Görkəmli Azərbaycan şairi Nəbi Xəzrinin 85 illik yubileyi doğulduğu Xırdalan şəhərində qeyd edilib. Xırdalan Mədəniyyət Evində keçirilən ədəbi-bədii tədbirdə şairin keçdiyi ömrü və yaradıcılıq yolları bir daha xatırlanıb. Nahid Hacızadə, Söhrab Tahir və şairin qələm dostları onunla bağlı xatirələrini bölüşüblər. Əminə Yusifqızı, Əli Nur və digərlərinin ifasında isə şairin onlarla şeiri səsləndirilib.
   Tədbirdə Azərbaycan Dram Teatrının aktyorlarının ifasında Nəbi Xəzrinin “Burla Xatun” dramından səhnələr nümayiş etdirilib. Tanınmış müğənni Yaqub Zurufçunun ifasında şairin “Dəniz” şeirinə yazılmış mahnının səslənməsi isə tamaşaçılara ayrıca zövq bəxş edib. Yerli “Xəzri” ansamblının müşayiəti ilə təqdim olunan bədii hissələrdə Nadir Qafarzadə kimi tanınmış müğənnilərlə yanaşı, xırdalanlı istedadlar da Nəbi Xəzri şeirinə yazılmış mahnıları səsləndiriblər. 3 saata qədər çəkən tədbirdə son olaraq şairin oğlu Arzu çıxış edərək ailələri adından göstərilən diqqətə görə Abşeron rayon rəhbərliyinə, təşkilatçılığa görə Xırdalan Mədəniyyət Evinin kollektivinə təşəkkürünü bildirib.
   
   SƏBUHİ