Müvəqqəti işğal olunmuş torpaqlarımızın anım günləri Salyan Rayon Mərkəzi Kitabxanası və filiallarında vaxtaşırı qeyd olunur. Belə tədbirlərin keçirilməsi yeniyetmələr və gənclərdə vətənpərvərlik hissinin aşılanması üçün vacibdir. Onlarda Vətənə məhəbbət hissi oyadır.
  
   Qubadlı rayonunun anım günündə rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri iştirak edirdilər.Anım günü kitabxananın oxu zalında keçirildi.Tədbir başlamamışdan əvvəl Qubadlı rayonundan bəhs edən qısametrajlı filmə baxış oldu.Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm Şöbəsinin inspektoru Lətif Zərbəliyev açaraq Qubadlı rayonunda olan mədəniyyət ocaqlarının, tarixi-memarlıq abidələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasından və həmin abidələri mənimsəmələrindən danışdı. Sonra Qubadlı rayonunun tarixindən Rayon Mərkəzi Kitabxanasının direktor müavini Səidə Əliyeva, Salyan Rayon İcra Hakimiyyətinin qaçqın və köçkünlərlə iş üzrə şöbə müdiri Dünyamin Abdullayev, uşaq kitabxanasının direktoru, qocaman mədəniyyət işçisi Səmayə Abdullayeva,mərkəzi kitabxananın metodisti Rəfiqə Ağabəyova işğal altında olan torpaqlarımızın tez bir zamanda azad olunacağından söz açdılar. Dövlət başçısı cənab İlham Əliyevin çıxışlarından sitat gətirərək bildirdilər ki, Azərbaycan torpağının bir qarışı belə düşmən tapdağı altında qalmayacaq.Buna hər bir kəs əmin ola bilər.
   Bədii hissə ilə davam etdirilən tədbirdə vətənpərvərlik mövzusunda kiçik hekayə və şeirlər səsləndi.
   Sonda tədbirdə iştirak edən məcburi köçkünlər Mədəniyyət və Turizm Nazirliyinə onlara bayram və əlamətdar günlərdə göstərdiyi maddi və mənəvi köməkliyə görə minnətdarlıqlarını bildirdilər.

   Lətif Zərbəliyev,
   Salyan rayonu