Turabovun son rolu: ölümdən ölümsüzlüyə
   
   Biz adamların gerçək dəyərini onları itirəndən sonra anlayırıq. Anlayıb təəssüflənirik. Fəqət nəticə çıxarmırıq. İtirə-itirə başımız daşdan-daşa dəysə də, nə faydası? Səhvlər dönə-dönə təkrarlanır. Bu acı həqiqəti qışın oğlan çağında dünyadan köçən Həsən Turabovun timsalında bir daha etiraf etmək məcburiyyətindəyik. «Könül söhbətlər»ində ondan bəhs etməyimsə, bu məcburiyyətdən uzaqdı.
   
   Milli teatr və kinomuz 20-ci yüzil boyu çox müqtədir sənətkarlar görüb. Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Mirzağa Əliyev, Mərziyə Davudova, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova, Möhsün Sənani, Barat Şəkinskaya, İsmayıl Osmanlı, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Yusif Vəliyev, Məlik Dadaşov, Həsən Məmmədov, Şahmar Ələkbərov, Səməndər Rzayev... Bu sıra xeyli uzana bilər. Və heç şübhəsiz, Turabov dövrünün parlaq sənətkarı kimi adı çəkilən ustadlarla bir sırada dayanmağa layiqdi. Nədən ki, 1960-2000-ci illər arası, qırx illik dövrdə Həsən Turabov və ya sadəcə, Həsən müəllim milli mədəniyyətimizin yetirdiyi nadir istedad sahiblərindən biriydi.
   O, əfsanəyə çevrilmiş sənət nəhənglərindən sonra sağlığında heykəlləşmiş, köhnələrdən yadigar kişiydi. Danılmazdır ki, Mehdi Məmmədov və Tofiq Kazımov, Ağasadıq Gəraybəyli və Hökumə Qurbanovadan sonra son 15-20 ildə teatrımızda şəxsiyyət və nüfuzu ilə seçilən Turabovuydu. Haqqında söylənən bütün söhbətlərə rəğmən, sevilir, sayılıb-seçilir, etalon hesab olunurdu. Sanki özündən əvvəlkilərdən ən yaxşı cəhətləri, ən alicənab keyfiyyətləri mənimsəməkçün gəlmişdi həyata. İstedadını bilə-bilə demədim, bu, onluq deyildi, Tanrı qismətiydi.
   Köhnələrin miras qoyduğu pis əməllərin, işdəklərin, «qayda-qanunların» azlığı-çoxluğu bir yana, min təəssüf ki, o mərəzlərin bəzisindən bu gün də qurtula bilmirik. Turabov bu cılızlığa enməyi nə özünə, nə də sevdiyi kəslərə rəva görərdi. Xeyirxahlığa, sadəliyə və səmimiyyətə təşnəydi. Kimsənin qabağında sınmazdı. Ağayana, ağır ləngərli yerişi, oturuşu-duruşuyla diqqəti özünə cəlb edərdi. Bəzən az qala saatlarla danışmazdı, susardı, ya da gözlərini hansısa məchul bir nöqtəyə zilləyib də baxardı. Tanımayan olsa, «bu kişidən qaradinməz , qaraqabaq, halına heç nə təfavüt eləməyən adam tapılmaz» qənaətinə gələrdi. Əslindəsə Turabov bu dünyanın ağır yükünü, nisgilini, amansız zərbələrini fil dözümüylə qarşılayar, bütün acıları, əzabları sakitcə yaşayardı. Dərdini dilə gətirməyi xoşlamazdı, əksinə, başqasının tale yükünü bölüşməyə çalışar, xəfifcə gülümsəyib, təsəlli verərdi: «Yaxşı olacaq, inşallah, darıxma»...
   Ən qəribəsi də odu ki, dediyinin çoxu tezliklə düzələn məsələ deyildi. Düzəlməsi müşkül olmasa da, həlli mənsəb sahiblərindən asılı məsələlərə insaf, mürvət və əsl vətəndaş qeyrəti gərək idi. O şeylər ki, get-gedə qəhətə çıxmaqdadı. Amma Turabov özünü və qarşısındakını, tezliklə hər şeyin yoluna düşəcəyi barədə söylədiyi fikirlərlə inandırmağa çalışardı. Çöhrəsinə hopan nurdan, işıqlı, mənalı gözlərdən həmsöhbətinin canına rahatlıq yayılardı. Dinləməyi bacaran, danışana hörmət duyduranıydı. Hərçənd kəmhövsələliyi, dediyini yeritməyi də varıydı. İntəlası, yola yovuğuydu. Hətta, sadəliyindən, ürəyinin təmizliyindən istifadə edib saqqızını oğurlamaq da olardı. Necə ki, bəzən oğurlayır, bu böyük insanın adına kölgə salırdılar.
   Turabovu lap çoxdan tanıyan şəxs kimi (qızı Sevinclə bir sinifdə oxumuşuq, həyat yoldaşı Solmaz xanımsa alman dili müəllməmiz olub-S.E.) uzun illər onu müşahidə etmişəm. Və tale elə gətirib ki, təqribən axır on beş ildə ünsiyyətdə olmuşam, tez-tez tədbirlərdə, iş yerində və evində görüşmüşəm. Dəfələrlə gah yazı üçün, gah da dərdləşmək xatirinə ordan-burdan söhbət salmışıq, aranı dağa, dağı arana daşımışıq. Yeri gəlmişkən, cavanlarla oturub-durmaq şakəri vardı və qətiyyən özünü yuxarı tutmazdı, arada pərdə saxlasa da, heç sən də sıxılmazdın. Deyərdin ən əziz, məhrəm adamın, tay-tuşundu.
   Dörd ay bu böyük kişiylə bir yerdə işləmişəm. Akademik Milli Dram Teatrında, mətbuat katibi qismində. Həsən müəllimin dəvətilə teatra gələndə hansı məsuliyyətin altına girdiyimi özümçün kəsdirmişdim. Ölkənin teatr həyatında ilk mətbuat katibi olmaq, özü də Milli Teatrda! Səhnə sənətimizin lideri, etalonu, pərdəarxası həyatdasa intriqa, qalmaqal yuvası kimi ad çıxaran bir ocaqda çalışmaq sizə asan gəlməsin. Ağlım kəsəndən qənaətim budur: teatrda baş saxlamaq hər oğulun işi deyil. O da ola Milli Teatr. Yeri gəlsə, səndən elə düşmən obrazı yaratsınlar ki, özün də məəttəl qalasan. Turabov belə bir təşkilatın rəhbəriydi. Və mən də onun yanında çalışmalıydım...
   Yadımdadı, mətbuat katibinin funksiyası və teatr-mətbuat əlaqələrinin tənzimlənməsinə dair əsasnamə hazırladım. Turabov bəyəndi, təsdiqlədi. Di gəl, əsasnamə işləmədi. Kollektiv məhəl qoymadı. Gördüm ki, bunların içində ala qarğa bala çıxarmaz. Giley-güzarımı Həsən müəllimə bildirəndə həmişəkitək gülümsədi: «Alə, qəribə adamsan ey, bəyəm sən bilmirsən ki, bunların nazıynan oynamaq lazımdı? Ağıllı oğlansan, özün də teatrın içində böyümüsən, unutma, artist uşaq kimi olur»... Doğrusu, Turabovun xatirinə dinmədim. Dinməmək də qorxudan deyildi ha, demokratiya sevən bu kişidən nə qorxmaq? Sadəcə, istəmədim ürəyinə toxunam. Çünki qapıçıdan müavininədək hamının nazıynan oynayırdı. Artıq-əskik söz pisinə gələrdi.
   Aktyorların maaşının artırılması, məişət qayğılarının həlli, kimlərəsə fəxri ad verilməsi və sair üçün az ağız açmazdı. Neçə-neçə adama əlindən gələn köməyi əsirgəməzdi. Maaş cədvəlinin üzünü də görməzdi. Müəllimliyə görə ona çatası əmək haqqını öz xahişiylə ehtiyacı olan cavanlar alırdı. Amma bütün teatrın problemini həll etməyə gücü çatmırdı. Özünü Turabovun xətrini çox istəyən kimi göstərən imkan sahiblərindən, əgər onlardan heç bir təşəbbüs olmazdısa, xırdaca bir şey belə istəməzdi. Onun qənaətincə, aktyor həmişə dik, alnıaçıq gəzməliydi, ona-buna əyilməməliydi-sənət və sənətkarın gözdən düşməməsi naminə. Buna görə maddi təminatın olmamasını bəhanə gətirən sənətçilərin hansısa yollara düşməsi onu sarsıdırdı. Amma çarə tapmırdı. Çeşid-çeşid amillərlə bağlı olan bu müşküllər böyük ustadı bəzən yazıq-fağır görkəmə salırdı.
   Teatrdan «öz ərizəsiylə» işdən azad olunması ona yer eləsə də, özünü tox tutdu. Turabov bu zərbəni uddu. Həzm edə bilməsə də. Vaxtilə belə münasibət milli teatr və kino sənətimizin inkişafında misilsiz xidməti olan Adil İsgəndərovdan yan keçməmişdi. İndisə növbə Turabovunuydu...
   Əqidəsinə, həyat amalına xilaf çıxmamaq üçün ürəyində aparılan əməliyyata para tapmaqdan ötrü bağını satdı.
   Xalqın mənəvi sərvətinə dönən şəxs nə iqtidardan, nə müxalifətdən, nə də dost-tanışdan bir şey umdu. Kimsəyə əyilmədi, dözdü...
   Deyilənə görə, cənublu soydaşımız, məşhur cərrah doktor Cavad Heyət bildiribmiş ki, o, uzağı üç il yaşayacaq. Bunu Həsən müəllimdən gizli saxlasalar da hər şeyi duyurdu. Hələ o zaman, 1999-cu ilin ilıq may günlərində ölümə hazırıydı və qorxmadan ona doğru yol gəlirdi. Bu yol üç il doqquz aydan sonra qurtardı. Hər şey bitdi.
   Yox, bitmədi, hər şey təzədən başladı. Şöhrətin, Hörmətin, Məhəbbətin, Sənətkarlığın, ən əsası Kişiliyin böyüklüyü sübuta yetdi. Onu tutduğu vəzifədən salanlar, yaxud buna sevinənlər, bütün məkrlilər, xainlər, fitnə-fəsad törədənlər Turabovu sevən, dəyərləndirən insanlarla bir sırada cənazəsi və qəbri önündə dayandılar. Hamı Sənətkar və Kişi ölməzliyi qarşısında lal-kar oldu. Turabov xoşbəxtiydi- sevdiyi, uğrunda çalışdığı xalqın çiynində gedirdi. Heç kimə minnət qoymadan, ağayana köçürdü dünyadan. Ölümsüzlük onun pişvazına çıxırdı. Aktyor sonuncu və əbədi rolunu oynayırdı. Onun bu rolu nə kefli İsgəndərə, nə Hamletə, nə Gəray bəyə, nə Qiyasa, nə Kəbirlinskiyə, nə də Mirzə Cəlilə bənzəyirdi. Bu, şah roluydu - özü yazmışdı, özü də oynayırdı...
   
   Seymur ElsevƏr
   
seymurelsever@rabler.ru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar