«Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir...»
   Heydər Əliyev
  
   Üzeyir Hacıbəyov! Bu şərəfli ad özündə zəngin tərcümeyi-halı, müxtəlif və mürəkkəb dövrlərdən keçən ömür yolunu, parlaq şəxsiyyəti və çoxcəhətli yaradıcılığı birləşdirir.
   1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlmiş, uşaqlığı Qarabağın tacı olan Şuşada keçmişdir. Musiqiçilər, xanəndələr vətəni olan, «Qafqazın konservatoriyası» adlanan bu şəhər Üzeyir bəy üçün də ilk musiqi məktəbi olmuşdur. Təbiət Üzeyir bəydən heç nə əsirgəməmişdir - misilsiz istedad, nadir musiqi qabiliyyəti, ritm hissi, saysız-sonsuz melodiyalar yaratmaq bacarığı, iti zəka, güclü yumor hissi, möhkəm iradə... Bəli, bütün bunlar Üzeyir şəxsiyyətində cəmlənmişdir.
   18 sentyabr, bu böyük şəxsiyyətin dünyaya gəldiyi gün ölkəmizdə musiqi günü, musiqi bayramı kimi qeyd olunur. Azərbaycanda ilk musiqi məktəblərinin, musiqi texnikumlarının, konservatoriyanın, xalq çalğı alətləri orkestrinin, simfonik orkestrin, Dövlət xorunun, simli kvartetin yaranması məhz Üzeyir bəyin yorulmaz fəaliyyəti ilə bağlıdır.
   Üzeyir bəy 1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdur. Qori seminariyasında o, ilk bəstəkarlıq təcrübəsini həyata keçirərək bir neçə Azərbaycan xalq mahnısını ikisəsli xor üçün işləmişdir.
   1897-1898-ci illərdə on üç yaşında ikən Şuşada gördüyü bir səhnə onun xəyalından çıxmırdı. Məşhur xanəndə Cabbar Qaryağdıoğlunun ifasında göstərilən bu səhnə «Məcnun Leylinin məzarı üstündə» adlanırdı. Həmin bu səhnədən təsirlənən balaca Üzeyir «operaya bənzər bir şey» yaratmaq fikrinə düşür.
   İllər keçir, bu «operaya bənzər bir şey» yaratmaq arzusu həqiqətə çevrilir. Lakin Üzeyir bəy «operaya bənzər bir şey» deyil, məhz operanın özünü - Şərqin ilk operası olan «Leyli və Məcnun»u yaradır. 1908-ci il yanvarın 25-də Hacı Zeynalabdin Tağıyev teatrında ilk Azərbaycan operasının tamaşası göstərilir. Üzeyir bəy bu operada Avropa tipli orkestrin tərkibinə tar, kamança gətirərək milli muğam operasının ilk səhifəsini açmışdır. Avropa tipli orkestrin tərkibinə tar, kamança gətirmək özü elə opera yaratmaq qədər böyük bir işdir, yenilikdir. Bu uğurun ardınca isə bəstəkar «Şeyx Sənan» (1909), «Rüstəm və Söhrab» (1910), «Şah Abbas və Xurşidbanu» (1912), «Əsli və Kərəm» (1912), «Harun və Leyla» (1915), «Koroğlu» (1937) kimi opralarını, «Ər və arvad» (1910), «O olmasın, bu olsun» (1911), «Arşın mal alan» (1913) kimi operettalarını ərsəyə gətirir. 69 dilə tərcümə olunan, 4 dəfə ekranlaşdırılan və 120-dən artıq teatr səhnəsində tamaşaya qoyulan «Arşın mal alan» beləcə dünyanın bir çox ölkəsini dolaşaraq müəllifinə böyük şöhrət gətirmişdir. «Koroğlu»dan başqa bütün opera və operettalarının libretto müəllifi özü olan bəstəkar bir dramaturq kimi də öz adını milli teatrımızın tarixində əbədiləşdirmişdir. Lakin Üzeyir bəyin istedadı bununla məhdudlaşmır, o bir publisist kimi də fəaliyyət göstərərək, dövrün mühüm ictimai, siyasi problemlərini öz alovlu publisistikasında əks etdirmişdir. «Həyat» qəzetində tərcüməçi, «İrşad» qəzetində tərcüməçi və felyetonçu, «Tərəqqi», «Həqiqət», «Yeni iqbal», «Azərbaycan» qəzetlərində isə baş redaktor vəzifəsində çalışmışdır.
   Üzeyir Hacıbəyovun da yaradıcılığının zirvəsini onun nəhəng operası olan «Koroğlu» təşkil edir. Əslində Üzeyir bəyin əsərləri arasında fərq qoymaq günah olardı. Onun əsərlərinin hər birinin özünəməxsus yeri vardır. Lakin «Koroğlu» operasının Azərbaycanın musiqi tarixində yeri əvəzolunmazdır. Operanın uvertürası özü-özlüyündə sanki ayrıca bir əsərdir. İnsanı təlatümə gətirən bu uvertüra Koroğlunun qəhrəmanlığını, mübarizliyini əks etdirməklə yanaşı, həm də Üzeyir bəyin qəlbinin dərinliklərində olan arzu və istəklərinin, gələcəyə olan ümidlərinin ifadəçisidir.
   Biz fəxr edirik ki, bu gün Azərbaycan Respublikasının üçrəngli bayrağı da zirvələrdə məhz Üzeyir bəyin ölməz musiqisinin sədaları altında dalğalanır.
  
    Aytən Heydərova,
    Üzeyir Hacıbəyovun ev-muzeyinin kiçik elmi işçisi