İçində yaşadığımız ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan olunması hamımızın ürəyincədir. Müqəddəs Ramazan ayını yenicə yola salan mömin həmvətənlərimiz bu dinin qayda-qanununun necə ali, göstərdiyi yolun nə qədər doğru olduğunu bir daha qəlblərində təsdiqlədilər.
   
   Qarabağ Azərbaycanın mədəni mərkəzi sayılırdı. Sayılırdı deməklə “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” deyən Aqil Abbasın nə qədər haqlı olduğunu təsdiqləyirəm. Doğrudan da, o mühitin tam şəkildə formalaşmasında təbiətin- havanın, suyun böyük əhəmiyyəti vardı. Əbəs yerə Şuşanı “Qafqazın konservatoriyası” adlandırmırdılar. Tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan incəsənətinin özülünü də, sütunlarını da məhz bu məkan yaratmışdı. Ağdama da “Qarabağın toy otağı” deyirdilər. Sözügedən mövzuda Ağdamın adı da Şuşayla qoşa çəkilməyə iddialıydı (və bu iddia hələ də öz qüvvəsini itirməyib). Düz on altı il sonra həmin uğursuz , Ağdamla vidalaşdığımız günü (o zaman biz elə bilirdik ki, bu ayrılıq hələlikdir) , iyirmi üç iyul tarixini bu yerlərdə qarşılamaq qismətdəndi yəqin. Ağ damları qara ox təki düşmənin gözünə sancılan vətənimdən qopub qalan beş-on kənddən birində- Zəngişalıda keçirmişik builki yayı. Ağdamın bəzi kəndləri kimi bu elin torpağına da düşmən ayağı dəyməyib. Amma qonşuluqdan əskik olmuşların vurduğu yaralar təbii ki, bu yerlərdən də yan keçməyib. Ancaq bütün olub keçənlərə rəğmən həmişə kənd camaatının mərdanəliyini, zəhmətkeşliyini alqışlamışam. Göydən yağan mərmi yağışlarına da dözüblər, günlərlə daldanacaqlarda yaşamağa da. Bir gündə neçə şəhid verməyin də ağrısını çəkiblər, ömürlük sağalmayacaq yaraların da. Xain və riyakar ermənilər atəşkəs olsa da, xislətlərinə gecə-gündüz qəfil güllələr yağdırırdılar. Kəndin əvvəlki növrağı Gurhagur yanan qaz sabahlarının yerində odun sobaları quruldu. O vaxtlar ölkənin bir çox rayon mərkəzlərində hələ varlığı bilinməyən, bizim kənddə isə artıq adiləşən telefon naqilləri sıradan çıxdı. Günlərlə işığa (paralel şəkildə suya da) həsrət qaldılar. İş yerləri (təbii ki, aylıq məvacibləri də) əllərindən çıxdı. Sorağı bütün məmləkətə yayılan Ağdam bazarı yerlə yeksan olandan sonra camaat bir müddət çaş-baş qaldı- nə olanını sata, nə də ehtiyacını ala bildi. Bir müddət uzaq yol qət edib Ağcabədi, daha sonra isə (bu günəcən) Bərdə bazarına üz tutdular. Daha nəyi sadalayım, onlar bu on altı ildə nələrə qatlaşmadılar? Di gəl ki, heç bir qüvvə onları ata-baba yurdundan usandırıb uzaq sala bilmədi. Bu gün kənd əhlinin əksəriyyəti öz zəhmətləri hesabına güzəranını lap şəhər səviyyəsinəcən rahatlaşdırıb. Düzdür, müharibənin sındıra bilmədiyi, işsizliyinsə güc gəldiyi adamlar da yox deyil. Lakin müxtəlif səbəblərdən az qala boşalmış rayon mərkəzləri ilə müqayisədə bu göstərici çox aşağıdır.
   Kəndimizdə, xüsusilə küçəmizin nə qədər dəyişildiyini heç builki sayaq hiss etməmişdim. Obanın hüdudlarına qədəm qoyarkən bizi bir vaxtlar (müharibənin od-alov saçdığı günlərdə) salınan “Şəhidlər” kompleksi qarşılayır. Hər kəsi öz işinin başında görənlər bu yerlərdə əsla müharibə ab-havası hiss etməzsən.
   Kəndin bəlkə də ən sakit və hardasa bir qədər qərib güşəsidir mənim böyüdüyüm məhəllə. Hər küncündə uşaqlığımın min bir şirin xatirəsi gizlənən bu küçədə indi sükuta gözətçilik edən, rəngini yağış suları çoxdan soldurmuş darvazalar, üstünə çökən əbədi miskinliyə möhür təki vurulmuş paslı qıfıllar bir-birilə bəhsə girmiş kimi sıra ilə düzülüblər. İllər öncə (lap elə atəşkəsə öyrəşib yaşadığımız günlərdə belə) qız-gəlinin, oğul-uşağın hay-küyündən qulaq tutulan məhlədə indi bir inni-cinni gözə dəymir. Məndən israrla oyun yoldaşı, əyləncə tələb edən körpələrimi gəzdirmək niyyəti ilə küçənin o başından bu başınacan yol gedirəm. Düşünürəm ki, kaş mən də bu boşalan, miskinlik saçan evləri hər kəs kimi laqeydliklə, soyuqqanlılıqla seyr edə biləydim. Neyləyim ki, bacarmıram. Yolboyu rastıma çıxan köhnə qonşularımıza köks ötürmədən baxa bilmirəm. Budur, yeddi-səkkiz övladı böyüdüb hərəsini quş kimi bir yana uçuran ağsaqqal ata. Həyat yoldaşını üç-dörd aydır itirib. İndi hər axşam şər qovuşanda yola çıxıb saatlarla gözünü bir nöqtəyə zilləyir, sanki kiminsə gələcəyinə ümidlidir. Ondan cəmisi iki qapı o yanda yaşı ötmüş qız (bir vaxtlar ata-anasının nazlı-qəmzəli sonbeşiyi) hasara söykənib durub. Tənha yaşadığı bu on altı ildə ən yaxın sirdaşı elə bu daş hasar olub. Gözucu sağındakı, solundakı evlərə nəzər salır. Dünyadan sonsuz köçmüş iki əmisinin xaraba qalmış yurdlarına neçə vaxtdır ki, o keşik çəkir. Və hardasa özünün aqibətini indidən görür. Sayılıb-seçilən neçə kişinin əvvəllər qonaqlı-qaralı, bağ-bağatlı mülkləri indi bomboz səssizliyin içində boğulur.
   O yerlərdən ayrılanda payızın ilk addımlarını açıq-aydın hiss etdim. Havaların tutqunlaşmış rəngi küçəmizin küskünlüyünə, qəribliyinə qarışmışdı. O yandan üzü bəri uçan quşlar özləriylə doğma və eyni zamanda qərib vətən havasını (harayını) gətirirlər.
   Qarabağ xilas olmaq istəyir. Qarabağ yenə Azərbaycan mədəniyyətinin paytaxtı olmaq istəyir.
  
   Samirə Səma