Dörd minillik bir tariximiz olduğunu deyərdik. Ancaq əsaslı dəlillərlə iki min ildən əvvələ gedə bilmirdik. Bundan gənclərimiz üzülər, alimlərimiz isə susub durardı... Yadelli yazarlar isə əsassız bir hökmlə açıqlardı: “Türklər köçəri millətdir. Köçəri millətlər böyük və mədəni əsərlər yarada bilməzlər...
   
   XIV-XV əsrdə yaşamış ərəb tarixçısı İbn Haldun xalqları “bədəvi” və “mədəni” olaraq iki qrupa bölür. Bədəvilərin mədəniyyət qurmadıqlarını və tarixsiz olduqlarını göstərir. Türkləri də bədəvi hesab edir. Çünki İbn Haldun bir “çöllük mədəniyyəti”nin mövcudluğundan, türk tarixindən xəbərsiz olur. Çöllük iqlimi ilə çöl iqliminin, çöllükdəki köçərilərlə Ərəbistan çölündəki köçəriləri bir-birindən ayıra bilmir. Köçərilər həqiqətən torpağı beçərmədən, əkinçilik və ya sənətlə məşğul olmadan heyvan bəsləyiblər. Çöllükdə yaşayan türklər isə heyvandarlıqla yanaşı dəmiri, poladı və qızılı işləyiblər. Torpağı əkib, ev tikib, kurqan yapıb və abidə yaradıblar. Təşkilatçılıqları sayəsində bir çox dövlətlər qurublar...Sözsüz ki, türklər çox hərəkətli bir çöllük həyatı yaşayıblar.Heç bir xalqın qurmadığı çöllük mədəniyyəti qurmuşlar.Tarixçilərin qəbul etdiyi və daha çox “Andronov” mədəniyyəti adlandırılan bu mədəniyyət həm də “ Yenisey mədəniyyəti” kimi tanınır. Məşhur Yenisey kitabələri və digər arxeoloji tapıntılar da vaxtilə bu kənddə aşkar edilib. Bir çox arxeoloji tədqiqatlardan sonra məlum olub ki, bu yerlər ən qədim zamanlardan Abakan türklərinin məskunlaşdığı ərazilərdir. Onu da deyək ki, tarixən bu bölgələrdə yaşayan türklər sonralar “Abakan tatarları” kimi tanınır. Qədim türk tayfası olan bu Abakan tatarları bir çox tayfalara, qövmlərə ayrılır: Qoş, Qoybat, Saqay, Katasin, Beltir, Şor, Qızıl qaya? Aba qızıl, Tuba və Xakas... Ancaq onlar rus imperiyasının əsarəti altına düşəndən sonra ümumilikdə “Xakaslar” adlanıblar...Adət və ənənələri altaylı türklərdən heç nə ilə fərqlənmir. Qadınların geyimləri isə Anadolu qadınlarının geyimləri ilə eyniyyət təşkil edir.
   Yenisey çayının çox da uzaq olmayan bölgələrində yerləşən bu kənddə uzun zaman arxeoloji qazıntılar - axtarışlar aparılır. Nəticədə maraqlı tapıntılar aşkar olunur. Həmin tapıntılara əsasən məlum olur ki, türklər atı əhliləşdirməklə bərabər, həm də metala sahib olublar. Ondan müxtəlif əşyalar, o cümlədən qılınc, qalxan və nizə düzəldiblər. Onlar at kimi sürətli bir vasitəyə, dəmir və poladdan hazırlanan silahla silahlanaraq cəsur savaşçı olublar. Belə olan halda onların olduqları yerə yapışıb qalmamaları və geniş torpaqlara sahib olmaq məqsədilə hərəkətə keçmələri təbii olub...Köçəri türklərdən fərqli olaraq, başqa köçəri toplumlar da buna imkan olmamışdır.
   Türklər təbiət aşiqi olublar. Sıx meşələr, yalçın qayalar onlar üçün aşılmaz aşırımlar, keçilməz sədlər olmayıb. Ancaq türklərin ucsuz-bucaqsız torpaqları, müqəddəs (ata məzarları) kurqanları var. Onları qorumaq və yaşatmaq, bəzən də bir yerdə saplanıb qalmayacaq qədər coşqun və comərd olublar. Onların xarakteri şifahi və yazılı dastanlarında öz əksini tapmışdır. Məsələn, Oğuz xaqan xalqına xitabən deyir: “Qarğuları dəmirdən bir ormanı andıran böyük ordumuzla zəfərdən-zəfərə gedəcəyik. Yurdumuz elə böyüyəcək ki, onun üzərində quracağımız otaq göy qübbəsi, onun təpəsinə dirəyəcəyimiz (sancacağımız) bayraq isə ancaq günəş olacaqdır”. Doğrudan da, bu fikirlər çox keçmir bir həqiqət olur. Bu xarakterdə, duyğuda çoxsaylı əhalisi olan türklər həm də geniş sahələrdə hökmranlıq edirlər. Milyonlarca heyvan sürülərini otarmaq, saxlamaq üçün mövsümlərə görə bölgədən-bölgəyə köç edirlər. Ancaq bu köçərilik mədəniyyət qurmamış, tarixi abidələr yaratmamış bəzi çöl və meşə toplumlarının köçəriliyi olmamışdır. Türklərin bir yarısı çobançılıq edib dünyanı ölkəbəölkə dolaşdığı halda, digər bir yarısı da vətənlərində - şəhər və kəndlərdə oturaq həyat yaşayıb. Bu hal indinin özündə də belədir... Hər göründükləri yerdə də quruculuq işləri aparmamışlar. Çöllük türklərinin göründükləri, olduqları yerlərdə tarixi abidələr arayan və bunları görmədikləri halda “ Çünki türklər köçəridir, köçərilər mədəniyyət qura bilməz, onların tarixi yoxdur” hökmünü veriblər...
   Abbasi xəlifəsi Müqtədirbillah 920-ci ildə Türküstana bir elçi heyəti göndərir. Heyətin başçısı İbn Fadlan müsəlman olmayan türk ellərində gördüklərini “Er-Rihlə”(«Səyahətnamə») adlı risaləsində yazır: “... Oğuzlar adlanan bir türk qəbiləsinin qonağı oldum. Öyrəndim ki, müsəlman olmayan bir türk əgər bir zülmə uğrar və ya sevmədiyi bir şeylə qarşılaşarsa, başını yuxarı qaldırıb “Bir Tenqri” deyir. Bu «Bir Allah» anlamına gəlir. Çünki türkcə Tenqri Allah deməkdir... Türk qadınları yerli və yabançı kişilərdən qaçmazlar, vücudlarını gizlətməzlər..Ancaq zinalıq deyilən bir şey də bilməzlər... Müsafiri olduğum türk tərcüməçisinə dedi: “Bu ərəbdən soruş, Tanrısının qarısı varmı? ... Onun bu sözünü böyük günah saydım və tövbə etdim. Bu hərəkətim onun xoşuna gəldi. O da mənim kimi tövbə etdi... Sonra İbn Fadlan türkün adəti haqında da yazır: Bir türkün yurdundan tanımadığı bir kimsə keçib ona “Mən sənin müsafirinəm. Dəvələrindən, heyvanlarından və parandan bu qədər ehtiyacım var” deyərsə, türk onun istədiklərini verər.
   1970-ci ildə İssık Göl civarında Esik kurqanında arxeoloji qazıntılar aparılır. Tapılan məlumat türk yazı dilinin tarixini 2500 il əvvələ aparır. Açılan məzardan çıxan əşyalar gözqamaşdırıcı olur. Məzarın bir türk vəliəhdinə aid olduğu anlaşılır. Vəliəhd məzara qızıl geyimi və qızıl tacı ilə qoyulubmuş... Belə qeyd edilir ki, Misir fironu Tutanohamanın məzarından sonra ən çox qızıl (4.800 parça) bu türk vəliəhdinin məzarından tapılıb. Ancaq türk tarixi üçün əvəzsiz dəyər bu qızıllar olmur. Əvəzsiz tapıntı yarısı oksidləşmiş gümüş tabağın üzərindəki iki sətirlik yazı olur. Yazı oxunur və tərcümə edilir. Aparılan radio-karbonik təhlildən “Orxon” hürufatlı yazının miladdan öncə v əsrə aid olduğu məlum olur... “ Əşyaları araşdırarkən birdən arxeoloqun gözləri parıldayır. Gördüyü şeyə əlini uzadarkən barmaqları titrəyir. Gördüyü şey işım-işım parlayan qızılların yanında diqqəti cəlb etməyən , yarısı xeyli qaralmış bir gümüş tabağ olur. Qazax tarixçisi bu gümüş tabağın bütün qızıllardan müqayisə olunmayacaq qədər dəyərli olduğunu bilir. Çünki gördüyü əşyanın üzərində naxış vardı. Bu naxış 26 hərfdən ibarət iki sətirlik yazı olur.Məlumat olduğu kimi “Komsomolskaya pravda”da dərc olunur. Orada yazılır: “Bu iki sətirlik yazı “lal-kar”olan əski çağı dilə gətirdi”.
   İyirmi altı hərflik iki sətirlik yazı bir qədər sonra kurqanda tapılan qızılları kölgədə qoyur. Tarixçilərin gözündə işıq kimi yanır. Çünki bu fakt türk tarixinin miladdan əvvəlki yüzilliklərinə işıq salır. Yazı Orxon əlifbası ilə yazılıbmış. Sovet türkoloqları yazını oxumaqda gecikmirlər. İki sətirlik yazının mənası belə olur: “Xanın oğlu 23 yaşında öldü. Esik xalqının başı sağ olsun”.
   Altun geyimli adamın məzarı ortaya çıxan kimi dünyanın bir çox türkoloqları Almatıya gəlir. O əvəzsiz məlumatlar təkrar-təkrar araşdırılır. Miladdan öncə 5-yüzillikdə yaşamış bu vəliəhdin kimliyi aydın edilmir. Amma onun bir türk vəliəhdi və türk əsilli sakların hökmdarı olduğu fikrində birləşirlər...
   İndi türklər köçəri millətdir, köçərilər tarix yarada bilməz deyənlər geri çəkilib. Çünki türk tarixinin eramızdan əvvəlki dövrlərini işıqlandıran məlumatlar var. Əllə tutulan, gözlə görünən və muzeyləri dolduran əsaslı faktlardan başqa, muzeylərə sığmayan, yüksək mədəniyyət nümunələri göz qabağındadır. Bu kimi faktların yenə də olacağı şübhəsizdir. Çünki arxeoloqların həyəcanverici izlər üzərində çalışmaları bir çox müjdəli xəbərlərdə təsdiq olunur...
   
   Savalan FƏRƏCOV