Homer: “Tarix türklərdən çox şey öyrəndi”
   Jorjino: “Xaç türklərin boynunda olsaydı, o, dünyanın sahibi olardı”
   
   Əvvəli ötən sayımızda
   
    “Türklərin mədəniyyət tarixinə baxış” adlı araşdırmamızda toxunduğumuz başqa bir məqama da etiraz edərək, “Dünyada heç kim hələ şumer yazılı abidələrinin semitdilli xalqlara aid olduğunu dilə gətirməyib” -deyə opponentimiz diletantcasına növbəti bir “hücum”unda d-r T. V. Nüvədilini hədəfə alır.
   
   
   Oxucularda şübhə yeri qalmasın deyə, d-r T.V.Nüvədilinin bu məqamı hansı qaynaqlardan və müəlliflərdən əxz etdiyini diqqətə çatdıraq:
   “Böyük Britaniya, Fransa və Almaniya arxeoloq və linqvistləri (dilçiləri -X.İ.) ən ilkin Mesopotamiya yazı sistemini XIX əsrin birinci yarısında aşkar edib deşifrəyə vardıqdan sonra bu qərara gəldilər ki, bu əski dilin nə Hind-Avropa, nə də sami mənşəli dillər qrupuna aidiyyəti yoxdur. Mixi yazıların dili aqqlyütinativ (iltisaqi -X.İ.) olub bu tip dillər qrupuna böyük oxşarlıq nümayiş etdirir. Aqqlyütinativ dillərə Turan etno-linqvistik dillər qrupu aiddir. Məlumdur ki, sonradan Ural-Altay dillər qrupu adlandırılan bu qrup dillərə türk, monqol, hunqar və fin dilləri daxildir.
   Turan-Şumer etno-linqvistik bağlılığı ideyası 1870-ci illərə kimi bütün oriyentalist (şərqşünas -X.İ.) dairədə çalışan alimlər tərəfindən qəbul olunaraq əhəmiyyətli dərəcədə inkişaf etdirildi. Lakin sonradan iki faktor bu ideyanın gələcək tərəqqisinə ciddi əngəl törətməyə başladı. Birincisi, 1848-49-cu illərdə rəsmi şəkildə meydana gələn Finn-Uqri doktrinası; ikincisi, Buxarest ravvini J.Halevi tərəfindən irəli sürülən nəzəriyyə. Bu nəzəriyyəyə görə, ümumiyyətlə tarixdə şumer adında xalq olmamış, guya o dil akkad din xadimləri tərəfindən icad olunaraq öz sirlərini söyləmək üçün lokal mühitdə işlədilib”. (From the İnternate Site of “Corvinus Library, Hungarian Histori”. - Bax: Tariyel Azərtürk. Mixi yazıların mənşəyi, kimindir onlar?, Sietl (ABŞ), 2002, s.14)...
   Heç şübhəsiz mixi yazıların deşifrəsi sahəsindəki kəşflər, dəqiqləşdirmələr…”Gil yazılar yəhudinindir” ideyasına sarsıdıcı zərbə vurdu... Odur ki bundan qəzəblənən yəhudi mənşəli J.Halevi samiliyin sivil köklərini daha da dərinləşdirmək, onu antikləşdirmək ideologiyasına xidmət edən yuxarıdakı radikal millətçi nəzəriyyəsini irəli sürdü...
   ...Şumeri Türklə bağlayanlar din xadimi J.Halevinin Parisin Sarbon Universitetində iş alması, yəni onun nəzəriyyəsinin elmi ictimaiyyət tərəfindən etiraf olunması (elmi işin bəyənilməsindən çox, burada, onu universitetə dəvət edən cuhud mənşəli Fransa alimlərinin milli təəssübkeşlikləri daha qabarıq rol oynamışdır şübhəsiz) ilə pərən-pərən oldular. O vaxtdan elmdə akkadşünaslıq dominant rol oynayır”. Çünki akkadlar yəhudilərə genetik qohum sayılır. Odur ki, yüksək-yüksək ideyalara malik mixi yazılarının təmiz Azərbaycan türkcəsində olduğunu demək olar ki, bütün dünyada oriyentalist elm-tədqiqat mərkəz və kafedralarını əllərində saxlayan (hətta Türkiyədə belə) cuhud mənşəli heç bir alimə sübut etmək olmur.
   Məsələ təkcə semitlərin bu sahəyə sahiblik iddiaları və hər şeyi zəbt etmək cəhdləri ilə bitmir. Burada ikinci və daha güclü bir qüvvə, necə deyərlər, közü öz qabağına çəkməkdədir. Bu, Hind-Avropa dilləri qrupuna daxil olan bütün Avropa və Amerika xalqlarının elmi nümayəndələridir.”...
   (Tariyel Azərtürk. Mixi yazıların mənşəyi, kimindir onlar?, Sietl (ABŞ), 2002, s.14-15).
   * * *
   İndi isə şumerlərlə türkləri əlaqələndirən məqamlara dair bir çox dünya alimlərinin rəylərini diqqətə çatdıraq:
   Rus alimi Dmitri Reder yazır: “Şumerlərin dili ayrıca bir dildir.
   ...Yalnız onu qəti demək olar ki, o iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər. («Mifı i Leqendı Drevneqo Dvureçya»., Moskva, 1965, s.150).
   * * *
   İngilis alimləri S.Lloyd, Q.Çayld isə bu qənaətə gəlmişlər: “Turanlılar təxminən on-on iki min il bundan qabaq səfalı, bəhrəli Dəclə-Fərat çayları hövzəsində məskən salıb, ətraflarda yaşayan vəhşi tayfaların heyrətli nəzərləri altında dünya sivilizasiyasının yəhərini aldılar. Dünyada ulu bir mədəniyyətin məşəli alışdı. Bu işıq ehtiyacı daxildən gəlirdi. Və çox çəkmədi ki, qoca Asiyanın münbit torpaqlı hər guşəsində “işıq adaları” şölələndi»... («Reki Bliznetsı»., Moskva, 1972, s.16 ; «Drevniy Vostok v svete novıx raskopok»., Moskva, 1956, s.252).
   * * *
   Alman alimi Q. Vinkler: “Bizə çatmış Şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyanın bu ilk dili barəsində bizdə müəyyən fikir yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və semit dillərinin quruluşundan tamamilə fərqlənir. (Zapadnyaya Aziya i Drevnie Vremena - İstoriya Çeloveçestva, t. III, Sankt - Peterburq, 1903, s. 6-7).
   * * *
   ABŞ alimi T.Azərtürk: Bisütun qayasəthi Dara yazılarının sirlərini açandan sonra mixi (Şumer -X.İ.) yazılarının deşifrəsini (şifrəsinin çözümünü -X.İ.) həyata keçirən Ser Henri Ravlinson bu naməlum mətnlərin Ural-Altay və ya Skif dillərinə (başqa sözlə Türk dilləri ailəsinə -X.İ.) aid olduğu mülahizəsini irəli sürmüşdü. Sonradan deşifrə prosesinə qoşulmuş Yulius Oppert də bu fikirlə razılaşmışdı... (Tariyel Azərtürk. Mixi yazıların mənşəyi, kimindir onlar?, Sietl (ABŞ), 2002, s.16).
   * * *
   Polşa alimi M. Belitski: “Bu xalq soy-kökü, dili və mədəniyyətinə görə Şimali Babilistanda sakin olan semit tayfasına yaddır, bu mübahisəsizdir. Şumerlərin mədəniyyətindən danışarkən bunu unutmaq olmaz”. Hinks və Ravlinsonun gəldikləri çox tələsik nəticələrin (məs., babillilərin “iskit” (skif -T.V.N., yəni türk -X.İ.) mənşəliliyi haqqındakı nəticənin) elm tərəfindən təkzib olunduğuna baxmayaraq, etiraf edək ki, onların fikri əsasən doğru idi”. («Zabıtıy mir Şumerov»., Moskva, 1980, s. 48, s. 17; Elməddin Əlibəyzadə. «Kahkəşanlı ulu keçmişimizə açılan qapı» - bax: Tariyel Vəli Nüvədili. Əcdad., Sietl (ABŞ), 1997, s.16).
   * * *
   Türkdilli xalq olan şumerlər e.ə. VII-VI minilliklərdə Mərkəzi Asiya və Altay dağlarının ətəklərindən Mesopotamiyaya gəlmiş, e.ə. III minilliyin əvvəllərində (Ön Asiyada) mixi yazı sistemini yaratmışlar. (T.T.Vəliyev, Ə.Ə.Qocayev, B.O.Namazov. Ümumdünya tarixi, I hissə, Bakı, 2003, s.34-35; rəyçilər: tarix e.d., prof. R.C.Süleymanov, tarix e.d., prof. O.B.Əhmədov; redaktoru: tarix e.d., prof. Tofiq Vəliyev; kitab AR Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliklər əsasında hazırlanmışdır ).
   ***
   Türk alimi Ahmet Cavat yazır: “Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Voolley şumerlərin morfoloji cəhətdən “əski türkcəyə bənzər” bir dildə danışdıqlarını qəbul edir...
   Şumerlər türkdür, şumerlərin türk olduğu məsələsinin çoxlu sübutları var; bizi bu qənaətə gətirən ən güclü sübut ikisidir: 1) dil sübutu; 2) geoloji və arxeoloji sübut”. (“Alfabenin mənşəyi ən əski Türk yazısıdır”, İstanbul, 1993, s.10 və s. 58-59).
   * * *
   Məsləkdaşlarımızın bir iradı və ya sualı da şumerlərlə türklərin antropoloji cizgilərinin uyğun gəlib-gəlməməsi məsələsinədir. Ancaq, şükür ki, bu xüsusda da şumerlərlə aramızda heç bir problem yoxdur, əksinə uyğunluq var: antropoloji tədqiqatlara görə, şumerlər böyük avropoid irqinin Aralıq dənizi və Balkan-Qafqaz qollarına mənsub olmuşlar. (Bolşaya Sovetskaya Ensiklopediya (BSE), 29-y tom, 1978, Moskva, s. 518). Türklər isə, əsasən, böyük avropoid irqinin Aralıq dənizi qoluna aiddir. (BSE, 26-y t., 1977, M., s.340). Bundan başqa, əldə olunun (cüzi) linqvistik və toponimik məlumatlara görə, şumerlər həmin ölkənin avtoxton (yerli -X.İ.) sakinləri olmamış və b.e.ə. V minillikdə (başqa qaynaqlarda bu tarix daha qədimdir- X.İ.) artıq oranı məskunlaşdırmışdılar. (BSE, 29-y t., 1978, M., s. 518).
   * * *
   Təəccüblü burasıdır ki, adını ziyalı, yazıçı qoymuş bəzi soydaşlarımız ucuz şöhrət aludəçisi olaraq, rəsmi rəylərlə yayımlanmış mənbələrin və qədim yazılı abidələrimizlə məşğul olan tədqiqatçılarımızın [professorlar E.Əlibəyzadə və B. Şəfizadə, d-r T. V. (Nüvədili) Azərtürkün, üstəlik də, Fransada 4500 il öncəyə aid türk kitabələrinin oxunuşunu kəşf etmiş türk alimlərinin (X.Tarcan və K.Mirşan)] əsərlərinin heç bir elmi müəssisədə və təşkilatlarda guya “hesaba alınmadığı”nı iddia edirlər.
   Qəribədir! Guya, AR Təhsil Nazirliyi və dünyaca ünlü Sarbon Universiteti və b. elmi müəssisə və ya təşkilat sayılmırmı!?..
   (Nədən kitabələrinin 4500 il öncəyə aidliyi dünya miqyaslı elmi konfransda təsdiq edilən türklər cəmi 500 il daha qədim sayılan və bir çox əlamətlərinə görə türklərə xas cəhətləri özündə ehtiva edən şumer mətnlərinin oxunmasına cəhd göstərmək hüququndan məhrum olsunlar?!..)
   * * *
   Qeyd:
   Yazının bu məqamında vaxtilə EA Tarix İnstitunun direktoru İqrar Əliyevin dilçi-professor Firidun Ağasıoğluya (Cəlilova) təhqir təcavüzü ilə “yüklənmə”sini xatırladım. Ancaq bir neçə il öncə Türkiyə Cümhuriyyəti yeni tarix ensiklopediyasına “Erməni tarixi” ilə bağlı məqaləni nə İqrar Əliyevə, nə də başqa bir tarixçiyə deyil, məhz (araşdırmaları gerçəyə dayandığı üçün) dilçi-professor Firidun Ağasıoğluya sifariş vermişdi...
   Onu da qeyd edək ki, prof. E.Əlibəyzadə, şumerlərlə bağlı İ.M.Dyakonovu standart götürərək, 29 iyun 1993-cü il tarixli “Elm” qəzetində ““Türkün Yolu” adlı sayıqlama haqqında bir neçə söz” adlı məqalə ilə çıxış etmiş akademik Ziya Bünyadovun da mövqeyinin yanlış olduğunu əsaslandırır. ( Elməddin Əlibəyzadə. «Kəhkəşanlı ulu keçmişimizə açılan qapı» - bax: Tariyel Vəli Nüvədili. Əcdad., Sietl (ABŞ), 1997, s.14)...
   * * *
   Öz tariximizi özümüzün araşdırmamağımızın hansı nəticələrə və fəsadlara səbəb olduğunu xatırladan d-r Tariyel Azərtürk yazır:
   “Hunların qəhrəmanlığı, döyüş bacarığı barədə tarix çox yazıb.
   Bu yaxınlarda ABŞ-da çəkilmiş ikiseriyalı “Attila” filmi bu qəhrəman etnosun tarixi reallığını lentdə əbədiləşdirmişdir. Əfsus ki, qərbli düşüncəsində kök salmış, yumşaq desək, Türkə biganə münasibət hunların türkdilli xalq olduğunu ikiseriyalı kinofilmin heç bir yerində nəzərə çarpdırılmasına onu yaratmış müəlliflərdən heç birinə imkan vermir. Bunda təkcə ssenari yazarı deyil, son illərdə baş qaldırıb hər şeyi Hind-Avropa mədəniyyəti ilə bağlamağa səy göstərən və tarixin bütün türklüyünü farslaşdıran, özlərini “arilər” adlandıran tədqiqatçılar da günahkardır. Təkcə onlarmı?
   Yer Səyyarəsinin Saxadan Mərmərəyə kimi bütöv arealını qucaqlamış bizim türkdilli dünyamızın araşdırıcılarının günahı daha çoxdur. Çünki əlimizdə tarixin danılmaz faktları ola-ola öz kimliyimizi araşdırıb dünyada təbliğ edə bilməmişik...
   Bu fonda indi-indi Avropa, xüsusilə, postsovet məkanındakı türkdilli tədqiqatçıların türklük tarixinə həsr edilmiş saysız-hesabsız və görkəmli əsərlər çap edib, onları internet vasitəsilə dünya efirinə çıxarmaları adamı sevindirməyə və ruhlandırmaya bilmir. Bu mənada Tatarıstan alimlərinin yapdıqları ciddi elmi işlər təqdirəlayiqdir”.
   
   Xaqani İSMAYIL