Dünyada parlaq həyat və yaradıcılığı ilə tanınan, eyni zamanda qəlblərdə, könüllərdə özünə yer tapan,sevilən sənət adamları çox olub. Xüsusilə yaradıcı adamlar - «Yeddi oğul istərəm», «Dədə Qorqud» filmlərinə baxarkən onun yaratdığı Mirpaşa və Qaraca çoban obrazları göz önünə gəlir. İstər-istəməz o, xoş xatirələrlə yad edilir. Eynən onların fəaliyyət göstərdiyi dövr və zaman da xatırlanır...
  
   Onu da qeyd edim ki, Azərbaycan rəssamlığında və aktyor sənətində Elçin Məmmədovun yeri və rolu haqqında çox yazılıb. Çünki o, çox böyük yaradıcılıq potensialına malik bir sənətkar olub. Lakin vaxtsız əcəl ona yaşayıb-yaratmağa və daha böyük zirvələr fəth etməyə imkan vermədi.
   O, yada düşərkən çox şey xatırlanır. Həm rəssam, həm də bir aktyor kimi sadə və səmimi olub. Davranışında, yaradıcılığında təbiilik qabarıq görsənib. O, öz sənət aləmindən danışarkən deyərmiş: “İstər rəssamlıq, istərsə də aktyorluq formaca bir-birinə oxşamasa da, məzmunca çox yaxın sənətlərdir. Çünki hər ikisi insanın daxili dünyasının təzahür formasıdır”.
   Elçin Məmmədov 1946-cı il mayın 29-da Bakıda anadan olub. Böyük sənət korifeyləri ailəsində böyüyüb. Atası xalq artisti Mehdi Məmmədov, anası Barat Şəkinskayadır. Lakin o, valideynlərinin sənət yolunu davam etdirmək istəməyib. Çünki onun çox yaxşı əl qabiliyyəti olub. Məhz buna görə də rəssam olmaq arzusu ilə çalışır. Bu arzu, istək onu Bakı Rəssamlıq Akademiyasına gətirir. Nədənsə rəssamlıq məktəbini yarımçıq qoyur. Sənədlərini İncəsənət İnstitutuna verir. Təhsilini müvəffəqiyyətlə başa vurur. Yüngül sənaye rəssamlığı ixtisasına yiyələnir... Onu da deyim ki, o, həqiqətən yaxşı rəssam olur. Sənət dostları deyir: Elçin rənglərin «dil»ini bizdən yaxşı bilirdi. Fantaziyası çox güclü idi. Olmayan bir şeyi qabaqcadan fantaziyasında - xəyalında yaradıb və sonra qəlbinin hərarətilə kağız üzərinə köçürərdi. Üzərində bir az işləyib maraqlı bir əsər yaradardı. Həmin əsərlərdə daha çox Bakı, onun küləkli soyuq qışı, bürkülü - yayı və ayrı-ayrı sənət adamlarının daxili dünyası təsvir olunardı...
   O, bu möhtəşəm sənətin - rəssamlığın bir çox sahələrində özünü sınayır. Sonda teatr rəssamlığı üzərində durur. Ona görə də xeyli vaxt bu sahədə çalışır. Eyni zamanda Rəssamlar İttifaqının Bədii İstehsalat Kombinatında, «Vışka» qəzetində rəssam kimi fəaliyyət göstərir. Daha sonra Opera və Balet Teatrında çalışır. Bir sıra tamaşalara quruluş verir... Əsərin ruhunu asanlıqla duyur, ona uyğun rənglər axtarıb tapır. O özü deyirmiş: çalışıram tamaşaçı yaratdığım - quruluş verdiyim tamaşalardakı dekorasiyaların doğurduğu ab-havadan razı qalsın... Quruluş verdiyi tamaşalara oturub sonadək baxmağı sevərmiş. Ondan bunun səbəbini soruşanda deyərmiş: özümü tamaşaçı yerinə qoyuram. İşimdə səhv, nöqsan axtarıram. Nə isə bir şey tapanda çox narahat oluram. Həmin səhvi dərhal düzəltməyə çalışıram...
   Onun «Xırs-Quldurbasan», «Dəli yığıncağı», «İnsan», «Meşşanlar», «İblis», «Hamlet» tamaşalarındakı işlərini yaxşı xatırlayırıq.
   Elçin Məmmədov işdən qorxmayan, yorulmayan sənətkar idi. O, tək Bakıda deyil, həm də Gəncədə, Naxçıvanda, Lənkəranda, Sumqayıtda, Mingəçevirdə, hətta Rusiyanın Moskva, Arxangelsk şəhərlərində bir çox tamaşalara rəssam kimi quruluş vermişdir.
   Görkəmli rejissor Mehdi Məmmədov Hüseyn Cavidin «İblis» əsərini tamaşaya qoyanda Elçin də tamaşanın quruluşçu rəssamı olur (1984). O vaxt teatrşünaslar bu tamaşadakı dekorasiyalar haqqında da yüksək fikir söyləyirlər. Deyilir ki, tamaşada quruluşçu rəssam işi - dekorasiyalar hadisələri yerində və çox yaxşı tamamlayır... O vaxt «İblis» tamaşası Dövlət Mükafatına layiq görülür...
   O, rəssam kimi püxtələşir. Teatr rəssamlığı sahəsində isə tam ixtisaslaşır. Tamaşaların əksəriyyətində onun dəst-xətti aydın hiss olunur.
   Elçin Məmmədov bir rəssam kimi həm də kitab tərtibatı sahəsində xeyli iş görür. «Kitabi-Dədə Qorqud», «Koroğlu», «Azərbaycan nağılları» kitablarına tərtibatlar verir...
   1970-ci ildə «Yeddi oğul istərəm» filmi çəkilir. Filmdə Mirpaşa rolu ona həvalə edilir. Daha doğrusu, onu bu rola çəkirlər. Film boyu fərdi keyfiyyətləri ilə - kobud hərəkətləri, düşünmədən atdığı addımlar və daha çox sadəlövhlüyü ilə tamaşaçıların diqqətindən yayınmır. Rejissor Tofiq Tağızadə Mirpaşa rolu haqda demişdi: «Elçinin yaratdığı Mirpaşa surəti bir rejissor kimi məni çox düşündürür. Sevinirəm ki, bu obraz kino aləminə vəsiqə alan E.Məmmədovun ilk addımı kimi uğurlu olmuşdu».
   O, 1975-ci ildə yenidən kinoya dəvət olunur. Rejissor Tofiq Tağızadə «Dədə Qorqud» filmində Qaraca Çoban rolunu ona verir. Bu rol da çox maraqlı obraz olur. Onun xarici görünüşü obrazın mahiyyətini tamamlayır. Qaraca Çobanın ağacı kökündən çıxarması heç kimdə şübhə yaratmır. Sanırsan ki, bu işin mümkünlüyü onun timsalında yerinə düşür.
   Onun yaradıcılığı həmişə diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdi. Belə ki, 1991-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. 1999-2001-ci illərdə teatrdakı işgüzar, səmərəli fəaliyyətinə görə «Qızıl Dərviş» mükafatı alır.
   Əməyinin qiymətləndirilməsi onun qarşısında geniş perspektivlər açır. Çox böyük həvəslə yeni-yeni ideyalar uğrunda yorulmadan, dincəlmədən çalışır... Lakin... Vaxtsız əcəl çox tez gəlir. İdeyalarını gerçəkləşdirməyə, yeni zirvələr fəth etməyə imkan vermir. 18 fevral 2001-ci ildə, ömrünün 55-ci ilində dünyasını dəyişir.
   Əlbəttə, o, cismən həyatda olmasa da, mənən qəlblərdə, könüllərdədir. Onun həyat və yaradıcılığı mədəniyyət tariximizə çox parlaq şəkildə yazıldı.
  
   Savalan Fərəcov