Uca Tanrının yaratdığı bu dünyada hər şeyin öz rəngi, öz çaları var. Məhəbbətin, sevginin, arzuların, lap elə yuxuların da öz rəngi olur. Bir zamanlar yarımsəhra iqlimə malik,torpaqları günəşin hərarətindən qovurğa kimi qovrulan, neft və qaz qoxusundan beyin çatlayan, insanların daldalanmaq üçün bir ağac belə tapmadığı Bakıda da (Badi-Kubə) insanlar illər boyu "yaşıl arzuların sərinliyində" dincəliblər. Bəs bugünkü Bakımızdan həmin vaxtlara qayıtsaq, nə görərik?..
      
   Orta əsr ərəb coğrafiyaşünası Əhməd Əmin ibn Rza "Yeddi iqlim haqqında" adlı kitabında o zamankı Bakını belə təsvir edib: "Bu yerlərdə sanki səmum yeli əsib.Burada nə bir ağaca,nə də bir yaşıllığa rast gəlmək mümkün deyil".
   XIX əsrin sonlarında Bakıya gəlmiş rus çarı III Aleksandrın ilk sözü isə belə olub: "Mən sürgün və katorqa üçün bu yerlərdən daha münasibini təsəvvür etmirəm".Bir qədər sonra XX əsrin əvvəllərində Abşeron torpağını qarış-qarış gəzən məşhur proletar yazıçısı Maksim Qorkini də o zamankı "Bakı mənzərələri" dəhşətə gətiribmiş. Səhranın bəyaz günəşi altında susuzluqdan qovrulan, neft dolu gölməçələrdən qalxan üfunətdən baş gicəllənən, "bir yaşıl ağacın belə gözə dəymədiyi" Bakını "əsl cəhənnəm" adlandırıb.
   Bir çox tarixi mənbələrin yazdığına görə, Abşeron torpağı və onun qoynunda yerləşmiş Bakı uzun illər ərzində həqiqətən "yaşıllıqdan məhrum olan, torpağında heç nə bitməyən bir məkan" kimi tanınıb. Lakin maraqlı cəhət orasındadır ki, bir çox əcnəbi səyyah və tacirlərin "cəhənnəm" adlandırdıqları bu diyar həm də uzun illər boyu avropalı nobelləri,rotşildləri,mendeleyevləri "qara qızıl"ın cazibəsinə salaraq,"cəhənnəmdə" yaşamağa vadar etmişdir.Amma bu da bir həqiqətdir ki, bu "cəhənnəmə" öz xoşları ilə gələnlər bircə ağacın belə olmadığı torpaqlarda ağaclar əkmiş, bağ-bağça salmış,yaraşıqlı parklar yaratmış, "yaşıl arzuları" həqiqətə çevirərək onun sərinliyində qazandıqları milyonları sayaraq xəyala dalmağı da bacarmışlar.
   Doğru deyiblər ki, bu dünyada bir tikilən, bir də əkilən qalır. Paytaxt Bakının yaşıllaşdırılması tarixi bu deyilənləri bir daha sübut edir.
   1862-ci ildə Şamaxıda baş vermiş dəhşətli zəlzələdən sonra quberniya mərkəzinin Bakıya köçməsi bu şəhərin taleyində yeni bir dövr açır. Arxiv materiallarından əldə edilmiş məlumatlara görə, Bakının quberniya mərkəzi kimi inkişafı eyni zamanda yaşıllaşdırmanın, abadlaşdırmanın, müasir terminlə desək şəhərsalmanın inkişafına çox böyük rəvac verir. Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 1860-cı ildən 1880-ci ilədək keçən 20 il ərzində Bakıda mövcud olan yaşıllıqların ümumi sahəsi cəmi-cümlətanı 3 hektardan bir qədər artıq olub. O zamankı şəhər bələdiyyəsinin büdcəsində yaşıllaşdırma işləri üçün il ərzində 25 min manat pul nəzərdə tutulurdu ki, bu da Abşeron kimi yarımsəhra iqlimə malik bir diyar üçün cüzi bir məbləğ idi. Lakin bütün bunlara baxmayaraq Bakının yaşıllaşdırılması addım-addım irəliləyir, ildən-ilə az da olsa uğurlar qazanılırdı.
   O zaman şəhərdəki yaşıllıqlara qulluq etmək üçün bütün şəhər üzrə cəmi bir nəfər işçi saxlanılırdı. Aylıq məvacibi 5 manat olan bu yeganə bağban nəinki yaşıllıqlara qulluq etməli, həmçinin onları qoruyub saxlamalı, qayğısını çəkməli idi.
   O zaman Bakıda salınan ilk parklardan biri də "Mixaylovski" (şəhər əhalisinin "Qubernator bağı" adlandırdığı) bağı idi. Hazırda bu park görkəmli qəzəlxanımız Əliağa Vahidin adını daşıyır.Yaşı yüzü çoxdan adlamış parklardan biri də vaxtilə Bayılda salınmış "Admirallıq bağı"dır.
   XIX əsrin əvvəllərində Nobel qardaşlarının Bakının "Qara şəhər" adlandırılan ərazisində saldıqları "Villa petroleum" adlandırılan bağ isə indi "Nizami parkı" kimi fəaliyyət göstərir.
   Paytaxtın məşhur parklarından biri kimi "Sisianov parkı" isə sovetlər zamanında Karl Marksın adını daşıyıb. Maraqlıdır ki, bu park ilk milli memarlarımızdan olmuş Qasım bəy Hacıbababəyovun layihəsinin məhsuludur.
   Ötən əsrin əvvəllərində Bakının yaşıllaşdırılmasında şəhərin o zamankı komendantı Xovenin böyük xidmətləri olub.Məşhur "Malakan bağı" da məhz Xovenin təşəbbüsü və vəsaiti ilə salınıb.Məlumatlara görə bu komendant bütün gəmi sahiblərinə və kapitanlara göstəriş veribmiş ki, hər bir gəmi geriyə - Bakıya qayıdarkən müəyyən miqdarda torpaq gətirsin. O zaman bu əmri pozanları yüksək məbləğdə cərimə gözləyirmiş.
   Bakının yaşıllaşdırılması ilə bağlı materiallar içərisində digər maraqlı bir fakt da var. Məlumata görə şəhərin ilk bağbanı milliyyətcə yunan olan Drakopulo adlı şəxs olub. Ümumiyyətlə Abşeronun yaşıllaşdırılmasında Drakopulonun əvəzsiz xidmətləri olduğu bildirilir.
   Təəssüflə qeyd etmək lazımdır ki, paytaxtımızın yaşıllaşdırılması işi bu gün heç də qənaətbəxş deyildir. Bakı və Bakıətrafı qəsəbə və kəndlərdə baş alıb gedən tikinti BUMu yaşıllıqların məhvinə, bir çox nadir ağacların, o cümlədən adı müqəddəs kitabımız QURANİ-KƏRİMdə çəkilən zeytun ağaclarının qırılmısına səbəb olub. Atalar yaxşı deyib ki, "yaşıla balta çalan,başına balta çalar".Nə qədər ki, gec deyil,qədim torpağımız olan Abşeronu, doğma Bakımızın yüz il bundan əvvəl olduğu kimi "cəhənnəmə" çevrilməsinə yol verməməliyik.
   
   C.Tağıyev