Ədəbiyyat
   
   3 fevral - publisist, tərcüməçi, Azərbaycan milli operasının yaradıcılarından biri, ictimai xadim Ceyhun Hacıbəyli (1891 - 1962) dünyaya gəlib. Qardaşı Üzeyir bəylə ilk mili operamız «Leyli və Məcnun»u yaradıb, «Azərbaycan» qəzetinin redaktoru olub. Fransada mühacir həyatı sürməyə məcbur olmuş Ceyhun bəy ömrünün sonunadək Azərbaycana dair publisistik məqalələr yazıb.
   
   5 fevral - xalq yazıçısı, məşhur ssenarist və dramaturq Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov (1939) anadan olub. Ali texniki təhsil almış R.İbrahimbəyov bir çox məşhur Azərbaycan və Rusiya filmlərinin ssenari müəllifidir. «Bir cənub şəhəri»ndən başlanan kinematoqrafiya taleyi Rüstəm İbrahimbəyovu «Oskar» mükafatı almış «Günəşdən uzanmışlar» filminədək apardı. Onun pyesləri bir çox teatrların daimi repertuarındadır.
   
   7 fevral - ingilis yazıçısı Çarlz Dikkens (1812-1870) dünyaya gəlib. İngilis ədəbiyyatında realist sosial romanınn yaradıcılarından sayılan yazıçı «Oliver Tvistin macəraları», «Dombi və oğlu», «Devid Kopperfild» və digər romanlarında cəmiyyətdəki qəddarlığı, ictimai ziddiyyətləri, həyatın dibinə yuvarlanmış insanların vəziyyətini realistcəsinə təsvir edib.
   
   10 fevral - yazıçı, jurnalist, ictimai xadim, hekayə və felyeton ustası, «Molla Nəsrəddin» jurnalının yaradıcısı Cəlil Məmmədquluzadənin (1866-1932) dünyaya gəldiyi gündür.
   
   12 fevral - şair, əməkdar incəsənət xadimi İslam Səfərli (1923-1974) dünyaya gəlib. İlk şeirlərini cəbhədə döyüşərkən qələmə almış şairin poeziyasında vətənpərvərlik mövzusu daim əsas yer tutub. Şairin onlarla şeirinə bəstələnmiş mahnılar dillər əzbəridir.
   
   15 fevral - tanınmış tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil (1906-1944) anadan olub. II Dünya müharibəsi zamanı cəbhə qəzetində müxbir işləməklə yanaşı döyüşüb. 1942-ci ildə ağır yaralanaraq əsir düşür. Əsir düşərgəsində gizli qrup yaradaraq əsirlərin qaçmasına kömək etdiyinə görə Berlində hərbi həbsxanada edam edilir. Onun belçikalı kamera yoldaşına verdiyi şeirləri sonradan «Moabit dəftəri» adı altında dəfələrlə müxtəlif dillərdə çap edilib. 
   
    18 fevral - əməkdar incəsənət xadimi, qəzəlxan-şair Əliağa Vahidin (1895-1965) doğum günüdür. 
   
   18 fevral - xalq şairi, dramaturq Nəriman Həsənzadə (1931) dünyaya gəlib. Gəncədə ali təhsil alandan sonra Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. N.Həsənzadə lirik şair, həmçinin tarixi dramların müəllifi kimi tanınır.
   
   20 fevral - şair-dramaturq, tərcüməçi Əliağa Kürçaylı (1928-1980) dünyaya gəlib. Yaradıcılığa erkən yaşlarında başlayan Ə.Kürçaylı müxtəlif mətbuat orqanlarında və nəşriyyatda çalışıb. Onlarla şeir kitabının müəllifi olan şair həm də rus ədəbiyyatından gözəl poetik tərcümələrin müəllifidir.
   
   22 fevral - yazıçı-dramaturq, publisist Yusif Əzimzadə (1917-1984) anadan olub. Müxtəlif mətbuat orqanlarında çalışıb, pyesləri ölkə teatrlarının səhnələrində tamaşaya qoyulub. «Anacan» pyesi çox məşhurdur. Dünya ədəbiyyatından bir sıra nümunələri Azərbaycan dilinə çevirib.
   
   24 fevral - publisist, tənqidçi, filosof, şair, tərcüməçi, həkim Əli bəy Hüseynzadə (1864-1940) dünyaya gəlib. Dini və dünyəvi təhsil alıb, həkimliklə yanaşı, ədəbi-bədii yaradıcılıqla da məşğul olub. Ötən əsrin əvvəllərinin ədəbi-ictimai hadisəsi sayılan «Fyüzat» jurnalına rəhbərlik edib. 1910-cu ildə Türkiyəyə köçən Əli bəy orada da ictimai-siyasi və elmi fəaliyyətini davam etdirib.
   
   24 fevral - yazıçı, müəllim, tərcüməçi, ictimai xadim Abdulla Şaiqin (1881-1959) düynaya gəldiyi gündür. Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında müstəsna xidmətləri olub. Bununla yanaşı, «Uşaq çeşməyi» (1907), «Gülzar» (1912), «Milli qiraət kitabı» (1922) , «Qiraət kitabı» (1924) və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixinə dair mühazirələr oxuyub.
   
   26 fevral - şair, nasir və dramaturq, roman nəzəriyyəçisi Viktor Hüqo (1802-1885) dünyaya gəlib. İlk qələm təcrübələrini faciə janrında yazarkən V.Hüqonun 14 yaşı olub. V.Hüqonun sonetləri, dram əsərləri nə qədər mükəmməl olsa da, dünya ədəbiyyatı onu «Səfillər», «Gülən adam», «Paris Notr-Dam kilsəsi», «Doxsan üçüncü il», «Büq-Jarqal», «Dəniz zəhmətkeşləri» romanları ilə tanıyır.
   
   Teatr
   
   2 fevral - rejissor, xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Məhərrəm Haşımov (1912 - 1969) dünyaya gəlib.
   
   4 fevral - tanınmış teatr və kino aktyoru, xalq artisti Tariyel Qasımovun (1939) doğum günüdür.
   
   6 fevral - rejissor, pedaqoq, bir neçə aktyor nəslinin yetişməsində müstəsna xidmətləri olmuş Lütfi Məmmədbəyli (1927-2004) anadan olub.
   
   6 fevral - xalq artisti Rafiq Əzimov (1938) anadan olub.
   
   13 fevral - respublikanın xalq artisti Əlabbas Qədirovun (1946-2006) dünyaya gəldiyi gündür. 1970-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çeşidli rollar oynamış aktyorun səhnədə yaratdığı son obraz Ə.Əmirlinin «Mesenat» əsərində Hacı Zeynalabdin Tağıyev rolu olub. Azərbaycan filmlərində də yaddaqalan obrazlar yaratmış aktyor Respublika Dövlət Mükafatına (1978) layiq görülüb.
   
   23 fevral - aktyor, rejissor, teatr təşkilatçısı, xalq artisti Şəmsi Bədəlbəyli (1911-1987) dünyaya gəlib. Azərbaycan Musiqili Komediya Teatrının formalaşmasında və uğurlarında böyük xidmətləri olub, dram və opera tamaşalarına quruluş verib.
   
   28 fevral - görkəmli teatr və kino aktyoru, rejissor Mustafa Mərdanov (1894-1968) dünyaya gəlib.
   
   28 fevral - xalq artisti Sofa Bəsirzadənin (1918-2000) dünyaya gəldiyi gündür.
   
   Musiqi
   
   3 fevral - ustad aşıq Aşıq Əsəd (1875 - 1950) - anadan olub. Aşıq Ələsgərin şəyirdi olmuş Aşıq Əsədin aşiqanə şeirləri ilə yanaşı, ictimai məzmunlu əsərləri də var.
   
   4 fevral - xalq artisti Polad Bülbüloğlu (1945) dünyaya gəlib. Mahnıları, kinofilmlərə bəstələdiyi musiqilər ilə gənc yaşlarından o keçmiş SSRİ-nin ən məşhur müğənnilərindən sayılan P.Bülbüloğlu uzun illər Azərbaycanın mədəniyyət naziri olmuş, hazırda ölkəmizin Rusiyadakı diplomatik missiyasına başçılıq edir.
   
   5 fevral - Azərbaycan simfonik musiqisini bütün dünyada tanıtmış dahi bəstəkar Qara Qarayev (1918-1982) dünyaya gəlib. Onun «İldırımlı yollarla» və «Yeddi gözəl» baletləri müəllifə dünya şöhrəti qazandırıb. 
   
    6 fevral - respublikanın xalq artisti, ustad xanəndə Ağaxan Abdullayevin (1950) doğum günüdür. 
     
   12 fevral - görkəmli tarzən, xalq artisti Bəhram Mansurovun (1911-1985) doğum günüdür.
   
   22 fevral - xalq artisti, görkəmli bəstəkar, dirijor, pedaqoq Süleyman Ələsgərovun (1924-2000) dünyaya gəldiyi gündür. «Ulduz», «Özümüz bilərik», «Olmadı elə, oldu belə», «Milyonçunun dilənçi oğlu», «Həmişəxanım» operettalarının, «Bahadır və Sona», «Solğun çiçəklər» operalarının müəllifidir.
   
   22 fevral - xalq artisti, görkəmli xanəndə, pedaqoq, muğam operalarındakı partiyaların əvəzsiz ifaçısı Arif Babayev (1938) dünyaya gəlib. Opera səhnəsində Məcnun («Leyli və Məcnun»), Qərib («Aşıq Qərib»), Şah İsmayıl («Şah İsmayıl»), Camal («Gəlin qayası») partiyalarını ifa edib. Görkəmli xanəndə hazırda Milli Konservatoriyada muğam kafedrasının müdiridir.
   
   24 fevral - xalq artisti, xanəndə, pedaqoq, opera teatrının solisti Səkinə İsmayılova (1956) dünyaya gəlib. Azərbaycan xalq və bəstəkar mahnılarının, muğamların mahir ifaçısı olan S.İsmayılova milli operalarımızda Leyli («Leyli və Məcnun»), Əsli («Əsli və Kərəm»), Şahsənəm («Aşıq Qərib»), Ərəbzəngi («Şah İsmayıl») və Gülbaharın («Gəlin qayası») partiyalarını ifa edib.
   
   28 fevral - tanınmış bəstəkar Eldar Mansurovun (1952) ad günüdür. Professor Cövdət Hacıyevin tələbəsi olub. «Yeddi gözəl» rok-operası, «Kleopatra» və «Olimp» rok-baletlərinin, bir neçə simofniya, konsert və simfonik muğamın müəllifi olsa da, musiqisevər onu əsasən populyar mahnıların müəllifi kimi tanıyır.
   
   Kino
   
   1 fevral - görkəmli Amerika kino aktyoru Klark Geybl (1901-1960) dünyaya gəlib. Azərbaycanlı kinosevərlər onu «Küləklə sovrulanlar» filmindəki Rett Bartler obrazından tanıyır və sevirlər.
   
   5 fevral - SSRİ Dövlət Mükafatı laureatı, tanınmış aktrisa Münəvvər Kələntərlinin (1912-1963) doğum günüdür. Çoxumuzun Cahan xala («Arşın mal alan»), Yengə («O olmasın, bu olsun»), Münəvvər xala («Görüş») obrazlarının ifaçısı kimi tanıyıb sevdiyi milli koloritli bu aktrisa ömrü boyu Musiqili Komediya Teatrında çalışıb.
   
   7 fevral - kinorejissor Tofiq Tağızadə (1919-1998) dünyaya gəlib. «Uzaq sahillərdə», «Görüş», «Mən rəqs edəcəyəm», «Yeddi oğul istərəm», «Arşın mal alan», «Dədə Qorqud» filmlərinə quruluş vermiş T.Tağızadə bir sıra filmlərdə həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edib.
   
   Təsviri sənət, memarlıq
   
   16 fevral - Azərbaycan xalq memarlığının ən görkəmli nümayəndələrindən sayılan Zivərbəy Əhmədbəyov (1873-1925) dünyaya gəlib. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra Bakı şəhərinin baş memarı təyin edilib.
   
   21 fevral - xalq rəssamı Böyükağa Mirzəzadənin (1921-2007) doğum günüdür. Yaradıcılığa tematik tablolarla başlayan rəssam portret janrında da uğurlu nümunələr yaradıb, bir sıra teatr tamaşalarına bədii tərtibat verib.
   
   25 fevral - rəssam Rüstəm Mustafayev (1910-1940) dünyaya gəlib. Cəmi 30 il yaşamış R.Mustafayev Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. R.Mustafayev «Koroğlu» operasının ilk quruluşunun bədii tərtibatını verib. Azərbaycan Dövlət İncəsənət Muzeyi onun adını daşıyır.