Qəribədi, uzun illər bundan qabaq nə vaxt, harda tanış olduğumu unutduğum Fərman Rzayev haqqında ilk yazımı onun yoxluğuna həsr edəcəyimi və bu insanın həyatının yaxınlarda öyrəndiyim məqamları üzərində quracağımı yatsam, yuxumda belə görməzdim. Amma indi Fərman müəllimin 65 illik həyatına şahidlik edən faktlar və xatirələr beynimdə, xəyalımda dolaşa-dolaşa kompyuter qarşısında nəyi hardan başlamaq sualıyla üz-üzəyəm. Bilmirəm niyə, nə səbəbə bu kişinin həyatıyla bağlı, akademiyadakı iş yoldaşları təki, mənim də təqribən bir ay əvvəl xəbər tutduğum həqiqətlərlə yazıya açar tapmaq istədim. Cəhd uğurlu, ya uğursuzdu deyəmmərəm. Və əslinə qalsa, bunun mənası nə? Axı bu açar indi kilidə düşüb, hansı qapını açsa da, heç nə dəyişməyəcək, olsa-olsa Fərman Rzayevin son gedişinə ağını təsirli edəcək, bir az da çox yanıb-yaxılacağıq. Bundansa, yaxşısı, onun ömür yazısına, bəxtinə düşən açarı tapmaqdı. O açarı ki, 65 il əlində çıraq günün günortası axtaran tapammadı. Allah şahiddi, Fərmanınkı əvvəldən çətin gəlib. Müharibə ilində doğulub. Aclıq, səfalətin nə olduğunu anlamayacaq körpə çağında bunu balaca can-cəsədində yaşayıb. Dili söz tutmamışdan o, ögey ata-ana ümidinə böyüyüb. Göyçayda doğulan, əsli ağdamlı birisi, sən demə, Gəncədə böyüyüb tanınanacaqmış. Və onu dünyaya gətirənlərin yox, boya-başa çatdıranların verdiyi adla. Bununla belə, iki atalı, iki analı, iki adlı insan bir insana gərək və bir insana yetəcək səadəti, firavanlığı ömrü boyu arayıb-axtardı. Dünyaya gəlişində onu qarşılayan məhrumiyyət son günəcən ayaq geri qoymadı. Fərman «Allahdan fərman belədi» gümanıyla bütün bu illəri maddi çətinliklər, sıxıntılar içərisində, sınmadan, əyilmədən yaşadı. Bir ev qaraldıb, külfətini bir damın altına yığıb, dişi-dırnağıyla qazandığının hesabına dolanmaqdan həzz ala-ala. Üç qız köçürməyin, baba olmağın ləzzətini duya-duya.
   Fərman Rzayev qırx il Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunda çalışdı. Və bu illərin yarısı müddətdə o, hardan, necə gedib tapdığı gəmidə gözətçi işləməyi özünə rəva bildi. Qələm adamı, teatr sənətinə dair onlarla elmi məqalənin müəllifi, sənətşünaslıq namizədi çörəkdən, namusla, halal yaşamaqdan yana, ömrünün yüzlərlə gününü rahat yorğan-döşəkdən uzaq, yayda istidən yanan, qışda soyuqdan donan gəminin dəmir divarları arasında keçirmək məşəqqətinə, mənəvi iztirabına dözdü, tabladı. Və bu, elmi ehtiraslarını cilovlamadı, əlini-ayağını üşütmədi onun. Dahi Nizami Gəncəvi yaradıcılığında teatr sənətiylə bağlı məqamları tədqiq edən, doktorluq dissertasiyası üzərində işini bitirib müdafiəyə hazırlaşan Fərman azacıq möhlət payının ehtiyacındaydı. Bir azca bəsiydi...
   Axır ayları xərçəng yaxasından yapışmışdı. Xəbərdarıydı. Xəstəliyə təslim olmaq fikri yoxuydu. Amma yüz fikir bir borcu ödəmir deyirlər. Xərcəng də belə dedi. Həmişə Allahın fərmanını gözləyən Fərmana. Qadirlikdən üzülən Fərmana...
   
   P.S. Fərmanın gedişindən qırx gün qırx saniyə təki göz qırpımında keçdi. Ruhu şad olsun!
   
   Seymur Elsevər
   seymur_elsever@yahoo.com