Azərbaycanda ilk məktəb muzeyini o yaratmışdır
   
   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamına əsasən böyük yazıçı - dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illik yubileyi Naxçıvan Muxtar Respublikasının elm, mədəniyyət, təhsil ocaqlarında müxtəlif səpkili silsilə tədbirlərlə qeyd olunur.
  
   Cəlil Məmmədquluzadənin həyatına, ictimai fəaliyyətinə nəzər saldıqda görürük ki,görkəmli ədib geriliyə, savadsızlığa, dini xürafata qarşı mübarizə aparmış, həmişə xalqı milli oyanışa səsləmiş, yeniyetmə və gənclərdə milli məfkurənin formalaşmasına çalışmışdır. Bu cür yüksək milli-mənəvi missiyanı o, təkcə özünün ədəbi-bədii yaradıcılığı vasitəsilə deyil, həm də geniş ictimai fəaliyyəti ilə də həyata keçirmişdir.
   Məlum olduğu kimi, C.Məmmədquluzadənin həyatının müəyyən bir dövrü Naxçıvanın Nehrəm kəndindəki müəllimlik fəaliyyəti (1890-1897-illər) ilə bağlı olmuşdur.
   Naxçıvanın Nehrəm kəndində müəllim işlədiyi illərdə C.Məmmədquluzadə yalnız dərs deməklə kifayətlənməmiş, həm də şagirdlərdə vətəni, xalqı sevmək, onun tarixinə hörmətlə yanaşmaq və dərindən öyrənib mənimsəmək hisslərini də aşılamağa çalışmışdır.
   Bu məqsədlə C. Məmmədquluzadə 1896- cı ildə müəllim işlədiyi Nehrəm kənd məktəbində muzey yaratmağa təşəbbüs göstərmiş və buna icazə verilməsi üçün Xalq Məktəbləri İdarəsinin müdiriyyətinə yazılı müraciət etmişdir.Bir müddət keçdikdən sonra öz müraciətinə Xalq Məktəbləri İdarəsinin müdriyyətindən müsbət cavab alan C.Məmmədquluzadə müəllim həmkarlarının da köməyindən istifadə etməklə Azərbaycanda ilk dəfə olaraq məktəbdə o dövr üçün heç də ənənəvi olmayan milli muzey yaratmağa nail olmuşdur. Muzeydə Azərbaycanın, o cümlədən Naxçıvan diyarının tarixinə dair maddi-mədəniyyət nümunələri toplamışdır.
   Naxçıvanda muzey işinin tarixinə dair məlumatlar əldə etmək məqsədilə 1999-cu ilin mayında oradakı yaşlı nəslin nümayəndələrindən biri, filologiya elmləri namizədi, vaxtilə Naxçıvan Dövlət Tarix Muzeyində işləmiş, mərhum Lətif Hüseynzadə ilə görüşüb söhbət etmişəm. Onun verdiyi məlumata görə C. Məmmədquluzadənin Nehrəm kənd məktəbində təşkil etdiyi muzeydə əsasən saxsıdan hazırlanmış küpələr, kuzələr,sənəklər, misdən hazırlanmış məişət əşyaları, mis pul sikkələri, xalça və xalçaçılıq məmulatları, toxuma əl işləri və s. bu kimi dəyərli əşyalar toplanmışdır. Əşyaların toplanması işinə sonrakı vaxtlarda müəllimlərlə yanaşı, şagirdlər və onların valideynləri də cəlb edilmiş, muzey get-gedə zənginləşdirilmişdir.
   Nehrəm kənd məktəbində muzey yaratmaq sahəsində göstərdiyi nəcib təşəbbüsə görə sonralar Xalq Məktəbləri İdarəsinin müdiriyyətinin təşəkkürünü alan C.Məmmədquluzadə Azərbaycanda ilk dəfə məktəbdə müasir tipli muzey yaradaraq muzey işinin əsasını qoymuşdu.
   Görkəmli yazıçının bu möhtəşəm işi «Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 6 mart 2007-ci il tarixli sərəncamında lazımınca qiymətləndirilib. Bununla əlaqədar söhbətgedən sərəncamda qeyd olunur: «XIX əsrin ikinci yarısından etibarən Azərbaycanın ictimai- siyasi,mədəni fikir həyatında sürətlə cərəyan edən proseslər öz növbəsində muzey işinin təşkilinə təkan vermiş və ölkəmizdə müasir tipli muzeylərin yaranmasına başlanmışdır. İlk belə muzeylərdən biri görkəmli maaarifpərvər yazıçı C.Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında təşkil olunmuşdur».
   113 il bundan əvvəl C.Məmmədquluzadə tərəfindən muzeyin yaradılması o dövr üçün böyük hadisə idi. Həmin muzey ən azından Nehrəm kəndinin əhalisinin xalqımızın tarixi keçmişi haqqında məlumatlar əldə etmələrinə köməklik etmiş, digər tərəfdən isə Azərbaycanda və onun ayrılmaz parçası olan qədim Naxçıvan diyarında XIX əsrin sonu XX əsrin əvvəllərində muzey əhəmiyyətli əşyaların toplanmasına, şəxsi kolleksiyaların yaranmasına öz təsirini göstərmişdir. Buna əyani nümunə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədərki dövrdə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun mövcud olmuş şəxsi muzeyini göstərmək olar.
   C.Məmmədquluzadə XIX əsrin sonlarında Azərbaycanda ilk müasir tipli muzeyin yaradılmasına təşəbbüs göstərib və buna nail olmaqla XX əsrin sonlarında özünün xatirəsinə muzeylər təşkil edilməsinə mənəvi haqq qazanmış oldu.
   C.Məmmədquluzadə irsinin toplanması, qorunması, öyrənilməsi və təbliği işini uzun illər indiki Naxçıvan Dövlət Tarix Muzeyi və C.Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyi həyata keçirmiş və bu sahədə işlər indinin özündə də davam etdirilir.
   Ədibin vaxtilə müəllim işlədiyi Şərur rayonunun Cəlilkənd və Babək rayonunun Nehrəm kəndlərində 1989-91-ci illərdə yaradılan xatirə muzeyləri və Naxçıvan şəhərindəki ev-muzeyi görkəmli yazıçının həyat və fəaliyyətini,ədəbi irsini təbliğ edirlər.
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1999-cu ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin qeyd olunduğu günlərdə Naxçıvanda olarkən Cəlil Məmmədquluzadənin ev-muzeyinin rəsmi açılış mərasimində çıxış edərkən demişdir: «Bilirsiniz, mən xoşbəxt günlərimdən birini yaşayıram, nə üçün? Çünki arzuma çatmışam. Çünki Mirzə Cəlilin ev-muzeyini yaratmaq istəmişəm, bunu da yaratmışam. Azərbaycanın mötəbər adamları ilə bir yerdəyəm və bunu bir yerdə açırıq. Allah Mirzə Cəlilə rəhmət eləsin! Mirzə Cəlilin irsi, şəxsiyyəti, xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə yaşayacaqdır».
   140 illik yubileyinin qeyd olunduğu bir vaxtda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq C.Məmmədquluzadənin əziz xatirəsinə ehtiram əlaməti olaraq muzeylərimiz onun ədəbi irsini və ictimai fəaliyyətini dərindən öyrənib təbliğ etməklə bu yubileyə öz töhfələrini verməyə səy göstərirlər.
  
   Nizami RƏhimov,
   Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru