Nakam ömür yaşayıb səsi qulaqlarda qalan Xeyransa Məmmədovanı yaxından tanıyanları tapmaq o qədər də asan olmadı. Çox ünvanlara baş vurub, çoxlarını narahat etdim. Ağbirçək Sara ananı tapana kimi Xeyransanın ilk müəllimi - Əmircan Mədəniyyət evindəki “Vətən” xalq çalğı alətləri ansamblına vaxtilə rəhbərlik etmiş Elxan Müzəffərov, ailənin dostu Şəfiqə xanım mənə yardımçı oldular. Elxan müəllim o günləri belə xatırlayır:   

   - Ansamblımız həmişə müsabiqələrdə birinci yeri tutduğuna görə, seçki vaxtı gözəl musiqimizlə insanları ruhlandırmaq üçün bizi 226 saylı orta məktəbə göndərmişdilər. Bir neçə nömrə ifa etmişdik ki, məktəbin baş dəstə rəhbəri mənə yaxınlaşdı: - Elxan müəllim, bizdə bir qız var, yaxşı səsi var, sonra vaxtınız olanda onu dinlərsəniz yaxşı olardı. Məmnuniyyətlə razılıq verdim: -Sonra niyə, elə indi siniflərin birində ona qulaq asaram, - dedim. Həqiqətən də, bu balaca qızın gözəl səsi vardı. Onu dinləyəndən sonra bildirdim ki, əgər oxumağı davam etdirmək, ciddi məşğul olmaq istəyirsə, mədəniyyət evimizə gələ bilər. Orada onunla əməlli-başlı məşğul olmağa imkanımız var. Xeyransa tövsiyəmə əməl etdi. Onunla məşğul olduğum bir neçə il ərzində püxtələşdi. İstedadlı qız idi, öyrətdiklərimi o dəqiqə götürürdü. Bir az əsəbiliyi, kəmhövsələliyi vardı, düşünürdüm ki, bu, onun xəstəliyi ilə əlaqədardır. Düz dörd il onu hazırlamışam. O vaxtkı Respublika sarayındakı o məşhur konsertə qabaqcıl kollektiv kimi ansamblımızı dəvət etdikdə orada Xeyransa ilə çıxış etməyi qərara aldıq - istedadına söz ola bilməzdi, həm də yeni səs idi. Həmin konsertə hazırlıqla əlaqədar tanınmış bəstəkarlar Səid Rüstəmov, Cahangir Cahangirov mədəniyyət evinə gəlib ona qulaq asdılar və oxumağını bəyəndilər. Onu da deyim ki, Xeyransa onda “Oxu, tar”, “Ana Kür”, “Qəşəngdir”, “Azərbaycan”, “Necə əl çəkim?” və digər mahnıları ifa edirdi. Bəstəkarlar onun ifasını bəyənsələr də, saraydakı konsert çox mötəbər tədbir olduğundan böyük məsuliyyət tələb edirdi. Ona görə də iki həftə sərasər maestro Niyazinin yanına gedib məşq keçdik. Və nəticədə Xeyransa həmin böyük konsertdə uğurla çıxış etdi, çoxlu alqışlar qazandı, onu üç dəfə səhnəyə qaytardılar. Şəxsən ümummilli lider Heydər Əliyev onunla maraqlandı. Xeyransaya “Gənclik” metrosunun yanında üçotaqlı ev verdilər. Öz arzusuyla Bülbül adına Musiqi məktəbində xalq artisti İslam Rzayevin sinfində oxumağa başladı. Heydər Əliyevin tapşırığıyla mədəniyyət evimizə təptəzə “İkarus” verdilər. Toylar yıxdı Xeyransanın evini - yorğunluq, yuxusuzluq, pəhrizə riayət etməmək...
   Şəfiqə xanımın dediklərindən: -Xeyransa ailədə yeddinci uşaq idi. Ailədə səkkiz uşaq idilər. O, şəkər xəstəliyini hələ 4-5 yaşlarında tapmışdı. Bu, qorxudan əmələ gəlmişdi - gecə vaxtı həyətdə üstünə it cummuşdu... Mən onun oxuduğu məktəbin bufetində işləyirdim. Anasıyla yaxın münasibətdə olduğumdan tez-tez gəlib məndən su, çay istəyirdi. Sonra bəxt üzünə güldü - səsiylə tanındı, ev aldı, ərə getdi. Amma xoşbəxt ola bilmədi. Beş uşağı olsa da, heç biri qalmadı... 29 yaşında dünyasını dəyişdi. Anası Sara xanımın da gözünün yaşı qurumur. Alın yazısını kim dəyişə bilər ki? Yazıq həyatda çox zillət çəkib, sonra da bu dərd...
   Xeyransa sarayda oxuyarkən tamaşaçılar onu dəfələrlə səhnəyə qaytarırlar. Bunu görən tanınmış müğənnilərdən biri hikkə ilə qızcığazın çənəsindən tutub deyir: -Sənin kimilər bu səhnəyə çox gəlib-gediblər... Bəlkə, qarğışa keçdi uşaq?..
   Sara xanıma telefon açmaq mənim üçün nə qədər çətin olsa da, cürətimi toplayıb bunu etdim. Xeyransanın adını eşitcək 79 yaşlı ağbirçək hönkürtüsünü saxlaya bilmədi. Sonra bir qədər toxtayıb “yaşada bilmədik onu, yaşada bilmədik” - dedi.
   Uşaqlıqdan heç üzüm gülməyib - 41-də atam gedib müharibəyə qayıtmayıb, sonra böyük külfətim, qızımın xəstəliyi, ölümü, oğlumun vəfatı... bunların hansının dərdini çəkim mən yazıq?.. Yeganə təsəllim Xeyransa idi, o, ailəmizə dayaq olacaqdı. Allah bunu da çox gördü. “Səni ovcumun içində saxlayacağam, bütün dərdlərin yadından çıxacaq” deyirdi. Amma dərdimin üstünə dərd gəldi. Şəhərdə ona verilən evi də satıb üstünə qoyduq, xeyri olmadı... Hərdən Allahımla vuruşuram - kaş mənim ömrümü ona verəydi, 29 yaş ömür deyil ki... Mən 79 yaşa çatmışam, amma balam dünyadan nakam getdi. Xeyransasız bu qədər yaşamaq nəyimə gərəkdi? Sanki dərd çəkməyə qalmışam. Xeyransa həyatda olsaydı, mənə də yaşamaq asan olardı. Elə bil ürəyinə dammışdı ki, dünyasını tez dəyişəcək. Özündən sonra həyatda bir iz qoymaq üçün dünyaya bala gətirmək istəyirdi, bütün cəhdləri boşa çıxdı. Heç olmasa, Əmircandakı, Bülbülədəki küçələrin, məktəblərin birinə onun adını versəydilər, bir qədər ürəyim soyuyardı. Bilərdim ki, məndən sonra onun adını çəkənlər olacaq. Yazıb müraciət etmədiyim yer qalmayıb, hələ bir cavab almamışam.
   Xeyransa dünyasını dəyişdiyi 14 ildən bəri qaysaq bağlamayan yaranı bir az da qanatdığım üçün günahkarcasına Sara ana ilə xudahafizləşirəm. Axı nə deyəcəkdim ki?
   
   İradə Əsədova