Dövrümüzün milli və uluslararası probleminə çevrilmiş Dağlıq Qarabağ məsələsinin mahiyyətini tam anlayıb aydınlaşdırmaq üçün hər şeydən öncə, bu sorunun milli dövlətçiliyimizin yaradılmasından çağımızadək gəlişmə tarixinə ekskurs etmək gərəkdir. İstər Azərbaycan Xalq Cümhuriyyəti, istər sovet Azərbaycanı, istərsə də müstəqil Azərbaycan Respublikası dönəmlərində ermənilər tərəfindən ortaya atılmış bu süni müşkül tarixi-siyasi cizgilərini saxlamaqdadır. Məsələyə aydınlıq gətirərkən, bu müşkülü erməni-türk münaqişələri (əslində, türklərə qarşı erməni düşmənçiliyi) silsiləsindən ayıraraq, əlahiddə bir sorun kimi təqdim etmək kimi yanlış yanaşmalardan saqınmaq gərəkdir...
   
   Qarabağda azərbaycanlılara qarşı soyqırım
   (1918 - 1920)

   
   Ermənilərin Qarabağa aid Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən araşdırılıb, çoxsaylı şahid ifadələri, baxış protokolları, məruzələr və faktlara söykənən materiallarla təsbit edilmişdir. FTK-nın üzvü N.Mixaylovun məruzələrinin birində deyilir ki, I Dünya Savaşı cəbhələrində Sovet Rusiyasının müharibələri dayandırması səbəbilə orada xidmət göstərən ermənilərin öz silah-sursatlarıyla birgə fərarilik etməsi nəticəsində bu bölgə erməniləri də kifayət qədər silahlanmışdılar.
   N.Mixaylov öz məruzəsində göstərir ki, 1917-ci ilin dekabrından etibarən erməni-daşnak çətələri Kolanı icmasının azərbaycanlı kəndlərinə həmlə edərək onlardan hələ yer üzündə mövcud olmayan «Ermənistan Respublikası»nı tanımağı tələb edir və guya bu dövlət üçün azərbaycanlılardan zorla vergi yığırdılar (1: s.131-132).
   1918-ci ilin avqustunda isə ermənilər Şuşada qurultay çağırdılar. Həmin qurultayda 7 nəfərlik bir qurum seçib onu Qarabağ hökuməti adlandırdılar və bütün hakimiyyətin ona verilməsini tələb etdilər (3: s.376).
   Cavab tədbiri kimi, azərbaycanlılar da Şuşada özünümüdafiə dəstəsi yaratmağa məcbur oldular.
   Andronikin öz dəstəsilə Zəngəzura gəlməsi isə Qarabağda hərbi durumun daha da zorlaşmasına zəmin yaradırdı. 1918-ci il iyunun 22-də Osmanlı ordusunun bölgədəki 12-ci firqəsi tərəfindən ağır zərbə alan Andronik və onun tör-töküntüləri Naxçıvana çəkilərək orada öz vəhşiliklərini sürdürürdülər. Osmanlı ordusunun 4-cü korpusunun tabeçiliyində olan 11-ci Qafqaz firqəsi Naxçıvana döğru hərəkət edərək, 3000 piyada və 600 süvaridən ibarət erməni quldur dəstəsini əzişdirdi; beləliklə, iyulun 20-də Naxçıvan ətrafında vəziyyət sabitləşdi. Bu zərbədən sonra Andronik öz tör-töküntülərini Zəngəzura və Qarabağa toplayaraq burada da kütləvi qırğınlara rəvac verdi.
   Avqustun 9-da Nuru Paşaya göndərdiyi məktubda Qarabağ məntəqəsi komandanı yarbay İsmayıl Haqqı bəy bölgədə genişlənən təcavüzün qarşısını almaq üçün yerli qüvvələrin yetmədiyini, bu səbəbdən də Qarabağa əlavə hərbi qüvvələr göndərilməsini xahiş edirdi (3: s.377-378).
   1918-ci il sentyabrın 25-də Qafqaz İslam Ordusunun Cəmil Cahid bəyin komandanlığı altında olan hissələri Qarabağa daxil olaraq, orada üç həftəyə başa çatdırılması nəzərdə tutulan xilaskarlıq missiyasına başladılar.
   Qarabağ hərəkatına xüsusi önəm verdiyi üçün oktyabrın 1-də Nuru Paşa özü də Ağdama gəldi (3: s.380-381).
   Erməni tərəfi Qafqaz İslam Ordusunun basqı və hücumu nəticəsində öncə uğursuzluğa düçar olsa da, sonralar aldığı əlavə qüvvə və maddi yardımlar sayəsində bölgədə durumu yenidən mürəkkəbləşdirməyə müvəffəq oldu.
   “Bundan başqa, erməni millətçiləri beynəlxalq aləmdə də kifayət qədər səs-küy salaraq türk qoşunlarının Qarabağda “günahsız” erməniləri qırması barədə xəbərlər yayırdılar. Xüsusilə Osmanlı ordusu Baş Komandanlığının Ərkani-hərbiyyə rəyasətini öz üzərinə götürmüş yeni Sədrəzəm Əhməd İzzət Paşanın Qafqazda və o cümlədən Azərbaycandakı vəziyyətə kifayət qədər bələd olmaması ermənilərin ona müəyyən təsir göstərməsinə yol açırdı. Onunla görüşmək imkanı olan erməni nümayəndələrinin hələ Bakının azad edilməsi zamanı 30 min erməninin öldürülməsi, (guya-X.İ.), indi isə bu qırğınların Qarabağda davam etdirilməsi barəsindəki hay-küyləri Əhməd İzzət Paşanı Azərbaycanla bağlı əvvəlki hökumətin yeritdiyi siyasətdən geri çəkilməyə sövq etdi və oktyabrın 23-də o, Qarabağ hərəkatının dayandırılmasını tələb etdi...
   Müttəfiqlərinin I Dünya Müharibəsində məğlub olması isə Türkiyəni Amerika və İngiltərənin hər cür tələbləri qarşısında müqavimətsiz qoymuşdu...” (3: s.389-390).
   Beləliklə, dezinformasiya və beynəlxalq təzyiq sayəsində türk ordusu Qarabağdan çəkilərək, bölgənin yeni təhlükələr ocağına dönüşməsinin qarşısını almaq missiyasını yarıda dayandırdı...
   Təbii ki, bu hadisələrin ardınca Qarabağda Azərbaycan türklərinə qarşı yeni qətliam dalğası başladı...
   
   * * *
   Erməni basqınlarından zara gəlmiş Cavanşir qəzasının bir qisim kəndləri, o sıradan İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndinin bir hissəsi payızda böyük təlafatla Murovdağı aşaraq, bu qəzanın aran kəndlərinə köç edib orada məskən salırdılar.
   Qarabağda 1918-ci il və 1919-cu ilin əvvəllərində soyqırıma məruz qalan qəzalardan biri də Cəbrayıl qəzası idi. Ən böyük zərər və itki isə Şuşa qəzası ərazisində baş verirdi. Şahid ifadələrinə söykənən FTK məlumatından aydın olur ki, təkcə Şuşa qəzasında 100-dən çox soydaşımız öldürülmüş, onlara 100 milyon manatdan çox ziyan dəymişdir.
   Azərbaycan hökuməti Bakıdan ingilis komandanlığının razılığını alaraq 1919-cu ilin yanvarında Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisindəki bu qanlı soyqırım hadisələrini durdurmaq üçün general-qubernatorluq yaratdı. Lakin ermənilər Şuşadakı erməni milli şurasının təlimatı və əmri ilə hərəkət edərək bu general-qubernatorluğu da tanımadılar (1: s.131-132).
   Şuşa-Qaryagin (Füzuli) və Şuşa-Əsgəran yollarını silahlı çətələr vasitəsilə nəzarətə alan erməni yaraqlıları bu yollarda azərbaycanlıları qarət və tərk-silah edir, burada yaşayan erməni əhalisini Azərbaycan hökumətinə tabe olmamağa təhrik edirdilər...
   1920 - ci ilin yazında Qarabağ bölgəsində qiyam qaldıran ermənilər, əslində, o dövrlərdə şimal sərhədlərimizə yaxınlaşan rus bolşevikləriylə birgə Azərbaycana qarşı ortaq sui-qəsd planı hazırlamışdılar (2: s.94-95).
   Martın 22 - də gecə saat 3 - də erməni qüvvələrinin eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan qoşun bölmələri üzərinə hücumu başladı. Əsgərandakı 50 nəfərlik kiçik dəstəmiz qəhrəmancasına müqavimət göstərərək həlak oldular. Digər məntəqələrdə isə ermənilərin hücumu bir nəticə vermişdi. Onların 24 martda səhər saat 6-da Tərtər üzərinə hücumları da dəf edildi.
   Hələ martın 19-da hərbi nazir Şimal sərhədimizdəki 1-ci Tatar süvari alayı, Quba piyada alayının bir taborunun Qarabağa göndərilməsi haqda hərbi nazir göstəriş vermişdi. Martın 24-də Gəncə piyada alayının 2 topa malik bir taboru da bu bölgəyə yola salındı. 8-ci Ağdaş piyada alayı və Zaqatala piyada alayının 700 nəfərlik Nuxa taboru da Qarabağa hərəkət etmək əmri aldı... Aprelin 2-də Zaqatala piyada alayının, Şirvan alayının və Tərtər süvari alayının hissə və bölmələrinin bölgəyə gəlib çatması ilə Əsgəran üzərinə yeni hücum hazırlığına başlandı.
   Bu bölgədə döyüş əməliyyatlarına rəhbərlik etmək üçün martın 26 - da Ağdamda Azərbaycan ordusunun qərargah rəisi general-mayor H.Səlimovun rəhbərliyi ilə xüsusi qərargah da yaradıldı.
   Martın 24 - 25 - də ermənilərin Tərtərə hücumu uğursuzluqla nəticələndi.
   ...Ermənilər Malıbəyli - Daşkənd və Şuşikənd məntəqələri arasında cəmləşdilər. Aprelin 5 - də Ağdam dəstəsi Şuşikənd istiqamətində hücuma keçdi. Sağdan Şuşikəndin doğusundakı yüksəkliklərə doğru Tatar süvari alayının bölmələri, soldan - Şuşikənd qəbiristanlığı yönündən Bakı piyada alayının bir taboru, mərkəzdən isə 4-cü Quba piyada alayının bölmələri irəliləyirdi. Saat 20-də hissələrimiz döyüşü uğurla sona çatdırıb Şuşaya daxil oldular.
   Aprelin 9-dan 12-dək Şuşa yaxınlığındakı Keşişkənd çevrəsində gedən gərgin savaş sonucunda Qarabağdakı erməni güclərinin əsas bazası məhv edildi.
   Beləliklə, 1920-ci il martın 22-də başlanmış bu əməliyyatlar Azərbaycan Ordusunun qələbəsilə yekunlaşdı və Qarabağda Azərbaycan dövlətinin suverenliyi bərpa olundu (1: s. 127-128).
   
   * * *
   Onu da nəzərə almaq lazımdır ki, ermənilər I Dünya müharibəsi zamanı üç qismə “bölünərək” həm Antantanın, həm bolşeviklərin, həm də ağqvardiyaçıların tərəfində vuruşaraq bu üç hegemon qüvvənin hər birindən bəhrələnməyə çalışır, əksər hallarda da buna nail olurdular.
   
   (ardı gələn sayımızda)   

   Xaqani İsmayıl,
   tədqiqatçı

   
   Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.