16 aprel 1906 - Bakıda "Dəbistan" maarifçi jurnalı nəşrə başlayıb. 1908-ci ilin martınadək nəşr olunan jurnalda pedaqoji məsələlər, uşaqların təlim-tərbiyəsinə dair bədii əsərlər, elm-texnika yenilikləri dərc edilirdi. Jurnalın fəaliyyətində N.Nərimanov, H.B.Zərdabi, M.Ə.Sabir, M.Hadi, A.Şaiq, dövrün digər tanınmış ziyalıları iştirak ediblər.
   
   16 aprel 1916 - Görkəmli bəstəkar Qəmbər Hüseynli (1916-1961) anadan olub.
   
   16 aprel 1934 - Tanınmış bəstəkar Ramiz Mirişli anadan olub.
   
   17 aprel 1884 - Bəstəkar Zülfüqar Hacıbəyov (1884-1950) anadan olub. "Aşıq Qərib" operasının, musiqili komediyaların müəllifidir.
   
   17 aprel 1899 - Məşhur türkoloq, şərqşünas Əhməd Cəfəroğlu (1899-1976) Gəncədə anadan olub. Azərbaycanın sovetləşməsindən sonra Bakı Universitetində təhsilini yarımçıq qoyaraq Türkiyəyə gedib. İstanbul Universitetində çalışıb, Türkiyədə azərbaycanlı diasporunun tanınmış simalarından olub, "Azərbaycan yurd bilgisi" dərgisini nəşr etdirib.
   
   17 aprel 1928 - SSRİ Xalq artisti Lütfiyar İmanov (1928-2008) anadan olub. Opera və Balet Teatrının solisti kimi bir çox operalarda baş partiyaları ifa edib, Bakı Musiqi Akademiyasının professoru olub.
   
   18 aprel 1897 - Azərbaycanın ilk professional qadın müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədova (1897-1981) Tiflisdə anadan olub. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Ali Teatr məktəbini (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıb. Uzun illər Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
   
   18 aprel 1991 - Görkəmli şair və tərcüməçi Tofiq Bayram (1934-1991) vəfat edib. 1934-cü il dekabrın 16-da anadan olmuşdu.
   
   19 aprel 1907 - Xalq artisti, bəstəkar, musiqişünas Əfrasiyab Bədəlbəyli anadan olub. İlk Azərbaycan baletinin (“Qız qalası”, 1940), Azərbaycan musiqi tarixinə dair kitabların müəllifidir.
   
   19 aprel 1905 - Məşhur memar Mikayıl Hüseynov (1905-1989) Bakıda anadan olub. Bakının arxitekturasına gözəllik verən onlarla tikilinin (Nizami adına Ədəbiyyat Muzeyi, M.F.Axundov adına Dövlət Kitabxanası, MEA-nın binası, Musiqi Akademiyası və s.) müəllifidir.
   
   19 aprel 1907 - Xalq şairi Məmməd Rahim (1907-1977) anadan olub. "Leninqrad göylərində", "Abşeron torpağında" poemalarının, "Azərbaycan kantatası" şeirlər toplusunun müəllifidir.
   
   19 aprel 1919 - Tanınmış kinorejissor Əjdər İbrahimov (1919-1993) anadan olub. “Bakı” kinostudiyasında, "Mosfilm"də işləyib. “Onun böyük ürəyi”, "Ulduzlar sönmür”, Məhəbbətim mənim, kədərim mənim” və s. filmlərə quruluş verib.
   
   20 aprel 1894 - Xalq artisti, aktyor və rejissor Rza Təhmasib (1894-1980) anadan olub. Bir çox tamaşalara, "Səbuhi", "Bəxtiyar”, "Onu bağışlamaq olarmı?" və s. filmlərə quruluş verib.
   
   20 aprel 1916 - Xalq artisti, milli teatr sənətimizin görkəmli nümayəndəsi Nəsibə Zeynalova (1917-2004) anadan olub.
   
   20 aprel 1944 - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Cabbar Qaryağdıoğlu vəfat edib.
   
   20 aprel 1991 - Ali Sovetin deputatları, görkəmli alimlər Aydın Məmmədov və Dilarə Əliyeva Qax rayonu ərazisində avtomobil qəzasında həlak olublar.    

   20 aprel 1997 - Prezident Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un 1300 illiyinin geniş şəkildə qeyd olunması haqqında fərman imzalayıb. Yubiley 2000-ci ilin aprelində UNESCO səviyyəsində qeyd olundu.