Əməkdar hüquqşünas Akif Rəfiyevlə tanışlığımızın yaşı iyirmi ili haqlayır. Çoxlu görüşlərimiz olub bu iyirmi ildə. Hüquq mövzusunda müsahibələr hazırlamışıq, bir sıra yazıların meydana çıxmasında məsləhətlər verib. Bu günü isə sərtləşmədən, qərarlaşdırmadan hər ikimiz nə az, nə çox, düz iyirmi il gözləmişik.
   İllər öncəsi Sabir Rüstəmxanlı, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Əhməd Elbrus, Şamxal Rüstəm, rəhmətlik Vaqif İbrahim və digər qələm dostlarımla Zaqatalada yaradıcılıq ezamiyyətində olarkən Akif Rəfiyevi poeziya vurğunu kimi tanıdıq. O, Rəsul Rzadan böyük məhəbbətlə danışır, bizdən bir neçə gün irəli şairin Zaqatalada qonaq olduğunu deyirdi.
   Rəsul Rzanın hər adamla salam-kalam eləmədiyini, səfərə çıxmadığını, oturub-durmadığını bildirmək fikrindən uzağam. Eyni zamanda buna da əminəm ki, şairin görüşünə can atdığı və görüşərkən daxili rahatlıq duyduğu adamlar çox olmayıb. Nədənsə o adamların içərisində Nigar Rəfibəylinin yaxın qohumu Akif Rəfiyevin olduğuna da əminəm.
   Şüara bənzəsə də deməliyik ki, böyük adamlarla dostluq şərəfdir. Akif Rəfiyevin şair Rəsul Rza ilə bağlı xatirələri bu şərəfli qismətlə öyünmək duyğusundan daha çox, istisi bu gün də azalmayan böyük dostluğa sədaqət ruhu ilə nəfəs alır, canlanır.
   Polkovnikdən şair barəsində soruşuram. Polkovnik şair barəsində danışır...

   
   
   - Zəhmət olmasa deyin, siz ilk dəfə nə vaxt, harada görmüsünüz onları, Rəsul müəllimi, Nigar xanımı... Yəqin ki, Nigar xanımı əvvəlcə görmüsünüz. Axı, qohumsunuz...
   - Rəsul müəllim qəlbinə gələn sözü saxlamazdı. Ya biz onlara gedəndə, ya da onlar bizə gələndə rəhmətlik həmişə Nigar xanıma zarafatla deyirdi ki, Akif mənim qohumumdur, sənin qohumun Əsmayədir. Nigar Rəfibəyli qohumum olsa da tale elə gətirib ki, mən onları bir yerdə görmüşəm. Rəsul Rza ilə Nigar Rəfibəylini bir-birindən ayırmaq düzgün deyil. Onlar həmişə bir olublar. İlk dəfə mən onları Gəngədəki ata ocağımızda görəndə də birgə idilər. 1953-cü il idi gərək. Yaşıl rəngli «Pobeda» da Kislovodskiyə gedirdilər. Rəsul müəllim, Nigar xanım, Anar, Fidan, Təranə... Anargil balaca idilər hələ. O gün anam Həcər xanımın dəmlədiyi aşın qoxusu indi də burnumdadır. Əslində, ağlım kəsəndən evimizdə bu ailə barəsində söhbət gedirdi. Nigar xanımın anası Cəvahir xanım bəy qızı, «xalq düşməni»nin qızı olduğuna görə ata yurduna dönə bilmirdi. Atamın Bakıya yolu düşəndə onlarda qalırdı. Və oradan bizə nə alırdısa, deyirdi ki, bunu Cəvahir xanım pay göndərib. Bəri başdan deyim ki, Rəfibəylilər nəslinin nə qədər nəcib xasiyyəti var idisə, Nigar xanım onların hamısını nəfəsi ağzından çıxan günəcən dədə-babadan qalma nişanə kimi qoruyub saxladı. Nigar xala ayrı adam idi. Rəfibəylilərin körpəsini də görəndə üzünə işıq gəlirdi. Tələbə olanda üç aydan, dörd aydan bir mənə pul verib, «Akif, - deyirdi, Rəfibəylilər həm yaxşı oxuyublar, həm də yaxşı geyiniblər. Özünə korluq vermə». Biz Rəsul müəllimdən də eyni diqqəti, eyni qayğını görmüşük.
   - Bəri başdan bir söz də soruşum. Onlara necə müraciət edirsiniz?
   - Rəsul müəllim də deyirdim, Rəsul dayı da. Nigar xanıma bacı deyirdim. Rəsul müəllimin xoşu gəlirdi bacı deməyimdən. Görüşəndə deyirdi: «Hə, bax bacın gəldi», «Bacısı çay versin bizə».
   - Hüquqşünas olmaqda sizə Rəsul müəllimin köməyi dəyibmi?
   - Həkim olmaq istəyirdim. Məktəb yoldaşlarım başdan çıxardılar. Girdim hüquq fakütləsinə. Rəsul müəllimgil Bakıya gəlib imtahan verməyimi qəbul olandan sonra bildilər. Böyük şairlə dostluğun isə (bu mənə görə qohumluqdan çox-çox qiymətli olan dostluq idi) bünövrəsi tələbəlik illərində qoyuldu. O, mənə gün-gün, saat-saat inanmışdı, isinmişdi. Ömrünün son illərində elə bilirdi ki, mənim bacarmadığım iş yoxdur. Elə ki, yığışırdıq evə, Rəsul dayı güc verirdi zarafata. «Ay Akif, Anargilin sinfində 24 qız oxuyur, bəs sizdə necə?». Deyirdim ki, üç. Deyirdi ki, heç qızdan da prokuror olar?! Nədənsə şairin bu zarafatı qohumlarımızdan birinin o vaxtlar gəldiyi qəti qənaəti mənim yadıma salırdı. «Bəy nəvəsindən prokuror olmaz». Bu hökmün yalan olduğuna sonralar çox çətinliklə alışırdım.
   - İlk dəfə rəsul Rza yaradıcılığından nəyi oxumusunuz?
   - Hamı kimi mən də ilk dəfə onun şeirini orta məktəb dərsliyindən oxumuşam. Ana dili kitabında verilmiş «Lenin» poemasından parçanı və «Ağsunun, Göyçayın narı bol olsun» misraları ilə başlayan «Vətənimə» şeirini əzbərləmişəm. Başqalarından fərqli olaraq mən o parçaları əzbərləyəndə bilirdim ki, bunu qohumumuz yazıb. Orta məktəb uşağına məxsus bu üstünlük hər adama qiymət olmur. Elə deyilmi?
   - Elədir. Akif müəllim, ən unudulmaz günlərə dönməzdən öncə deyə bilərsinizmi sizin tanıdığınız Rəsul Rza necə adam idi?
   - Cəsarətli və mərd adam idi Rəsul Rza. İndi adamların beynində və qəlbində məğrur, yenilməz ömrün bu nişanələrinin yeri necə də görünür. Cəsarətli və mərd! Hər hansı bir xalqın intellektual səviyyəsi Rəsul Rza kimi müdriklərə görə ölçülməlidir. Sözün düzünü deyirdi, sözü üzə deyirdi, şax kişi, kimi... Daxili mədəniyyətə söykənən müdrik yumor Rəsul müəllimi kobudluqdan qoruyurdu. O, tənqidi yağ, bal kimi yedizdirirdi. Bəzən belə də olurdu. Bilmirdin tərifləyir, yoxsa ələ salır. Xoşu gəlməyən adam qohum olsa da münasibət saxlamırdı. Obektivliyin etalonu idi Rəsul Rza. Allah-təala onun tale kitabına sərtliyi və mehribanlığı eyni qələm, eyni mürəkkəblə yazmışdı.
   - Bəzən ən adi görünən hadisələrdə sənətkar xarakterinin mənalı izləri gizlənir. Rəsul Rza ilə bağlı xatirələrinizi eşitmək istərdik. Təfsilata varmaqda da ehtiyatlanmayın.
   - Rəsul müəllimin adı da, xatirəsi də mənim üçün çox əzizdir. Hərdən qəlbimdə belə bir qəribə duyğu baş qaldırır ki, kaş qələm əhli olaydım, yaxud mənə məxsus xatirələr yaxşı bir yazıçının qismətinə düşəydi. Bizim görüşlərimizdən həqiqətən kitab bağlamaq mümkündür.
   - Deyirəm, bəlkə yazılmamış o kitabın ən maraqlı səhifələrini birgə çevirək.
   - Zaqatalada olan bir əhvalata söykənib Rəsul Rza şeirinin çətin başa düşdüyü barədəki yanlış fikrə etiraz etmək istəyirəm. Bütün həqiqi sənətkarlar kimi Rəsul Rza sənətinin də dili aydındır, o qədər aydın ki, nadan yüz il oxuya bir mətləb anlamaz. Hə, Sabir poeziya günləri keçirilirdi Zaqatalada. Mədəniyyət evinin salonu ağzına kimi dolmuşdu. Anlamaq çətin deyildi ki, bu adamları böyük Sabirə və Rəsul Rzaya məhəbbət birləşdirir. Şair Xəlil Rza hər iki sənətkarın şeirlərini ara vermədən əzbər söyləyirdi. Elə bu vaxt, adı yadımdan çıxıb, Tala kəndindən bir müəllimə səhnəyə çıxdı. Rəsul Rza yaradıcılığından iyirmi dəqiqə şeir dedi. Salonu alqış səsləri bürüyəndə Rəsul müəllim özünəməxsus tərzdə gülümsünüb mənə sarı əyildi. «Akif - dedi - bəlkə bu müəlliməni sən öyrətmisən». And içdim ki, xəbərim yoxdur. Sonra məlum oldu ki, qadın mədəniyyət evinin qabağından keçərkən lövhədə Rəsul Rzanın adını oxuyub gəlib, təsadüfən. Zaqatalalı Əlyar müəllim isə o gecədə şairi təəccübləndirdi. Rəsul müəllimin ilk qələm təcrübələrindən olan, özünün də xatırlamadığı, «Nar» adlı şeirini söylədi. Mən işlədiyim rayonlarda onun şeirlərini əzbər bilən, kitablarını əldə yerə qoymayan yüzlərlə oxucu görmüşəm.
   - Bəs Rəsul müəllim özü şeir oxumadı?
   - Saysız-hesabsız görüşlərimizdə, sənət məclislərində Rəsul Rzanı nadir hallarda şeir oxuyan gördüm. Çox zaman onun müdrik və istiqanlı səsinə həsrət qalırdı. Amma əvəzində sənət dostları şairin şeirlərini əzbər deyirdilər. Bir dəfə İsmayıllıya qonaq gəlmişdi. Rəhmətlik Seyfəddin Dağlı və Əli Kərimlə. Aşıq Bayram deyilən gölün qırağına getdik. Rəsul müəllim bizim etirazımıza baxmayıb öz pulu ilə qoyun alıb kəsdirdi. Əli Kərim kimi utancaq və abırlı adamın sanki dili açılmışdı. Rəsul Rzanın xeyli şeirini əzbər söylədi. Rəsul müəllim Əliyə zarafat elədi ki, ay Əli axır ki, öz Vətənində də bizə qonaqlıq vermədin. Əli də zarafatdan qalmadı. Nə olsun dedi, əvəzində mən də sizi Rəsul Rzanın şeirinə qonaq elədim.
   - Rəsul Rza cavanlarla oturub-durmağı xoşlayırdı, eləmi?
   - Mən bilən siz özünüz də etiraf edərsiniz ki, «xoşlayırdı» sözü şairin gənclərə can atmasını tam ifadə etmir. O, xeyirxahlıqdan və qayğı göstərmək həvəsindən doymurdu. Qayğıya və xeyirxahlığa isə ən çox cavanların ehtiyacı var. Məncə Anara da, Əli Kərimə də, Fikrət Qocaya da, Fikrət Ağazadəyə də, Vaqif Səmədoğluna da, hətta mənə də ona görə bağlanmışdı. Mənim cavan dediyim bu adamların yaşı indi altmışı ötüb. Bəzisi həyatda yoxdur. Amma mən gənc qələm dostları ilə görüşərkən, onların uğurları barəsində eşidərkən şairin üzünü bürüyən işığı, nuru yəqin ki, ömrüm boyu unutmayacağam. O, cavanlarla necə zarafatlaşırdı, yumorlu cavabları necə geniş ürəklə qəbul edirdi. Bir dəfə Fikrət Qoca və Fikrət Ağazadə ilə Zaqatalaya, bizə gəlmişdilər. Yolda görürlər ki, bir topa qarpız tığlanıb. Hava qaralıbmış, Fikrət Qoca tığdan bir qarpız «çırpışdırır». Bir az aralanıb yolda kəsirlər. Rəsul müəllim yemir. Nəsə, gəlirlər bizə. Bir də onda gördük ki, Fikrət Qoca ufuldayır ki, bəs qarpız məni xəstələndirib. Rəsul müəllim yatmışdı. Təsadüfən həmin gecə cinayət hadisəsi baş verdi. Mən bir də səhər qayıtdım evə. Rəsul müəllim Fikrətin gecə xəstələnməyini eşidib xeyli güldü. Birdən mənim gözümə baxıb dedi: «Gözün nə yaman qızarıb. Olmaya Fikrətin qarpızı səni də xəstələndirib, gecə yatmamısan?». Rayonda ölüm hadisəsi olduğunu dedim. Şair əməlli-başlı dilxor oldu. Rəsul müəllim dərk edib ağlına sığışdıra bilmirdi ki, insan-insanı öldürər. O, eyni ağrı ilə 37-ci ildə yarımçıq kəsilən cavan ömürlərə də kədərlənirdi. Müşfiqin gənclik, həyat eşqindən vəcdə gəlirdi. İnanmırdı ki, onu güllələməyə, dənizdə boğmağa kimsə qıyar. Mən bunu da Rəsul Rzanın gəncliyə ədəbi bağlılığı kimi qiymətləndirirəm. Rəsul müəllim bir yarpağın da vaxtsız solmasına razı olmurdu. Görüşüb ayrılanda bu söz dilimdən düşmürdü. «Yol gedib-gəlirsiniz, maşını ehtiyatla sürdürün». Mən də, Anar da mart ayında anadan olmuşuq. İkimizi qoşa görərkən «Martda doğulanlara eşq olsun» deyəndə necə fərəhlənirdisə, taleyin amansız əli cavan həyat yoldaşından ayrılmış Dilbər Axunzadədən danışanda da qəm dəryasına batırdı. Rəsul müəllim Müşfiqdən sonra Dilbərin ərə getməsinə haqq qazandırırdı. Deyirdi ki, tək qadına “xalq düşməni”nin arvadı kimi yaşamaq dəhşətli dərəcədə çətin olardı.
   - Rəsul müəllim düz deyirmiş ki, Akif mənim qohumumdur. Söhbətinizdə ona xüsusi yer verirsiniz...
   - Nigar xala Rəsul dayının olduqca incə «Gəncə-Göyçay» söhbətinin dəfələrlə şahidi olmuşam. Türk şairi Fazil Hüsni Dağlarca gəlmişdi Bakıya. Evdə yaxşı süfrə açmışdılar. Nigar xanım yaxşı şeirlər oxudu. Axşamdan xeyli keçmiş türk şairi dedi ki, düşüb bir arada tutaq məni aparsın mehmanxanaya. Təəccüblə Rəsul müəllimə baxdım. Rəsul müəllim araba sözünü anlamadığımı dərhal başa düşdü. Və dedi ki, türklər maşına araba deyirlər. Fazil Hüsnü Dağlarca bir neçə gün qaldı. Rəsul Rza onu Göyçaya da apardı. Bir müddətdən sonra Fazil Hüsnünün Göyçay çinarları barədə şeiri çıxanda Nigar xala zarafatla dedi ki, Akif, bilirsən nə olub, Rəsul dayın Fazil Hüsnü Dağlarcanı aldadıb. Çinarın vətəni Gəncə ola-ola, ona deyib ki, Göyçayda bitir. Bir dəfə də Gəncədən yığışıb Xaçbulağa getmişdik. Rəsul müəllim oranın təbiətinə valeh oldu. Dedi ki, nə burada ev tikib yaşayardım!.. Nigar xanım əlüstü «Biz babamızın yurdunda sənə yer vermərik», - dedi və hamımız güldük. Nigar xala Gəncə ətrafındakı baba yurdu aldandırdığı yerdə nə az, nə çox, düz əlli il olmamışdı. Şairə ömrünün erkən yaşlarını yada salanda özünü ağlamaqdan saxlaya bilmirdi.
   - Ötmüş günləri yada salan xatirələr də şahid durur ki, Rəsul Rza səfərə çıxmağı xoşlayırdı.
   - Zahirən tündməcaz, ağırtəbiətli Rəsul Rza daimi hərəkətdən və insanlarla təmasdan zövq alırdı. Adi bir söyüd kölgəsi də çəmənlik də, bulaq da, dağ da şairin qəlbində əks səda verirdi. Rəsul Rzanı kədər və sevinc yola çağırırdı. Yadıma gəlir Ensiklopediyada işlədiyi vaxtlar. Yolların narahat vədələri Rəsul müəllimlə dörd saata Lahıca qalxmışdıq. Bu qeyri-adi yaşayış məntəqəsində əvvəllər də olmuşam. Şairlə daş şəkillər boyunca düzülmüş misgər dikanlarından qalxan səslər içindən keçərkən isə mənə elə gəlirdi ki, Lahıcı yenidən kəşf edirəm. Bu şəhərdə ipək xasiyyətli adamlar yaşayır. İsmayıllıda beş il işlədim. Lahıcda adi bir cinayət hadisəsi də qeydə alınmadı. Mən bunu Rəsul Rzaya da dedim. Heyrətləndi. Budur, miskər dükanının yanında ayaq saxlayırıq. Hamı gələn qonaqlara hörmət əlaməti olaraq ayağa qalxıb ehtiram göstərir. Yeniyetmə misgərin əl işindən Rəsul müəllimin xoşu gəlir. Onu Bakıya dəvət edir. Söz verir ki, İncəsənət İnstitutuna daxil olmağa kömək edər. Sonra da Lahıcın bənzərsiz abidələrini lentə köçürürük. Yerli adamlardan kimsə soruşur: «Rəsul müəllim, b şəkillər bir yerdə çıxacaqmı?». Səfər yoldaşımız «Bakinski raboçi» qəzetinin Şirvan üzrə müxbiri Qulu Məmmədov zarafata salır. «Çömçə tutan özümüzdəndir, çıxar inşaallah». Rəsul müəllim ciddiyyətlə bildirir. «Çömçənin kimin əlində olmasının fərqi yoxdur. Bu torpağın hər parçası hamınındır. Abidələri qorumaq və camaata nişan vermək hər birimizin borcudur». Rəsul müəllimdən müxtəlif yerlərdə, müxtəlif adamlarla çəkilmiş xeyli şəkli qalıb. Onlardan biri də bizim Gəncədəki ata yurdunda çəkilib, amma çıxmayıb. Bir yol yenə Rəsul Rza, Fikrət Qoca və Fikrət Ağazadə ilə Gəncəyə gəlib. Mən olmamışım evdə. Rəsul müəllim oğlum Araza fotoaparat gətirib. Elə həmin gün də aparatın siftəsinə öz şəkillərini çəkmək istəyiblər. Sonra məlum oldu ki, lent yanıb. Fikrət Qoca Araza elə heç zarafat eləyirdi. Səndə günah yoxdur, bala, mənim burnum qoymadı o şəkil çıxmağa, obyektivinin qabağını tutdu tamam. Mən özüm də çoxlu şəkillər çəkmişəm. Rəsul müəllim, Nigar xanım, ətrafda dostlar, tanışlar, qohumlar... Görünür, fotoaparat çox zaman mənim əlimdə olduğuna görə şəkillərdə az görünürəm.
   - Əvəzində xatirələriniz boldur, zəngindir...
   - Elə təsəvvür yaranmasın ki, bu xatirələrin hamısı xoşbəxt günlərlə bağlıdır. Həm Rəsul Rzanın, həm də Nigar Rəfibəylinin kədərli anlarının da şahidiyəm. Ensiklopediyadan işdən çıxarılandan sonra gəlmişdilər bizə. Nigar xala məni bir qırağa çəkib həyəcanla dedi: «Rəsulu işdən çıxarıblar». Təskinlik verdim, dedim ki, rəsul Rza min ildən sonra da Rəsul Rzadır. Biz onu Ensiklopediyada işlədiyinə görə sevmirik ki? Nigar xanımın xəstəxanada Rəsul Rzanın başına pərvanə kimi dolanması yadıma düşdü. Qəlbinin böyüklüyü ilə adamı heyrətə salan bu azərbaycanlı qadını kədərlə: «heç bilmirəm bunun bu xəstəliyi nə vaxt sağalacaq», deyəndə ürəyimin başı göynədi. Sən demə özü də xəstə imiş. Az sonra xalq şairi adı alanda onun yanına, xəstəxanaya getməli olduq. Otaqda gül əlindən tərpənmək olmurdu. Biz qızılgıl aparmışdıq. Görən kimi dedi: «Fidan, gör Akif nə gözəl güllər gətirib, özü də Gəncədən». Mən isə gülü Bakıdan almışdım. Nədənsə o an xeyli əvvəl bəxtəvər, gümrah günlərdə qızım Güllərlə Nigar xanımın yamacda çiçək toplamağı yadıma düşdü. Nigar xanım bu münasibətlə şeir də yazmışdı. «Güllər nə bilir çiçəklərin dilini».
   - Axırıncı dəfə Rəsul Rzanı harada və nə vaxt görmüsünüz?
   - Mərdəkanda, xəstəxanada gördüm son dəfə. Vəfalı ömür yoldaşı da yanında idi. Elə ondan üç-dörd gün sonra Nigar xanımı da xəstəxanaya apardılar.
   - Xalqımız ağır günlər yaşayırdı. Rəsul Rza kimi mərdanə kişilərin yeri görünür. O, bu gün yaşasaydı...
   - Neyləməli, hər gözəl ömrün bir sonu var. Onun şəxsən tanıdığı, oturub-durduğu yüzlərdən biriyəm. Rəsul Rza ilə təmas adamı ucaldır, daxilən böyüdür, zənginləşdirir. Hazırcavab, ağıllı, cəsarətli... O, xalqın qüvvələrinin parçalanmasına dözmədi. Rəsul Rza Azərbaycanın bütün qeyrətli və istedadlı oğlu və qızlarını öz övladlarından ayırmırdı.   

   Vaqif BƏHMƏNLİ