayıları öz yazılarına kosinka kimi təqdim edərmiş.
   Məhdudiyyətlərə gəldikdə isə, o, şəksiz xal və qənimət xarakterli diplomatik görüşlərə şəxsən özü gedər, «quşqoydu» tədbirlərə hərifləri göndərərmiş. İntim görüşlərə isə bir gün ekspessiv addımlarla gedəndə, başqa gün mısmırıqla gedərmiş. Bəzən isə getməzmiş - yarlarına əğyarlardan sifariş və yaxud nota göndərərmiş. Bütün bunlar, əlbəttə, K.Kilimçini xarizmatik ictimai xadim və hayıl-mayıl cayıl kimi səciyyələndirir.
   Ümidvarıq ki, biz bu dissertasiyanı müdafiə edib kitab halında buraxdıqdan sonra gənc oxucularımız «biz də varıq!» - deyə müsəlləh əsgər kimi qələmə sarılacaq və beləliklə, düşmənlər işğal olunmuş torpaqlarımızı geri qaytaracaqlar...

   Tahir Abbaslı