Azərbaycanın mütəfəkkir şəxsiyyətləri, zəngin maddi və mənəvi sərvətləri həmişə bizi sevməyənləri qıcıqlandırıb. Onlar əllərindən gələni ediblər ki, bu sərvətlərin Azərbaycana aid olmadığını sübuta yetirsinlər. Ermənilər uzun illər ərzində Nizaminin Azərbaycan - türk şairi olmaması cəfəngiyyatını aləmə car çəkməklə bizə yeni-yeni mənəvi zərbələr vurmaq istəyiblər. Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Şahsuvar Haşımov böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Bakıda abidəsinin qoyulması prosesində ermənilərin törətdikləri əngəllərlə bağlı arxivdə xeyli faktların olduğunu bildirir: "1941-ci il fevralın 17-də Moskvada Nizaminin abidəsinin hazırlanması ilə bağlı layihə sənədlərinə baxılır. Memarlar Sadıq Dadaşov, Mikayıl Hüseynov, Xalıq Əbdürrəhmanov və başqalarını Moskvaya dəvət etmişdilər. Nizaminin dəqiq surətinin abidədə ifadə edilməsi son dərəcə ciddi məsələ kimi qarşıda dururdu.
  
   Moskvada keçirilən müzakirələrdə ermənilər də iştirak edirdilər. Bakıda Nizaminin heykəlinin necə qurulması ilə bağlı kəskin mübahisələr yaranırdı: "Ermənilər deyirdilər, nə ilə sübut edə bilərsiniz ki, təqdim edilən şəkil variantları həqiqətən Nizaminindir? Tələb olunurdu ki, bu variantlar geri qaytarılsın. Ermənilər mümkün qədər bu ideyanın əngəllənməsini istəyirdilər. Onların məntiqinə qarşı memar Sadıq Dadaşov ciddi arqumentlərlə dolu məruzə ilə çıxış edir. Onun gətirdiyi faktlar erməniləri çıxılmaz vəziyyətə salır, məsələnin xeyrimizə həll olunmasına səbəb olur. S.Dadaşov deyir ki, illərlə Azərbaycanın əsarətdə yaşaması farsların xalqımızın bir çox mənəvi sərvətlərinə sahib çıxmaları ilə nəticələnib. Səbəbi də belə gətiriblər ki, Nizami farsca yazıb. Amma Nizami bütün ruhuyla Azərbaycan şairidir. Farslar həmişə əsaslandırmaq istəyiblər ki, feodal-patriarxal bir ölkə olaraq Azərbaycan Nizami kimi böyük bir şairi yetirə bilməzdi".
   Məhz o zaman SSRİ-nin bir imperiya olaraq maraqları tələb edirdi ki, Azərbaycanın paytaxtı Bakıda Nizaminin heykəlinin qoyulmasına razılıq versin, həmçinin onun Azərbaycan şairi olması həqiqətinin arxasında dursun. Hər halda bu, mahiyyətcə Moskvanın üstünlüyü sayılacaqdı: "Stalin bu qənaətə gəlir ki, Bakıda Nizaminin heykəli qoyulmalıdır. Təsadüfi deyil ki, 1941-ci ildə Leninqrad (Sankt-Peterburq) dəhşətli mühasirədə olduğu zaman Nizaminin 800 illik yubileyi təntənə ilə qeyd edildi. Ermənilər bütün zamanlarla Nizaminin farslaşdırılmasını fikrini yeritmək istəsələr də, bu mənfur məqsədlərinə nail olmayıblar".
   Ermənizm xəstəliyi daha ciddi formada davam etdirilir. Reallıq budur ki, erməni bu gün dünya miqayasında daha səylə, inadla türkləri ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edir. Dünya nəinki buna qarşı dirəniş göstərmir, əksinə Avropanın timsalında erməni hədyanını dəstəkləyir, türkün doğrudan da "qaniçən", "vəhşi", "soyqırımı törədən bir millət" olması obrazını davamlı şəkildə yaradır. Gedişat onu göstərir ki, hələ bir müddət erməni bu sayaq gedişlərində üstün görünəcək. Çünki fürsətcil ermənilər zamanında işlərini möhkəm tutublar.
   Ermənilər 60-cı illərdən başlayaraq "erməni genosidi" mövzusunu daha geniş maştabda qabartdılar, hətta SSRİ-nin dəmir rejimli dövründə İrəvanın küçələrində nümayişlər, mitinqlər təşkil etdilər.
   Vaxtilə ermənilərin Matenadarandakı arxivində olduğunu deyən Ş.Haşımov onların daim buranı "tarixi sənədlərilə" zəngiləşdirdiklərinii bildirir: "Onlar gələn qonaqlarını ilk növbədə ora aparır, erməni tarixinin, mədəniyyətinin qədimliyindən danışırdılar. Ermənilər sübut etməyə çalışırdılar ki, guya onların eradan əvvəl 1-ci əsrdə yazılmış tarix kitabı var, burada ermənilərin tarixi əks olunub. Moskvadan, Leninqraddan gələn alimlər də gülüşürdülər ki, nə oldu, belə çıxır ki, dünyanı yaradan elə ermənilərdir?" Ermənilər həmişə uydurduqları cəfəngiyyatı son dərəcə ustalıqla ediblər".
   Şahsuvar müəllim bu gün də narahat olduğunu dilə gətirdi. Onun dediyinə görə ermənilər bu gün də Azərbaycan alimlərinin elmi-nəzəri fikirlərini xarici ölkələrdə bu və ya digər "ölçülərlə", "üsullarla" "mənimsəyirlər". "Şəxsən mən dəfələrlə xarici ölkələrə elmi məqalələr göndərmək istəyən alimlərimizin tərəddüdlü məqamları ilə az rastlaşmamışam. Unutmayaq ki, ermənilər xaricdə elmi əsərlərinin sorağı yayılan soydaşlarımızın potensialının da "özlərininki" edilməsi üçün hər an pusqudadırlar".
  
   Elçin Qaliboğlu