Bu yaxınlarda bir qrup Azərbaycan ziyalısı Xankəndi, Şuşa və İrəvan səfərindən qayıdıblar. Onların sırasında Şuşa Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov da olub. Səfərlə bağlı onun təəssüratlarını sizə təqdim edirik:
   
   - Mən Şuşada doğulmuşam. Orda orta məktəbi bitirmişəm. Ali təhsil alandan sonra yenə də Şuşaya qayıtmışam, burda işləmişəm. 82-ci il idi. Elə o ilin iyulunda Heydər Əliyev Şuşaya gəlmişdi - Vaqif poeziya günlərinə. Orda məni ona təqdim etdilər. H.Əliyev DQMV-nin birinci katibi Kevorkova dedi ki, başqa vaxt gileylənirsiniz ki, cavan kadrımız yoxdu. Bəs bu cavan oğlan kadr deyil? Elə həmin günün ertəsi DQMV Partiya Komitəsində şöbə müdiri təyin olundum. Robert Köçəryan və Serj Sərkisyan mənim şöbəmdə təlimatçı işləyirdilər. Şuşa Şəhər Komsomol Komitəsinin katibi olmuşam. Sonra ulu öndərimiz Heydər Əliyev Şuşada olarkən mənim DQMV-də Partiya Komitəsində işləməyimi məsləhət gördü. Onda 24 yaşım vardı. 1992-ci ilin mayına kimi - Şuşanın işğalına qədər vilayət Partiya Komitəsində məsul vəzifələrdə çalışmışam. Onu da deyim ki, Qarabağ hadisələri başlayandan əynimə hərbi forma geyib beş il döyüşmüşəm. Taqım komandiri olmuşam. Şuşanın işğalı ərəfəsində Üzeyir Hacıbəyovun ev-muzeyi və Şuşa Xalça Muzeyi eksponatlarının Bakıya gətirilməsini təşkil etmişəm. Yəni demək istədiyim odur ki, mənim bütün həyatım Şuşayla bağlı olub.
   Qaldı səfər haqqında... İyulun 2-də Ağdərə yolu ilə mən, bizim Rusiyadakı səfərimiz Polad Bülbüloğlu MM-in üzvləri - Asim Mollazadə, Rövşən Rzayev və Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi Xankəndində olduq. Burdakı qondarma qurumun rəhbərliyi ilə görüşdük. Sonra maşınla Şuşaya qalxdıq. Əlbəttə, 17 il əvvəl tərk elədiyim bu yerləri sakit seyr etmək mümkün deyildi. Yol boyu, itburnu və böyürtikən kolları, bir sözlə, tanış yerlər adamın qəlbini yerindən oynadırdı. Şuşanın girişindəki Məmmədhəsən qəbiristanlığı tamam dağıdılmışdı. Şuşadakı binalar cüzi təmir olunub. Əksəriyyət dağıntılar olduğu kimi qalıb. Qəribə bir şey deyim sizə: burda ağacların, binaların, küçələrin, yamacların belə üzündə də qəribə bir kədər vardı. Hamısı sükut içindədi. Adamın ürəyi ağrıyır, baxmaq olmur. Gövhər Ağa məscidinə gəldik. İçi elə dağılmış halda qalıb, viranə gündədi. Bülbülün ev-muzeyinə getdik. Həyətdəki köhnə tut ağacı olduğu kimi dururdu. Qəribədir ki, ağac təpədən-dırnağa yarpaq içində olsa da, tut gətirməmişdi. Mənim atam da, babam da Şuşada doğulub. Şuşadakı küçələrin azqala daşlarının sayını da bilirəm. Mən doğulduğum Qurdlar məhləsində olduq. Lakin doğulub boya-başa çatdığım evə ayaq basa bilmədim. Ürəyim gəlmədi. Keçib getdik. Cıdır düzünə qalxdıq. Mənim rəhmətlik atam da Şuşa Ağsaqqallar Şurasının sədri olub. 1987-ci ildə dünyasını dəyişib. Cıdır düzündəki qəbiristanlıq isə 1964-cü ildə bağlanmışdı. Şuşada atamın böyük nüfuzu olduğu üçün bütün Şuşa ağsaqqalları ayağa qalxdı ki, Cıdır düzündəki o qəbiristanlıq açılsın və mənim atam Kamil Abbasov Mirmövsum Nəvvabın qəbri yanında dəfn olunsun. Belə də oldu.
   Cıdır düzündən ətrafa boylandıq. Sonra mən ayrılıb qəbiristanlığa üz tutdum. Barısı uçurulmuş qəbiristanlıqda bir məzar da yox idi. Geri qayıtdım. Polad Bülbüloğlu çox həyəcanlı olduğumu görüb soruşdu ki, nə olub? Cavab verdim ki, bütün qəbirləri dağıdıblar. Dedi ki, Zahid, özünü ələ al. Sonradan orda çəkdirdiyimiz şəkillərə baxanda görürəm ki, ağlamışam. Mən güləşçiyəm. 1979-1980-ci illərdə, iki il dalbadal sərbəst güləş üzrə SSRİ çempionu olmuşam. Yəni demək istəyirəm ki, həm fiziki cəhətdən, həm də iradəcə möhkəm adamam. Ancaq görünür, torpaq həsrəti bundan daha güclüymüş.
   Şuşadan vertolyotla İrəvana gəldik. Prezident S.Sərkisyanla görüşümüz oldu. Bayaq dediyim kimi, 10 il DQMV-də onunla bir yerdə işləmişik. O, mənim işçim olub. Dəfələrlə Şuşada bizim evdə olub - çörək yemişik. Heç ağlıma da gəlməzdi ki, nə vaxtsa belə bir görüşümüz olar. Düşündüm ki, görən o, məni necə qarşılayacaq? İçəri girdi. Hamı ilə görüşdü. Məni görən kimi tanıdı, «Zaid» deyib qucaqlamaq istədi. Əlimi tutdu. Çəpəki durmuşdum. Bir növ, özümü bilməməzliyə qoydum. Özü də bunu başa düşdü. Ani çaşqınlıq yarandı. Keçib yerində oturdu. Sonra məlum oldu ki, bizim nümayəndələrin biri ilə görüşməyib. O, təzədən yerindən durub gəlib görüşdü. Ümumi danışmağa başladı. Ona dedim: «Bizdə nə qədər olmusan? Mənim üç uşağımın sağlığına neçə dəfə badə qaldırmısan, yadındadı? İndi o uşaqlar böyüyüb, 4 nəvəm var (burda S.Sərkisyan qayıtdı ki, mənim də təzə nəvəm olub) İndi mənim nəvələrim hər səhər yuxudan oyananda məndən soruşurlar ki, Şuşaya nə vaxt gedəcəyik? Onlara cavab verə bilmirəm. Onlara nə deyim?» S.Sərkisyan mənə cavabında: «Zaid, bu gündən köç gəl Şuşaya. Sənin evinin yanında polis qoyacağam». Dedim ki, mənə elə yaşamaq lazım deyil. Qayıtdı ki, Zaid, mən bir qərara gələ bilmirəm. Nə Avropada, nə Qarabağda, nə də Ermənistanda bir erməni tapa bilməzsən ki, Azərbaycanın tərkibində qalmağa razılıq versin. Mən də onun bu sözünün qabağında qayıtdım ki, elə dediyin Avropada, Qarabağda, eləcə də Azərbaycanda bir nəfər azərbaycanlı tapmazsan ki, desin, mən torpağımı ermənilərə verirəm. Bir də ki, biz sizə torpaq verməmişik. Siz torpağımızı işğal etmisiz. Torpaq bizimdi. Əgər erməni istəyər Qarabağda yaşasın, biz heç nə demirik. Ancaq öz torpağımızı heç vaxt heç kimə verən deyilik. O, bu sözlərimdən tutuldu. Dedi ki, variantlar verin, işləyək. Cavab verdim ki, biz öz variantlarımızı vermişik və bir də indi variant yeri deyil. Biz bura gəlmişik ki, sizə deyək: əsrlər boyu Şuşa Azərbaycanın tarixi torpağı olub, DQMV Azərbaycanın tərkibində inkişaf edib, burda nəhəng sənaye obyektləri tikilib, dəmiryol xətti çəkilib, institutlar açılıb, parklar salınıb. Bütün bunları Azərbaycan edib. Dedim ki, belə görüşləri tez-tez keçirmək lazımdır, təxminən hər tərəfdən 50 nəfərə yaxın adam olmaq şərti ilə. Biz bu görüşlərdə azərbaycanlı əhalinin Dağlıq Qarabağa necə - məhlə-məhlə, küçə-küçə, kənd-kənd - köçürülməsini müzakirə etməliyik. Yoxsa təsadüfi görüşlər heç nəyi həll edəsi deyil. Dedi ki, çalışarıq. Elə həmin də gün də Bakıya qayıtdıq. Bizimlə Bakıya Ermənistanın iki aparacı qəzetinin baş redaktoru, Ermənistanın Rusiyadakı səfiri və keçmiş futbolçu Eduard Markarov da gəldi. Sözsüz ki, onlar Bakını görəndə heyranlıqlarını gizlədə bildmirdilər. Dedilər ki, biz elə Avropanın böyük bir şəhərindəyik. Elə həmin gün bizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul etdi. Biz səfərimiz barədə dövlətimizin başçısına məlumat verdik.
   
   Söhbəti yazdı:
   Qorxmaz Şıxalıoğlu