“Dinc” dövrdə erməni-bolşevik terroru
   
   N.Nərimanov dönəmindəki mücadilə
   
   Qırmızı Ordunun Azərbaycanı işğal etməsilə məmləkətimizin qara günləri yeni dəhşətlərilə geriyə döndü. Yeni mənəvi, fiziki, psixoloji qətliam erasının yönətməni, yazarı və oyunçuları da, əsasən, ermənilər və antiazərbaycançı velikoruslar, yaxud velikorus nökərləri idilər.
   Belə bir çətin şəraitdə Azərbaycan İnqilab Komitəsi Rəyasət Heyətinin sədri Nəriman Nərimanov bütün varlığı ilə məmləkətin haqlarını müdafiə edir, lazım gəldikdə Leninlə, Stalinlə diplomatik - ültumativ dildə və tonda danışaraq, təklənmiş Azərbaycanın mövqelərini qorumağa çalışır, beləliklə, özü də bu mücadilədə təklənməyə məruz qalırdı.
   Bolşevik işğalından sonra ölkəmizin düşdüyü ağır durumu və məmləkətimizə qarşı bitib-tükənməyən ərazi iddialarını daha yaxından öyrənmək üçün Nərimanovun Leninə və Stalinə yazdığı məktublara müraciət edək.
   [Xatırladaq ki, Azərbaycan Cümhuriyyətinin mövcudluğu zamanı onun ərazisi 113 985, 97 km idi. Bunun da 97 297, 67 km mübahisəsiz, 16 589, 30 km mübahisəli ərazilər hesab olunurdu (19: s. 422)].
   
   Nərimanovun Leninə yazdığı məktubdan
   (ixtisarla)
   “...Dəhşətli vəziyyət yaranmışdır. Mərkəz Gürcüstan və Ermənistanın müstəqilliyini, Azərbaycanın istiqlaliyyətini tanımış, lakin eyni zamanda o - Mərkəz, Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana verir...
   İndi vəziyyət belə şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış, üstəlik də Azərbaycanın ərazilərini almışdır. İndiyə qədər ikili siyasət aparan Gürcüstan müstəqillik əldə etmişdir. Üç respublikadan birinci olaraq Sovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir.
   Vladimir İliç! Çoxmillətli əhalinin hüquq və hissləri ilə belə zarafat etmək olmaz...
   Yeganə ümidimiz - inqilabımızı Şərqdə siyasətlə müdafiə etmək ümidi də alt-üst oldu. Və bütün bunların müqəssiri kimdir. 1-ci - Mərkəzin xəbərsizliyi və 2-ci - Mərkəzdə oturmuş erməni-daşnak kommunistlərin iyrənc işi.
   Mən Sizin diqqətinizi buna cəlb edirəm.
   Əgər qısa bir müddətdə Mərkəz daşnak-kommunistlərin bütün murdar hərəkətlərinə son qoymaq iqtidarında olmasa, bütün müsəlman Şərqi bizdən üz döndərəcəkdir...”
   
   ( Azərbaycanın Respublikası EA-nın Azərbaycan Tarixi Muzeyi, elmi arxiv, inv. № 2041. Bax: 4: s.62-63).
   
   * * *
   Nəriman Nərimanovun Stalinə yazdığı gizli məktubdan
   (Surəti: Yol. [ L. D. ] Trotskiyə
   Yol. [ K. B. ] Radekə):
   (ixtisarla)
   “...Sözsüz ki, başını itirmiş müsavat hökuməti kommunistləri xəlvətdən güllələməyə başlayanda bu müsibətdən yaxa qurtarmaq üçün yol. Mikoyana belə çətin bir anda mən lazım idim.
   
   Ancaq sonra?
   
   Çevriliş baş verdikdən sonra, bu asan hiss olunmağa başladı, həm də Mikoyan dedi:
   “Biz Nərimanovu İnqilab Komitəsinin sədri seçərik və onu elə mühasirəyə alarıq ki, o çox da öz nüfuzundan istifadə edə bilməsin...”
   Axı həmin o Mikoyan 18-ci ildə məni kommunizm haqqında mühazirə oxumaq üçün fəhlə rayonlarına dəvət edirdi, indi məni şübhə altına alır.
   Mən təsdiq edirəm ki, mənim “Bahadır və Sona” romanım yol. Mikoyan hələ daşnak olarkən artıq uğur qazanmışdı.
   Onda nə üçün 20 il keçdikdən sonra mən millətçi olmalıyam, yol. Mikoyan isə beynəlmiləlçi. Beləliklə Mikoyan Bakı Komitəsinin şəxsində müxalifət yaradır ki, mənim fəaliyyətim millətçi təmayül olmasın.
   BEKA-nın katibi sifətilə fəhlə qüvvəsini bölüşdürməyə və “solluq oyunu oynamağa” başlayır... (4: s.26).
   Mikoyandan sonra BEKA-nın katibi Sərkis olur, Sərkisdən sonra isə Mirzoyan. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a.
   Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır. Hələlik bunu mötərizədə saxlayıram, çünki əminəm ki, bu mötərizədəkilər nəticədə özləri açılacaqlar. Lakin işimin elə ilk günlərindən mən açıq deyirəm:
   bir çox mülahizələrə görə hələlik erməni yoldaşların görkəmli, məsul vəzifələrə təyin edilməsini dayandırmaq vacibdir.
   Zaqafqaziyanın keçmişi, ümumilikdə və özəlliklə 18-ci ildə Bakıda bizim işimiz bu məsələ üzərində düşünməyə məcbur edirdi... (4: s.31).
   ...Mənim zərrə qədər şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır. Nə kimi nəticələr olacağını demək çətindir, lakin əgər olsa, bunun bütün məsuliyyəti Serqo ilə Stalinin üzərinə düşəcəkdir. Maraqlısı odur, bu şəxslər elə fikirləşirlər ki, türklər o qədər axmaqdır, bütün bunları başa düşmürlər...
   ...Gedəcək yolumuz yoxdur. Azərbaycanda vicdanlı işçilər, türk kommunistləri bütün bunları, mən təkrar edirəm, yaddan çıxarmayacaqlar (4: s.60). AMEA-nın Azərbaycan Tarixi Muzeyi. İnv. № 2028a.
   
   Yuxarı (dağlıq) Qarabağ sorununun sovetlər dönəmində tarixinə dair
   
   Beynəlxalq imperializmin dəstəyi ilə millətçi ermənilər tərəfindən ortaya atılmış Dağlıq Qarabağ məsələsinin həllinə yanaşmada erməni liderləri özləri də müxtəlif mövqe sərgiləyirdilər.
   Sonralar Yuxarı Qarabağ ermənilərinin bölücülük ideoloquna və yönətməninə çevrilən Mikoyan hələ 22 may 1919-cu ildə Leninə yazırdı: “Erməni hökumətinin agentləri - daşnaklar Qarabağın Ermənistana birləşdirilməsinə nail olmağa çalışırlar. Ancaq bu, Qarabağ əhalisi üçün Bakıda öz həyat mənbəyindən məhrum olmaq və heç nə ilə, heç vaxt bağlı olmadığı Erivanla birləşmək olardı ” (6: s.224).
   Başqa bir erməni lider Levon Mirzoyanın mövqeyi də bu məsələdə Mikoyanın mövqeyi ilə səsləşirdi: “Erməni kəndlisi deyir ki, Bakı və Ağdamla sıx əlaqədə olmadan o, yaşaya bilməz. Aran hissəyə yolu təhlükəsizləşdirib, onun mədəni inkişafına imkan vermək gərəkdir ” (6: s.223).
   Tanınmış erməni yazıçısı Marietta Şaginyan da 1927-ci ildə Yuxarı Qarabağ ermənilərinin dövlətçilıik taleyi haqda eyni cür düşünürdü: “Bu torpaq öz coğrafi və iqtisadi mövqeyinə görə daha çox Azərbaycan yönümlüdür” (8: s.19; 6: s.224)...
   Bununla belə, içəridən və dışarıdan süni müdaxilə ilə Yuxarı Qarabağda planlı bölücülük havası körüklənməkdə idi:
   Sonucda Rusiya KP MK Qafqaz bürosunun 4 iyul 1921-ci il tarixli iclasının (iştirakçılar: Orconikidze, Kirov, Myasnikov, Fiqatner, Maxaradze, Nərimanov, Nazaretyan... - cəmi 9 nəfər) 11 saylı protokoluna əsasən səs çoxluğu ilə (Orconikidze, Kirov, Myasnikov, Fiqatnerin erməniçi-velikorus mövqeyi sayəsində) Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılması qərarı qəbul edilsə də, Nərimanovun dərhal etiraz bəyanatı ilə çıxışı və məsələnin qəti həlli üçün Rusiya KP MK-nın müzakirəsinə vermə təklifi qərəzkar tərəfi zor duruma saldı: ertəsi gün (5 iyul 1921-ci) Rusiya KP MK Qafqaz bürosu yenidən yığışaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanmasına qərar verdi ( 9; 6: s.226 ).
   Müxtəlif orqanlarda dəfələrlə yenidən müzakirə edilsə də, Nərimanovun təklif və təkidi ilə 1923-cü ildə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması qərarı ilə məsələ qəti şəkildə çözüldü...
   Mikoyan vaxtilə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanmasına tərəfdar olması ilə bağlı Leninə göndərdiyi yazılı məlumata görə sonralar bərk peşman olmuş, “səhv”ini düzəltmək üçün yollar axtarırdı.
   1942-ci ilin ortalarında Türkiyənin Cənubi Qafqazla sınırlara 26 diviziya yerləşdirməsi (10: s.54) SSRİ Silahlı Qüvvələri Baş Komandanlığının Qərargahı yanında fəaliyyət göstərən daimi müşavirlərdən biri olan Mikoyana bəhanə vermiş oldu. O, Qafqazın müdafiəsini “daha güvənli qurmaq üçün” Azərbaycan türklərini buradan SSRİ-nin doğu bölgələrinə (Sibir və Qazaxıstan) köçürmək layihəsini irəli sürdü. Səbəb kimi Anadolu türkləri ilə Qafqaz türklərinin eyni soydan olmaları və eyni dinə qulluq etmələri göstərilir; türklər hücuma keçəcəyi halda azərbaycanlıların onlara daxildən kömək edəcəyi ehtimalı “aksiom” kimi ortaya qoyulurdu.
   Ancaq (Azərbaycanın bacarıqlı jurnalisti Musa Bağırovun 1972-ci ildə istefada olan sovet marşalı G. K. Jukovdan aldığı bilgiyə görə) bu - çox təhlükəli və ağlabatan təxribata öncə L. Beriya etiraz etmiş, sonra (həlledici anda) Mir Cəfər Bağırov onunla birgə Stalinin qəbulunda olarkən çox ciddi, məntiqli dəlillər gətirərək Mikoyanın planını pozmuşlar (11).…
   
   (Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur)
   
   (Ardı gələn sayımızda)
   
   Xaqani İSMAYIL