Bu yol yüzlərlə döyüşçü dostumdan birinin yolu…
      
   Dünya həm sənindir, həm də mənim, qardaş. Özü də «beşgünlük» deyil bu dünya. Nəqdisindən 2009 ili təqvimə düşüb, eramızdan əvvəlləri də ki, öz yerində. Sən ondan danış ki, bu dünyanın Qarabağ adlı cənnətməkan bir diyarı neçə illərdi işğal cəhənnəmində «yaşayır». Ana torpağımızın bir parçası bu sayaq yaşayırsa, biz bu torpağın digər parçasında nə sayaq yaşayaq, qardaş?
   
   İnsan nə qədər ömür sürür, bunun nə qədərini yuxulu, nə qədərini oyaq olur, nə qədər şər, nə qədər xeyir işlər görür - bunları hesablamaq o qədər də çətin deyil. Çətini, hesaba gəlməyəni yaşamağın nə demək olduğunu hesablamaqdır. Vətəndaş olmaq hansı hesabdandır, görəsən? Deyirik hər şeyi Allah bilər. Düppədüz! Nə qədər vicdanla yaşayıb-yaşamadığımızı da Allahdan başqa heç kim bilmir, əcəba?! Yəni biz o qədər bisavadıqmı ki, necəliyimizi, nəcürlüyümüzü, hansı il, hansı gün, hansı saatda, harada neyləmişik, nələrə yol vermişik - bilməyək? Hər kəs öz ömürnaməsini özü yazmırmı? Yaşın neçə olması o qədər də vacib deyil. Vacibi odur ki, özünçünlükdən bir az kəsib Vətən üçün, millət üçün xərcləyəsən. Xərclənən elə təkcə pul deyil ki, qardaşım! Bir yetimə ümidverici bir baxışı, bir arxasızın kürəyinə qoyulan əli bəzən dünyanın heç bir bankı əvəz edə bilməz.
   Tanrıdan başqa hər şey müvəqqətidir. Amma müvəqqətiliyin də aşağı-yuxarılığı var. Bir körpünün ömrü onun üstündən keçənlərin ömür cəminə bərabərdir. Bir abidənin ömrü ona baxıb zövq alanların cəminin ömrü qədərdir. Bir yaxşı soz, bir yaxşı əməl, mənalı bir misra dünya durduqca durmurmu, şəhidlər kimi ölümsüz olmurmu?..
   Şəhid və qazi dostlarımdan - vətənimizin dar günündə döyüşlərə atılan cavanlıq dostlarımdan, məsləkdaşlarımdan az yazmamışam. Daim arzulamışam ki, o igid vətən oğulları haqqında nəsə yazıb yadigar qoyum. Əlbəttə, onların hamısı haqda yazmaq mümkün deyil. Bir də ona görə ki, onların hər birinin həyatı bütöv bir romanlıqdır. Mən isə sadə bir qələm əhliyəm və bu an hər gün gözlərim önündən kino lenti kimi gəlib keçən o günlərdən, o dostlardan bir «kadr» haqda - «Elxan kadrı» haqda düşünürəm. Keçmiş könüllü döyüşçü, bu gün isə Ağdam Dövlət Dram Teatrının baş rejissoru Elxan Mikayılov haqda...
   Torpağı qəlbən sevməsən, onu nəinki müdafiə, hətta əkib-becərə də bilməzsən. Düzdür, o vaxtlar - 80-ci illərin sonlarında vətəni qorumaq dövrün tələbi idi. Elxan kimi oğullar isə daha dözümsüz, Vətəni qorumağa vicdani məhkumlardan idilər. Düşmən tərəfdə bizim torpağımıza necə susamışdılarsa, bizlərin içərisində də düşməni məhv etməyə eləcə susayanlar var idi. O günlərədək bütün sözünü-söhbətini xalqımıza səhnədən deyən Elxan qəddar düşmənin Vətənimizə basqısından sonra sözünü silahla deməyi qərarlaşdırdı.
   Mən Elxanı Dağlıq Qarabağ münaqişəsindən əvvəl Ağdam Teatrının aktyoru kimi tanıyır və dostluq edirdim. Tez-tez parkda, çayxana və digər ictimai məkanlarda oturub söhbətlər edir, sənət haqda, onun və başqalarının yaratdığı gözəl obrazlar, maraqlı rollar haqda fikirlərimizi bölüşərdik. 80-ci illərin ortalarından etibarən söhbətlərimizin predmeti dəyişirdi. Biz Ermənistanın və onun havadarlarının xalqımızın əleyhinə hazırladıqları işğalçılıq ssenarisinin qoxusunu duyurduq. Çoxlarının haqlı olaraq “yenidənqırma” kimi qiymətləndirdiyi yenidənqurma illəri başlananda Elxan həmin məsələnin heç də bizim xeyrimizə olmayacağı ilə bağlı maraqlı bir kompozisiya hazırladı. Burada böyük bir kütlə iştirak edirdi və o vaxtlar mənim dərs dediyim məktəbin şagirdləri də o teatral quruluşda var idi. Artıq Elxanın fəaliyyət, görüş dairəsi teatr səhnəsindən həyat səhnəsinə keçmişdi və o dövr hökumət adamlarının xoşuna gəlməyən bu kompozisiya onun bu işdən uzaqlaşdırılması ilə nəticələndi. Bizim söhbətlərimiz də sənətdən həyata keçmişdi. Biz artıq Ermənistandan - əslində klassik Azərbaycandan kütləvi şəkildə qovulmağa başlayan soydaşlarımızın aqibəti haqda düşünür, nələr baş verəcəyi ətrafında yerli ziyalılarla diskussiyalar aparır, bu yolun o başında bizi nələr gözlədiyi barədə mübahisələr edirdik.
   Hadisələr də sürətlə bir-birini əvəz edir, gündə-günaşırı camaata yeni-yeni sürprizlər «bəxş» edirdi. Vaxt gəldi ki, mən bu söhbətlərdən ayrılmalı oldum; o vaxtların terminləri ilə desək, artıq bir çox «dözümsüz», «ekstremist» adamlar olaraq, cəbhəyə gedir, tezliklə daha qızğın şəkil alası döyüşlər üçün səngərlər qazır, digər hazırlıq işləri görürdük. Mən gecələr erməni kəndləri ilə bizim kəndlər arasındakı məsafələr və digər strateji məsələlər haqda məlumatlar toplamaqla məşğul olduğumdan xeyli müddət idi ki, Elxanı görə bilmirdim.
   Və bu da 92-ci ilin yanvarı. Elxan geridə qalan illəri çox çətinliklə yola verirmiş. Sonradan mənə danışdığı söhbətlərdən aydın oldu ki, o, döyüşdən kənarda keçirdiyi bu müddət ərzində hər gün öz düşüncələrində vuruşurmuş. Və nəhayət, həmin ilin həmin günündə qərara gəlib ki, bizim batalyona gəlib düşmənə qarşı qanlı döyüşlərə atılsın.
   Gəldiyi gün gözümə bir az narahat dəydi. Ümumi vəziyyətdən əlavə, mənim ortancıl oğlum Sənanın şəhid olması Elxanı çox sarsıtmışdı. «Dünyada hər şey ola bilər» fikri ilə söhbətimizi yekunlaşdırdıq və mən ona təklif etdim ki, döyüşlərin önündə yox, bir az təhlükəsiz yerlərdə olması məsləhətdir. Lakin nə qədər təkid etsəm də, Elxan qəti qərar verdi ki, milli ordumuzun tərkibində, özü də döyüşün ən qızğın yerlərində iştirak etməkdə israrlıdır. Açığı, mən çox narahat idim: «Belə bir istedadlı sənətçi, ziyalı və… heç nəyə baxmayan güllələr!..»
   Qızğın döyüşlərin ardı-arası kəsilmirdi. Elxan onların, demək olar, hamısında iştirak edirdi. O, həm döyüşür, həm məqam tapdıqca döyüş gündəliyinə sətirlər yazır, ən maraqlı məqamları, mənzərələri fotoaparatının yaddaşına köçürürdü. O, qəhrəman əsgər dostları haqda yazdığı məqalələri qəzetlərdə çap etdirir, döyüşçülərimizi ruhlandırır, bəzən, necə deyərlər, iki daşın arasında da rejissorluğundan, aktyorluğundan qalmırdı; tutalım düşmən tərəfdə atəşimizdən yıxılan bir Hayrapetin şəbehini çıxarması ilə bizim uşaqların daha böyük ruh yüksəkliyi ilə döyüşməsinə təsir edirdi. O, çox qorxubilməz döyüşçü idi. İri cüssəsi, çox çevik hərəkətləri ilə ətrafa qəhrəmanlıq dalğalandırırdı.
   1992-ci il iyulun ortaları. Güllə çatışmazlığı üzündən mən Elxanla arxa batalyona getməli olduq. Biz dağdan enən zaman, o vaxtların dili ilə desək, «dadlı» bir səs eşitdik. Bu, ermənilərin bir-birinə çaqqal səsi ilə parolları idi. Səslərindən bilinirdi ki, iki nəfərdi. Zil qaranlıq gecə. Bir az uzaqda isə pulemyotların gecənin bağrını dələn şaqqıltıları. Bu iki çaqqal da bəlkə elə o səslərin və zülmət gecənin qorxusundan ulaşırdı. Düzü, biz özümüz də üşənirdik. Elxan istədi ki, onlara atəş açsın və beləliklə, biz də bu müdhiş situasiyanın qorxusunu canımızdan çıxaraq. O, üzünü mənə tutub pıçıldadı: «Komandir, onların səsini kəsmək istəyirəm». Mən başımın hərəkəti ilə bildirdim ki, hələ dayan. O, əlavə etdi: «Camaatın üstünə it hürəndə, bizim də üstümüzə çaqqal-çuqqal ulaşır». Mən bildirdim ki, erməninin iki ölüsündənsə, düşmənin iki «dil»i bizim üçün daha vacibdir. Gözlə, bəlkə tutub apara bildik. Elxan: «Bu zülmət qaranlıqda zülmət zarafat! Komandir, bu, çaqqalların tülkülüyü də ola bilər. Bəlkə, ikicə səs çıxarmaqla bizi aldadırlar, bəlkə onların sayı-hesabı yoxdur. Bir dərindən nəfəs al və dərindən fikirləş. Ya əgər tərs damarın tutubsa, avandına çevir, icazə ver onları gəbərdim». Nəhayət, Elxan dediyi oldu. Onları öldürdük. Sonra balaca bir dialoqumuz oldu. Elə oradaca Xocalının zülmət gecə qırğınını xatırladıq. Bu düzəngahda onlardan çox, lap çox sayda öldürmək istəyimizdən danışdıq. Lakin geridəki batalyonumuzun əsgərlərinə güllə çatdırmaq gərək idi. Mən - bunlar hamısı başa düşüləndir, Elxan. - dedim. - Lakin bunun da vaxtı, məqamı var. Allah sənin kimi oğlanlara dəyməsin, vaxt gələr, bütün qisas planlarımızı yerinə yetirərik.
   Sonra biz qarşıdakı hənirtilərə doğru irəlilədik. Eyni vaxtda atəş açdıq. Gecənin zil qaranlığında aləm bir-birinə qarışdı. Atəş səsləri qayalarda əks-səda verirdi. Donuz səslərinə oxşar zarıltılar eşitdik və çaqqallar orkestrinin ulartıları fonunda yolumuza davam etdik.
   Mən o gecə nələr düşünürdüm. Fikirləşirdim ki, görəsən, bu saat bütün Qarabağ döyüşlərində neçə sənət adamı olar? Görəsən, onları qorxu-hürküsüz sənət aləmindən ayırıb bu dəhşətli məkan və məqamlara gətirən hansı hisslərdir? Bu suallara Elxanın üzünə baxdıqca və sözlərini dinlədikcə aydın cavablar tapırdım. O gecə Elxanın silueti də çox söz danışırdı. Bunlardan mənim üçün ən aydını bu idi ki, «Vətən bütün sənət və sənədlərdən üstündür. Vətən yoxdursa, səhnə də yoxdur, sənət də yoxdur. Vətəni müdafiə etmək nəinki teatr səhnəsini, bütövlükdə bütün sənət və həyat aləmini müdafiə etmək deməkdir».
   O gündən mən Elxanı çox az-az görürəm. Amma onun səsini, söhbətini daim eşidir və arxayın oluram ki, bu saat Bərdə şəhərində yerləşən Ağdam Dövlət Dram Teatrında baş rejissor işləyən Elxan Mikayılov öz sənət döyüşlərindən bir an belə qalmır...
   
   Həmişə əsgər -
   Hacı Əkbər