Əliağa Vahid
   1 oktyabr 1965-ci ildə vəfat edib
  
   Şair, əməkdar incəsənət xadimi Əliağa Vahid 1895-ci ildə Bakıda doğulub. İlk təhsilini mollaxanada alan Əliağa əmək fəaliyyətinə gənc yaşlarından dülgərliklə başlayıb. Elə həmin vaxtlardan ədəbi dərnəklərdə iştirak edib, lirik şeirlər yazıb. 1916-cı ildə haqsızlıq, zülm və mövhumatı tənqid edən «Tamahın nəticəsi» adlı ilk satirik şeirlər kitabı dərc edilib. «Molla Nəsrəddin» jurnalı ilə əməkdaşlıq edən şair şeirləri ilə köhnəliyi satira atəşinə tutsa da, Ezop dil ilə sovet cəmiyyətinin də nöqsanlarını göstərir. 1941-45-ci illərdə onun «Döyüş qəzəlləri» və «Qəzəllər» kitabları nəşr edilir. Ərəb, fars dillərini mükəmməl bilən şair Nizami, Xaqani, Füzuli və Nəvainin qəzəllərini doğma dilimizə tərcümə edib.
   Ə.Vahid 1 oktyabr 1965-ci ildə Bakıda vəfat edib. Qəbrinin üstündə və Filarmoniya bağında abidəsi qoyulmuşdur. Şairin şərəfinə açılmış «Vahid Poeziya Evi» isə bu gün də fəaliyyət göstərir.
  
   Səttar Bəhlulzadə
   14 oktyabr 1974-cü ildə vəfat edib
  
   Dünyaşöhrətli rəssam Səttar Bəhlulzadə 1909-cu ildə Bakının Əmircan kəndində doğulub. Rəssam, əməkdar incəsənət xadimi, xalq rəssamı, Azərbaycanın Dovlət mükafatı laureatıdır. O, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbini, 1941-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib.
   S.Bəhlulzadə doğma yurdu tərənnüm edən onlarla lirik mənzərə-portretin müəllifidir. Onun «Vətənimin baharı», «Bakıda atəşfəşanlıq», «Qudyalçay vadisi», «Qızılbənövşəyə gedən yol», «Suraxanı atəşgahı», «Şahnabat», «Əmircan», «Neft daşları», «Şamaxı üzümlükləri» kimi əsərləri bu qəbildəndir.
    S.Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın başqa ölkələrində nümayiş etdirilib. Bu gün də bir çox dünya muzeylərində rəssamın əsərləri daimi eksponatlar sırasındadır.
   S.Bəhlulzadə bir sıra orden və medallarla təltif olunub. O, 1974-cü il oktyabrın 14-də vəfat edib. Əmircanda dəfn edilən rəssamın qəbri üstündə abidəsi qoyulub.
  
   Nizami Gəncəvi
   16 oktyabr 1141-ci ildə doğulub
  
   Böyük Azərbaycan şairi Nizami Gəncəvi 16 oktyabr 1141-ci ildə Gəncədə doğulub. Gəncə mədrəsəsində təhsil alıb. O, ərəb, fars və yunan dillərini bilib, tarixi, tibbi fəlsəfəni, astronomiyanı, tibbi psixologiyanı və məntiqi tədqiq edib. Şərq təzkirəçilərinin məlumatlarına görə, N.Gəncəvi 20 mindən artıq beytlik əsər yaradıb. Bizim zamana kimi onun 6 qəsidəsi, 116 qəzəli, 2 qitəsi və 30 rübaisi gəlib çatıb. Onun ən qiymətli əsərləri beşlik beş poemadan («Xəmsə») ibarətdir: «Sirlər Xəzinəsi», Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl» və «İsgəndərnamə». Şairin utopik ideyaları geniş xalq kütlələrinin arzularının ifadəsi olub. N.Gəncəvi Avropa utopistləri ingilis Tomas Moru və italiyalı Kampanellanı altı əsr qabaqlamışdır.
   N.Gəncəvi Gəncədə yaşayıb və burada da 1209-cu ildə vəfat edib. Əsərləri dünyanın bir çox dillərinə tərcümə edilərək dəfələrlə nəşr edilib. 1947-ci ildə YUNESKO-nun qərarı ilə şairin 800 illiyi Bakıda, Gəncədə və Peterburqda geniş qeyd edilib. Şairin qəbri üstündə ona abidə ucaldılıb, Gəncədə, Bakıda onun adına muzey yaradılıb. Doğma şəhərinda onun şərəfinə memorial kompleks - “Yeddi gözəl bulağı” və teatr yaradılıb. Bakının və Gəncənin rayonlarından birinə «Nizami» adı verilib. Azərbaycan EA-nın Ədəbiyyat İnstitutu və Ədəbiyyat Muzeyinə onun adı verilib. 1981-ci ildə Nizami adına medal təsis edilib. Onun haqqında yüzlərlə əsər yazılıb, tamaşalar səhnəyə qoyulub və bədii film çəkilib.
  
   Xəlil Rza
   21 oktyabr 1932-ci ildə doğulub
  
   21 oktyabr 1932-ci ildə Salyanın Pirəbbə kəndində doğulub. Şair, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, Azərbaycanın əməkdar incəsənət xadimi, M.F.Axundov mükafatı laureatı olan X.Rza 1954-cü ildə ADU-nun filologiya fakültəsini bitirib. 1956-cı ildə «Azərbaycan qadını» jurnalında ədəbi işçi kimi fəaliyyətə başlayıb. 1957-59-cu illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb, sonra Azərbaycan Pedaqoji İnstitutunda müəllim işləyib. EA-nın Ədəbiyyat institutunda baş elmi işçi olub.
   Ədəbi yaradıcılığa 1948-ci ildə «Azərbaycan pioneri» qəzetində dərc etdirdiyi «Kitab» şeiri ilə başayıb. O, bir sıra ədəbi publisistik əsərlərin və tərcümələrin müəllifidir.
   1980-ci illərin sonunda «Davam edir 37» poeması ilə böyük mübarizə yoluna qədəm qoyub. 80-ci illərin sonralarında şölələnən azadlıq hərəkatının fəallarından olmuşdur. 1990-cı ilin yanvarında həbs edilərək 22 ay Lefortovo həbsxanasında işgəncələrə məruz qalıb. Azərbaycanda isə mübariz ruhlu şairin müdafiə komitəsi yaradılmışdı. Moskvada baş verən oktyabr hadisələrindən sonra azadlığa çıxıb. Oğlu Təbriz Qarabağ torpaqlarının azadlığı uğrunda şəhid olub, Azərbaycanın Milli Qəhrəmanıdır.
   Xəlil Rza 1994-cü ildə Bakıda vəfat edib. Mübariz şair ölümündən sonra «İstiqlal» ordeni ilə təltif olunub.
  
   Hüseyn Cavid
   24 oktyabr 1882-ci ildə doğulub
  
   Azərbaycan romantizminin görkəmli nümayəndəsi Hüseyn Cavid 24 oktyabr 1882-ci ildə Naxçıvanda doğulub. İlk təhsilini mollaxanada, orta təhsilini isə Naxçıvanda və Təbrizdə alıb. 1909-cu ildə İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. 1909-15-ci illərdə Naxçıvanda, Cəncədə, Tiflisdə və Bakıda müəllim işləyib. 1913-cü ildən əsərləri çap olunmağa başlayıb. H.Cavidin yaradıcılığında «Ana», «Maral», «Şeyda», «Şeyx Sənan», «İblis» əsərləri xüsusi yer tutur. O, həmçinin «Peyğəmbər», «Topal Teymur», «Səyavuş», «Xəyyam» və s. tarixi dramların müəllifidir.
   H.Cavid 1937-ci ildə Stalin repressiyasının qurbanı kimi böyük məşəqqətlər yaşayıb. 1941-ci ildə İrkutsk vilayətində həbs düşərgəsində vəfat edib. Sonralar məzarı Vətənə gətirilərək Naxçıvanda ev-muzeyinin həyətində dəfn edilib. Bakıda və respublikamızın şəhərlərində kibabxanalar, məktəblər, küçələr onun adını daşıyır. 1982-ci ildə xalqımız H.Cavidin 100 illik yubileyini təntənəli şəkildə qeyd etdi. Naxçıvanda Hüseyn Cavid poeziya teatrı açılımış, haqqında monoqrafiyalar, poemalar, şeirlər və məqalələr yazılmışdır.  

  Mina RƏŞİD