Azərbaycanımızın azadlığı 20 Yanvar ağrısından və dirənişindən doğuldu...
   Müstəqilliyini, hürriyyətini əldə edib, əqidəsini, dilini, dinini qorumaq istəyən, ölümün gözünə dik baxan, tarix yazmağa qadir olan azəri övladları həmin gecə canlarından keçərək qanları ilə vətənə azad gələcək bəxş etdi...
   Dünyanı öz nüvə silahı və nəhəngliyi ilə lərzəyə gətirən sovetlər kimi imperiyanı bir gecənin içində sarsıtmağa nail oldu ŞƏHİDLƏRİMİZ... 
   
   Bir azdan mən də, hər bir vətəndaşımız kimi, Şəhidlər Xiyabanına yollanacam, onları ziyarət edəcəm. Bu, elə 20 Yanvar günü olacaq. Amma ora yollanmazdan əvvəl bu müqəddəs and yerimizi televiziyadan izləmək istədim. Mənim kimi telepultu qurdalamaq zəhmətinə qatlaşmayın. Bir xüsusi günümüzə az qaldığı bir vaxtda teleməkan bu barədə susur...
   Burdaca bir haşiyə. 20 Yanvar hadisələrinin baş verdiyi gündə nəinki televiziya, hətta radio kanallarının da fəaliyyəti dayandırılmışdı. Orta məktəb şagirdi olaraq televizorumuzun dalğasız olmasına məəttəl qalmışdım. Yaşadığım rayonda da insanlar Bakıda konkret olaraq nəyin baş verdiyini bilməyərək yalnız kor dalğalardan ibarət televizorların qarşısına toplaşıb saatlarla bir xəbər ümidi ilə gözləyirdilər. Yadımdadır, ilk olaraq radioda nə isə dedilər, sonra isə televiziyada epizodik çıxışlar görünməyə başladı. Bu yayım da böyük çətinliklərlə başa gəlmişdi. Biz azadlıq istəyən insanlarımızın qanının töküldüyündən xəbər tutduq. Bu xəbəri televiziya yayımına nail olmuş adamlar çatdırdı və həmin vaxt onlar hansısa telekanalı təmsil etmirdilər, ekranda hansısa ad bildirici loqotip yox idi. Həmin vaxt bu qısa çıxışların edildiyi dalğa bizim üçün Azadlıq televiziyası olaraq tarix yazırdı. Üst-üstə 24 saat belə efir zamanına malik olmamış bu şərti televiziyada çıxış edənlər ölümlərinin, həbslərinin təhlükəsi ilə gələcəyimiz üçün tarixi fakt ortaya qoyurdular. Bəs indi?
   Bir neçə ildən sonra 20 Yanvar günü telekanallarda klip, musiqi və ya əyləncəli verilişlər veriləndə heç də təəccüblənməyin. Ötənlərdə bu xatirə günü serial verən, dəxili olmayan proqramlara əl atan telekanallarımızın fəaliyyəti məni bunu deməyə vadar edir.
    Radiolar və televiziyalar ancaq 20 Yanvar mövzularını həmin gün xiyabandan səssiz və canlı yayım etməklə işlərini bitmiş hesab edirlər. İşə bir bax, SSRİ boyda imperiyaya qarşı tarixin ən səsli dirənişi edən millətin bu günü səssizliyə qovuşdurulub.
   ATV, ANS dayanmadan hətta növbəti həftə efirə sırıyacaqları verilişləri reklam edirlər, amma «20 Yanvar» mövzusunu elə həmin günü xatırlayıb, ötürməyə hazırlaşırlar. Candərdi hazırladıqları «20 Yanvar» mövzulu verilişlər bizə nə verə bilər? Axı sən bu hadisəni yüksək səviyyədə ekranlaşdırdınmı ki, xarici kanallar da sənə müraciət etmədi. Beynəlxalq ictimaiyyət tərəfindən isə 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verildiyi halda, 1990-cı ilin yanvar hadisələri Moskvanın hansısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanınıb və hətta o dövrdə SSRİ-nin birinci şəxsi olan və 20 Yanvar faciəsinə imza atan Qorbaçov beynəlxalq sülh mükafatı ilə təltif edilib. Buyur, sən də vaxtilə SSRİ qarşısında cırtdana dönmüş Avropaya öz mübarizə tarixinin dünya əhəmiyyətini çatdır, onların öz dilində, onları fakt qarşısında qoyaraq. Bugünkü qorxusuz Türkiyənin, əhatə dairəsi böyümüş Avropanın rifahı məhz Azərbaycan mübarizəsindən keçib. Məhz Azərbaycan imperiyanın özünə gəlməsinə imkan vermədi. Bu bir isbatdır, yetər ki, sən bu isbatı yüksək səviyyədə ekranlaşdır və dünyanı fakt qarşısında qoy. Həmin dünyanı ki, soyuq müharibənin buzunu hələ də hiss edir, unuda bilmir.
   Bizim telekanallar bu vətənin əhatə dairəsindədirlərsə, bu vətənin tarixi gününü də gərəyincə əhatə etməyə borcludurlar.
   Sadəcə istək lazımdır. Sadəcə şoumenliyi bir neçə həftə təxirə salmağın vacibliyi anlanılmalıdır.
   20 Yanvar günü faciənin statistik tərəflərini sadalamaqla iş bitmir. Bu statistikanın bizim azadlığımızın əsası olduğunu elə öz gəncliyimizə də çatdırmaq gərəkdir.
   Dünyaya da statistik görünən bu rəqəmlərin riyazi dəqiqliyini yox, siyasi nəticəsini qəbul etdirməliyik. 20 ildən sonra olsa belə!
   
   Sabutay