19-cu yüzilin axırları, 20-ci yüzilin əvvəllərində Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında Qori Müəllimlər Seminariyasının yetişdirdiyi kadrların əvəzsiz rolu olub.
   Filologiya elmləri namizədi, araşdırmaçı Fazil Əliyev deyir ki, Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin fəaliyyəti milli təhsil tariximizin öyrənilməsi sarıdan çox əhəmiyyətlidir.

      
   Görkəmli ədəbiyyatşünas Əziz Şərif isə yazır: "Çar Rusiyasında heç bir təhsil ocağı Qori Müəllimlər Seminariyası qədər Azərbaycana mədəniyyət xadimi verməyib".
   Qori Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi 42 il ərzində 250 müəllim hazırlayıb. Bu məzunlar arasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Ə.Seyidov, S.Vəlibəyov, Teymur bəy Bayraməlibəyov, Y.Qasımov, M.Ə.Xələfov və başqa onlarla görkəmli şəxsiyyətlər var.
   1879-cu ildə rus, gürcü və ermənilər üçün açılmış seminariyanın direktoru D.D.Semyonov olmuşdu. Seminariyanın tatar şöbəsinin direktoru vəzifəsinə isə A.O.Çernyayevski təyin edilmişdi. Seminariyanın ilk direktoru D.D.Semyonov və A.O.Çernyayevski öz hərəkətləri ilə mütərəqqi fikirli şəxslər kimi tanınmışdılar. F.Əliyev daha sonra bildirir ki, Qori Müəllimlər Seminariyasının hazırladığı müəllimlərdə (musiqi, təbiət elmləri, riyaziyyat, rus dilinin öyrənilməsi, məişət məsələləri, davranış və intizam və s.) hərtərəfli keyfiyyətlərin yaradılmasına xüsusi əhəmiyyət verilirdi. Çarizmin özünə xidmət göstərən "qüvvətli şəxsiyyətlər" tərbiyə etmək planı yerli xalqların müqavimətinə rast gəlirdi. Qori seminariyasının məzunları özlərinin milli-mənəvi dəyərlərini qorumaq və yaşatmaq qətiyyətilə seçilirdilər: "Bu, Qori Müəllimlər Seminariyasının xalqımıza göstərdiyi tarixi xidmətin birincisidir. Qori Müəllimlər Seminariyasının ikinci ən böyük xidməti Azərbaycanda ana dilində təhsilin canlanması istiqamətində görülən işlərlə əlaqədardır".
   Hələ müəllimlərin 1906-cı ildə 1-ci və 2-ci qurultaylarında Firidun bəy Köçərli milliləşdirməyə təhsilin məzmunundan başlamaq ideyasını irəli sürmüşdü. Ancaq 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının qələbəsindən sonra təhsilin milli əsaslar üzərində qurulmasına böyük imkan yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazağa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazağa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazağın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazağın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir".
   F.Köçərli "Azərbaycan" qəzetində Qazax əhalisinin Qori seminariyasının Azərbaycan şöbəsinə 10 desyatin yer ayıracağı, birdəfəlik 3 min manat və hər il min manat pul verəcəyi haqqında ADR hökumətinin qarşısında məsələ qaldırdığından bəhs edib. Nəhayət, ADR hökuməti 1918-ci il 10 iyul saylı iclasının qərarı ilə qazaxlıların arzusunu yerinə yetirmişdi".
   ADR-in 22 iyun 1918-ci ildə Qori seminariyasının Azərbaycana köçürülməsi haqqında qərarından sonra Qazağa köçürülən seminariyanın təntənəli açılışı 1918-ci il noyabrın 10-da baş tutdu. Qazax Müəllimlər Seminariyasının açılışı Qazaxda və bütün Azərbaycanda əsl milli bayram kimi qarşılandı: "Təntənəli açılışda Qazaxda yerləşən türk ordusunun komendantı Səbri bəy çıxış edərək "Müəllimlərsiz, bu təmənnasız fədailərsiz millətin gücü və qüvvəsi ola bilməz".
   İbrahim Əfəndi Qayibzadə giriş nitqi söylədi. Qarnizon rəisi, polkovnik Camal bəy Azərbaycan gəncliyinə müraciətində "Vətəni ancaq iti qılıncla deyil, həm də elmlə, əqillə qorumaq lazımdır. Belə adamlar isə bu məktəbdə cücərib yetişəcəkdir"-deyərək alovlu çıxış etdi.
   Qazaxlıların təhsilə, maarifə maddi və mənəvi köməyi ADR hökumətinin daha qətiyyətli addımlar atmasına təkan vermiş oldu. Hökumət Gəncədə fəaliyyət göstərdiyi 3 ay ərzində (17.06.1918, 17.09.1918) təhsil sistemində milliləşdirmək kimi müqəddəs bir işi həyata keçirməyə başladı. Bunun üçün təhsilin milliləşdirilməsinin hüquqi bazasını yaratmaq lazım idi. ADR hökuməti bu məqsədlə "Türk dilinin dövlət dili elan edilməsi haqqında" 1918-ci il iyul ayının 27-də qərar qəbul etdi. Şərqdə ilk türk-müsəlman respublikası ADR-in qəbul etdiyi bu qərar minilliklərin dərinliyindən qaynaqlanan türk ruhunun canlanmasına, milli özünüdərk şüurunun inkişafına zəmin yaratdı".
   F.Köçərli Qazax Müəllimlər Seminariyasının müdiri kimi fəaliyyət göstərdiyi dövrdə özünün istək və arzularını həyata keçirməyə çalışırdı. F.Köçərli milliləşdirməyə təhsilin məzmunundan başlamaq ideyasını irəli sürmüşdü. ADR-in maarif naziri Həmid bəy Şahtaxtinski köhnə proqramları yeni dövrün tələblərinə uyğun olaraq yenidən tərtib etmək məqsədilə F.Köçərliyə göndərmişdi. Köçərli təhsildə milliləşmə ilə əlaqədar proqramlarda Azərbaycan türkcəsinə uyğun gəlməyən bəzi sözləri redaktə etməklə kifayətlənməmiş, ADR-in "Azərbaycan tarixi" kursunun proqramını qəbul etmiş, tarix dərslərini həmin proqramma əsaslanaraq keçirməyi təklif etmişdi. Proqramda türk qəbilələri və xalqları, qədim türk dövlətləri, Mahmud Qəznəvi sülaləsinin hökmranlığı dövrü, türk səlcuqları və onların mədəni xidmətləri, Azərbaycan haqqında tarixi arayış, Şah Abbas, Nadir şah, Şirvan xanları və s. haqqında biliklər açıqlamaq və müəyyən məlumatlar vermək nəzərdə tutulmuşdu. Qeyd olunan proqram göstərir ki, Azərbaycan türklərinin tarixinin hərtərəfli öyrənilməsi üçün ortaq türk tarixinə müraciət olunmasının əhəmiyyətli cəhətləri ADR-in Maarif Nazirliyinin nəzərindən qaçmamışdı. Çünki minillər ərzində yaranmış tarixi həqiqətləri parçalayaraq gənc nəslə mənimsətmək üçün "yeni tarix" inşa etməyə ehtiyac duyulmamışdı. Lakin Azərbaycan tarixində 15-17-ci yüzillərdən başlayaraq müəyyən tarixi faktların ayrılıqda tədris olunması nəzərdə tutulmuşdu. Qazax Müəllimlər Seminariyası ADR-də təhsil sisteminin milli əsaslar üzərində qurulmasında həqiqi mənada bir təcrübə, dayaq rolu oynaması ilə tarixi vəzifəni yerinə yetirdi.
   "Azərbaycan tarixi" proqramı haqqında F.Köçərlinin tənqid və izahlarının nəzərə alınması doğma diyarı öyrənərkən əsas gücün elmi ekskursiyalara verilməsi, uşaqlara tarixi keçmişimizin əyani şəkildə öyrədilməsi məqsədilə seminariyada muzeyin yaradılması və s. işlər də bu fikrin doğruluğunu təsdiq edir. F.Köçərlinin səyi nəticəsində Qazax Müəllimlər Seminariyası qısa müddətdə respublikada böyük şöhrət qazandı. Bu seminariya metodik mərkəzə çevrildi".
   Seminariya müəllimlərinin köməyilə yaşlılar üçün savad kursları açıldı. Maarif nazirinin göstərişilə türk dilində ədəbiyyat toplamaq və yaymaq üçün oxu dərnəkləri yaradıldı. ADR 1920-ci il fevralın 2-də 4 seminariyanın açılmasına icazə verdi. Belə seminariyalardan biri də Zaqatalada qızlar üçün açılmışdı. Qeyd edək ki, açılan müəllim kursları və seminariyalarda Qazax Müəllimlər Seminariyasının təcrübəsindən geniş şəkildə istifadə olunurdu. Qazax Müəllimlər Seminariyası 20 nəfərə yaxın əməkdar müəllim verib. Seminariyanın müdiri F.Köçərli Qazaxda çox geniş fəaliyyət göstərərək təkcə maarif və mədəniyyət xadimi kimi deyil, həm də dövrün görkəmli ictimai xadimi kimi də məşhurlaşmışdı. Yaşlılar üçün savad kursları açmış, yetimlər evi təsis etmiş, erməni-rus dilbirliyinin qurbanı olmuş qaçqınlara yardım fondu təşkil etmişdi".
   
   Elçin QALİBOĞLU