Azərbaycan bəstəkarlıq məktəbinin formalaşmasında müstəsna xidmətləri olan, görkəmli bəstəkar və pedaqoq Qara Qarayevin sinfində onlarla tələbə təhsil alıb. Həmin tələbələrin əksəriyyəti sonralar musiqi mədəniyyətimizə böyük töhfələr veriblər. Dünyaşöhrətli bəstəkarın tələbələri arasında öz istedadı ilə seçilən gənclərdən biri də Adil Bəbirov idi.
   
   Əməkdar incəsənət xadimi, bəstəkar Adil Musa oğlu Bəbirov 1934-cü il fevralın 15-də Bakıda anadan olub. Adil musiqi məktəbinin tar sinfində oxuyub, həmyaşıdları arasında musiqi duyumu və istedadı ilə seçilib. Daha sonra oxuduğu Asəf Zeynallı adına Bakı Musiqi məktəbində tanınmış tarzən Əhməd Bakıxanovun sinfində muğamın sirlərinə yiyələnib.
   1954-cü ildə Adil müsiqi məktəbini bitirərək Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olunur.
   O illəri xatırlayan bəstəkarın söylədiklərindən: «Mən ilk bəstəkarlıq dərslərimi Əşrəf Abbasovdan almağa başladım. Həmin vaxt Əşrəf müəllim bəstəkarlıq kafedrasında çalışırdı. O, həm də konservatoriyanın rektoru idi. Sonra o mənə təhsilimi Qara Qarayevin sinfində davam etməyimi məsləhət gördü. Mən Qarayevin rəhbərliyi ilə 5-ci kursa qədər bir çox əsərlərimi yazdım, lakin səhhətimlə əlaqədar son kursdan getməli oldum. Yalnız bir xeyli müddət sonra, 1978-ci ildə konservatoriyaya yenidən qayıdaraq simfonik əsərlə təhsilimi bitirərək diplomumu aldım».
   Adil Bəbirov hələ gənc yaşlarından təhsillə paralel olaraq televiziya və radioda səs rejissoru, sonralar isə muşiqi verilişləri redaktoru kimi fəaliyyət göstərib.
   1966-cı ildə “Azərnəşr”də çap olunan fortepiano üçün sonatası Adil Bəbirovun bizə məlum olan ilk əsəridir. Milli musiqi intonasiyaları ilə cilalanmış olan əsər Avropa klassik musiqi ənənələri ilə üzvi surətdə birləşərək, özünəməxsus tərzdə bəstəkarın yeni üslubu, özünəməxsus musiqi dili ilə diqqəti cəlb edir. Əsər bu günədək bir çox pianoçuların repertuarında yer alıb. Sonata sonradan simfonikləşdirilərək müəllif tərəfindən partitura şəklinə salınıb.
   1968-ci ildə isə “Azərnəşr” istedadlı bəstəkarın fortepiano ilə oxumaq üçün nəzərdə tutulan 4 mahnısının klavirini də nəşr edib. Mahnıların mətnləri Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Yusif Həsənbəy kimi tanınmış şairlərə məxsusdur. Albomun ilk səhifəsi ”Mən anayam” adlı mahnı ilə başlanır.
   “İlk addımlar” (söz. B. Vahabzadə) adlanan digər mahnı isə şüştər ladından başlayaraq tədricən segah ladına gəlir və qısa müddət, bir neçə xanədən sonrar dalğavari hərəkətlə yenidən əvvəlki şüştərə nisbətən kvinta aşağıya enərək başqa pillədəki şüştərə keçir.
   Vals ritmində yazılmış “Yollar” (söz. F.Qoca) mahnısında klassik harmoniya, daha dəqiq desək, Avropa musiqisində işlədilən triton intervalları, majoro-minor akkordları, ikiqat dominanta, nonakkordlar, üstünlük təşkil edir.
   Bu kiçik mahnı məcmuəsi nəğməkar şair Yusif Həsənbəyin sözlərinə yazılmış, ”Xoşbəxt olsunlar” nəğməsi ilə tamamlanır. Kuplet formasında yazılmış mahnı segah ladının pərdələrinə toxunur.
   1975-ci ildə “İşıq” nəşriyyatı tərəfindən nəşr olunan ”Azərbaycan bəstəkarlarının pyesləri” adlı fortepiano məcmuəsinə bəstəkarın iki əsəri də daxil edilib. Məcmuəni ilk pianoçu qadınlarımızdan olan görkəmli pedaqoq Kövkəb Səfərəliyeva tərtib edib.
   Prelüd-skertso adlanan pyes pianoçularımız arasında artıq çoxdan məşhurdur. Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Vasif Həsənov bu əsəri dəfələrlə konsertlərdə ifa etmiş, radio və televiziyada lentə yazdırmışdır. Ağır tempdə başlayan bu əsər, bir növ lirik balet adjiosunu xatırladır.
   Bəstəkarın dram tamaşalarına yazdığı musiqi, eləcə də “Yer tutanlar” müzikli (libretto - Faiq Mustafayev, şeirlər - Rüfət Əhmədzadənindir) musiqi ictimaiyyətinə yaxşı tanışdır. Müzikl Musiqili Komediya Teatrında 1982-ci ildə səhnəyə qoyulub və 1984-cü ildə isə“Melodiya” səsyazma firması tərəfindən alboma yazılıb.
   Bu dövrdə yazılmış musiqi əsərləri arasında «Kamera orkestri üçün 5 pyes» (1983), «Balet süitası» (1984), Səməd Vurğunun «İnsan», Bəxtiyar Vahabzadənin «İz qalır» pyeslərinə yazılmış musiqi bəstəkar yaradıcılığında ayrıca səhifə təşkil edir.
   Kino musiqisi sahəsində məhsuldar işləyən Adil Bəbirov 12-dək filmə musiqi bəstələyib. Bu sırada “Oxu, tar”(1968), ”Sevinc”(1968), ”Azərbaycan ipəyi”(1972), «Pəncə, qulaq, palaz, tikan» (1976), ”Bağda rahat yer”(1978), ”Sağ ol, dostum”(1980), ”Böyük anda sadiqik”(1981), ”Ekskursiya”(1991), ”Yurd yeri”(1994-97), ”Cümhuriyyət generalları”(2006), ”Bağ yerində” kimi filmlər misal göstərilə bilər.
   Bəstəkarın Qarabağ torpağından məcburi köçkün düşmüş insanların real həyatını əks etdirən ”Yurd yeri” televiziya tamaşasına yazdığı musiqi hələlik onun son əsərlərindəndir.
   Adil Bəbirov bir neçə ildir ki, Kanadada yaşıyır, orada Azərbaycan musiqisini uğurla təbliğ edir. Bu yaxınlarda bəstəkarın gənclik illərində fortepianoda ifa etdiyi improvizələri eşitdim. Bu improvizələrdən hələ neçə-neçə yazılmamış əsərlərin sədası gəlir. Bəstəkarın dediyinə görə, onun yaradıcılıq “sandığında” hələ ifa olunmamış bir çox fortepiano pyesləri və digər əsərləri mövcuddur.
   
   Şahin Qarayev,
   musiqişünas