Bölgənin istirahət məkanlarını gəzən fransalı aktyora xalça hədiyyə edilib
   
   Xəbər verdiyimiz kimi, məşhur fransız aktyoru Jerar Depardye dekabrın 13-də ölkəmizə gəlib. Aktyor dekabrın 15-də Qəbələ rayonuna səfər edib. Qonaq rayondakı “Beltman” piano fabrikində olub, burada istehsal prosesi ilə yaxından maraqlanıb. Jerar Depardyeyə məlumat verilib ki, ölkəmizdə sənayenin, xüsusilə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Bu baxımdan ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri də fəaliyyətə başlayıb.
   Qəbələ rayonunda inşa edilmiş “Beltman” piano fabriki də belə istehsal qurumlarından biridir. Regionda bənzəri olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrikdə pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş 6 otaqda köklənir və sazlanır.
   Daha sonra Jerar Depardye “Gilan” Holdinqin Qəbələ konserv zavodunda olub. Qonağa məlumat verilib ki, 12 hektar ərazidə yerləşən müəssisənin istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilib, xaricdən gətirilmiş avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir və zavodun məhsulları 30-dan çox ölkəyə ixrac olunur.
   Qonaq Qəbələyə səfəri çərçivəsində rayonun Nic qəsəbəsindəki alban məbədi ilə yaxından tanış olub. Məlumat verilib ki, əsaslı bərpadan sonra əvvəlki görkəminə qaytarılmış məbəd yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi qorunur.
   Məşhur aktyor sonra rayondakı “Qafqaz Resorte”, “Qafqaz Riverside” hotellərini və “Qafqaz Gənclik” İstirahət Mərkəzini və parkları gəzib, bu yerlərin səfalı və istirahət üçün gözəl bir məkan olduğunu vurğulayıb.
   Qonağa xatirə olaraq xalça hədiyyə edilib.
   Dekabrın 16-da fransalı aktyorun ölkəmizə səfəri başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar