19-cu əsrin ikinci yarısında milli mətbuatın əsası qoyuldu. Həmin dövrdə Azərbaycanda fədakar qələm sahibləri H.Zərdabi, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə kimi dəyərli ziyalılarımız əl-ələ verərək mətbuatı inkişaf etdirmək, xalqı qəflət yuxusundan oyatmaq, maarif və mədəniyyətin təbliği naminə əllərindən gələni etmişlər. Sonralar ölkəmizin əsarət altında olduğu dövrdə mətbuat orqanları təzyiqə məruz qalsa da, 20-ci əsrin sonunda Azərbaycanın müstəqillik qazanması mətbuatı da azadlığa qovuşdurdu, yolunda yaşıl işıq yandırdı. Hal-hazırda yüzlərlə dövlət və özəl mətbuat və media orqanları xalqın ixtiyarındadır. Öz seçimindən asılı olaraq, qəzet və jurnallarda, radio-televiziyada, İnternet saytlarında fəaliyyət göstərən jurnalistlər söz azadlığına sahibdirdilər. Unutmayaq ki, jurnalistika geniş və təsiredici təbliğat obyektidir. Əsl jurnalist odur ki, işini peşəkarcasına, namus və ləyaqətlə yerinə yetirsin, düzgünlüyün tərəfdarı olub, vicdanla yaşasın. Amma təəssüf ki, bugünkü dövrümüzdə belə jurnalistləri barmaq hesabı ilə saymaq olar. Bu sənətin səviyyəsini aşağı salan mətbuat işçiləri də az deyil. Həyatın belə bir qanunu var pislər tarixən unudulub gedir, yaxşılar isə heç vaxt unudulmur. İllər keçsə də, o simalar xalqımızın yaddaşından silinmir. Cismən ölsələr də, mənən ürəklərdə yaşayırlar.
   Bu gün sevinclə qeyd etdiyimiz mətbuat günündə öz həyatlarını sənətlərinə qurban verən jurnalistlərimizi yad etməmək günah olar.
   Azərbaycanın bu gün də fəxrlə yad etdiyi, sevdiyi jurnalistlər içində Salatın Əsgərovanın xüsusi yeri var. O, Qarabağın ən odlu nöqtələrində peşə borcunu yerinə yetirərkən Azərbaycanın cəbhədə şəhid verdiyi ilk jurnalistdir. “Molodyoj Azerbaydjana” qəzetinin əməkdaşı olan milli qəhrəmanımızın məqalələrinin əsas mövzusu Qarabağ, vətəninin azadlığı və bütövlüyü uğrunda ermənilərə qarşı vuruşan oğulların qəhrəmanlığı, mərdliyi təşkil edirdi. İstedadlı jurnalist 1991-ci il yanvarın 9-də Laçından Şuşaya yollanarkən yolun 6-ci kilometrliyində Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutularaq amansızcasına qətlə yetirilmişdir.
   Həyatını sənəti və vətəni yolunda qurban verən jurnalistlərimizdən biri də Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevdir. Hərbçi ailəsində doğulub boya-başa çatan, təhsilini tibb sahəsində alan bacarıqlı, qorxmaz qəhrəmanımız Ermənistanın Azərbaycana təcavüzü başlanandan sonra jurnalistikaya üz tutdu. 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ölkəmizin döyüş gedən bütün bölgələrində operativ xəbərləri, ayrı-ayrı əsgərlər haqqında reportajları və bütün informasiyaları xalqa çatdırdı. Azərbaycanın gerçəkliyi haqqında olan reportajlar Amerika və Avropanın aparıcı televizyalarına yol taparaq işıq üzü gördü. Xocalıda çəkdiyi film onu bütün dünyada tanıtmaqla yanaşı, ermənilərin iç üzünü açdı. Çingiz Mustafayev cəbhədə çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak oldu. Çingiz sonadək kameranı söndürmədi. Bu, həm də onun öləndən sonra da yaşayacağına işarə idi. İlk müharibə reportyoru olan Çingiz daim xalqımızın tərəfindən fəxrlə anılacaq.
   Azərbaycanda söz azadlığının simvoluna çevrilən Elmar Hüseynovun mətbuat sahəsində xidmətləri danılmazdır. “Monitor” jurnalında baş redaktor kimi fəaliyyət göstərdiyi dövrdə öz subyektiv fikirlərini çəkinmədən, açıq-aydın deyirdi. O, 2005-ci il mart ayının 2-də yaşadığı binanın girişində qətlə yetirildi. Elmar Hüseynov həyatını sevdiyi sənətə, demokratiyaya, söz azadlığına qurban verdi. Elmar Hüseynov cismən ölsə də, onun fikirləri, ideyaları xalqın ürəyində, düşünən beynində daim yaşayacaq.
   İllər keçsə də, adlarını indi fəxrlə çəkdiyimiz jurnalistləri xalqımız heç vaxt unutmayacaq. Onların cəsarəti, tələbkarlığı, qorxmazlığı, sənətə olan hədsiz sevgiləri gənc jurnalist nəslinə örnək olacaq. Necə deyərlər, “Heç kəs unudulmur, heç nə yaddan çıxmır”.
   
   Könül MAYILOVA
   
ssenarist-az@mail.ru