Ağır-ağır daşlar kimi
   Şəhid-şəhid ruhlar kimi
   Yağaq, yağaq Qarabağa.
                    Paşa Qəlbinur
   
   Allah sənə rəhmət eləsin, Mirzə Cəlil! Millət olaraq tutduğumuz bu əbədiyə bənzər gözləmə mövqeyi necə də sən deyəndir: «Bəlkə də qaytardılar”. Hər gələn ilimizin ötən ilə «mütləq yaxşı nəsə baş verəcək» məzmunlu bir təskinlik salamı var. Əziz bayramlarımızın, naz-nemətli süfrələrimizin ən ali arzusudur Qarabağa dönmək niyyətimiz. Nədənsə ən çox qarnı tox, kefi saz olanda qəribsəyirik vətənimizin dağ-daşı üçün, Şuşanın, Laçının bu on yeddi illik həsrətinə indiyəcən necə dözmüşüksə, on yeddi il bundan sonra da gözləməyə səbrimiz yetər: onun da kasası elə dərinmiş Allah, dolmaq bilmir ki, bilmir.
   Şuşa! Nəğməsi daşlarda qanı tək quruyan vətən parçam! Ürəyimizin ən incə telində sızım-sızım sızlayan yaralı kaman. «Xarı bülbül»ün bizdən vəfalı çıxdı sənə: biz aran-şoranlarda ürüyüb-artdıq, o isə bitmədi - qurutdu ruhundakı qönçələri. Səni anarkən hafizəmdə Cıdır düzünü dövrələmiş məxməri daş bəzəkli sıldırımlar, daş döşəli küçələr, Qala divarlarının daş ucalığı bir-birini əvəz edir. Qəlbimiz təki daşlaşan şəhərim, sənə kim sahib çıxa bildi ki, baş daşlarından savayı? Bu nədir, yaddaşım da daşlaşır, yoxsa?
   Laçına qartallar yurdu deyirdik. Səngərlərdə zəncir kimi bir-birinə bağlanan qartal oğullar, uf demədən canlarından keçdilər - qartal şəkilli xəritənin bölünməzliyi uğrunda. O cəhənnəm alovundan sağ çıxanların bəziləri indi ölmədikləri o döyüş anlarının həsrətində. Çünki ürəyi sərçə tək döyünənlərin bir çoxunun istehza, hətta açıq qınaq tənqid hədəfidir onlar bu gün.
   Şuşa duman torunun pərdəsi altda itdi gözümüzdən. Heç zaman ayılmayacağımız yuxu sayağı əbədiləşdi ayrılığımız. Laçın ünvansız yağışların, sahibsiz küləklərin umuduna qaldı. Daşlarında cücərmədi xınası, yaxılmadı gəlin gedən qızlarının barmaqlarına. Gözümüz görə-görə elimiz-obamız yuvarlandı qəlbimizdə açılan uçurumlara. Qapadıq qulaqlarımızı, tutduq gözlərimizi. Laçının sal qayaları kimi bərkidi vədlərimiz - bizi oralara qaytaracaq həqiqətin paradoksal variantı. Vicdan əzabı təki ağır daşa çevrilib asıldı çiyinlərimizdən. Nə zamansa bənövşə ətri saçan çəmənləri indi bürüyən qan qoxusu hələ çox tütəcək burnumuzda. Dünyanın hansı bucağına üz tutsaq da, imkan verməyəcək yaşamağa: tıxanacaq nəfəsimizə xəyanətin qıfı tək, boğacaq bizləri günahın əlləri kimi. Nədir axı bu nisgilin adı? Sonsuz yolmudur, bitməz yuxumudur? Nə qədər sürər bir şirin vüsala həsrət ayrılığımız? Artıq cümlələrimiz də köhnəlib, şablonlaşıb. Nə qədər çalışsam da, ötənilki yazıma bənzəyir, təkrarçılıq yorur hamımızı...
   Kompyuter texnologiyasının nailiyyətlərindən bəhrələnib Laçının, Şuşanın yüksək məsafədən çəkilmiş ən son fotoşəkillərini izləyirəm. Allah, bu ucalıqlar təslim olduqları təpəciklərdən nə qədər hündürdədir! Demək, təkcə mənəvi dəyərlər etibarıyla düşməndən yuxarıda dayanmırıq, həm də torpağımız, daşımız onların əl çatarında deyilmiş. Bəs necə soxuldular yuvamıza, söndürdülər gur ocaqlarımızı? Yoxsa Şuşa öz əzəmətini, Laçın öz vüqarını sındırıb baş əydi düşmənə? Daşları dillənmədimi xəyanətin böyüklüyünə, təcavüzün iyrəncliyinə?
   Həcc, Kərbəla ziyarətinə getməyi dəb halına salanlar! Axı bizim hələ hasil olmamış niyyətimiz, qalxası cihadımız, gözü yolda qalan ziyarət-şəhərlərimiz var. Bəs onların duasını kim oxuyacaq? Düz on yeddi ildir ki, Şuşanın, Laçının müqəddəs sayılan hər daşı murdar nəfəslərlə zəhərlənir. Bəlkə o yerlərə dönməyi məqsədə çevirək? Bəlkə o xarabazara dönmüş yurdlarmıza qayıtmağı niyyət eləyək? Daha niskilimizə ad da tapa bilmirik. Azadlığa tamarzı qalan torpaqlarımızın hıçqırıq səsi gecə qulaqlarımızı didir. Hesabı itən günlərimizin gileyinə dözmək olmur. Köksümüzdən asılan daşdımı? Vallah o vaxt bu daşı əksəydik, indiyə cücərərdi bəlkə də...
   
   Samirə Səma