Azərbaycanın ictimai-siyasi tarixində mühüm rol oynayan “Həyat” qəzeti 1905-ci ilin 22 aprel tarixində nəşrə başlayıb. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə olub. Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsində, sonra isə İstanbul Ali Hərbi Tibb Məktəbində təhsil alan Əli bəy Hüseynzadə tələbəlikdən ayrılıb müstəqil həyata başlayanda artıq yetkin fikir adamı idi. Azərbaycana qayıdan Ə.Hüseynzadə əvvəlcə "Kaspi" qəzetində publisistik yazılar dərc etdirir. Az sonra o, dövrünün məşhur ictimai xadimi və publisisti Əhməd bəy Ağaoğlu ilə birlikdə milyonçu Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə "Həyat" qəzetinin nəşrinə başlayır.
   Ə.Hüseynzadə ilə Ə.Ağaoğlu qəzetin səhifələrində məqalələr dərc etdirməklə Azərbaycanın ictimai-mədəni mühitinə yeni ab-hava gətirir, milli dünyagörüşün əsaslarını yeni prinsiplərlə zənginləşdirməyə çalışırlar. Ə.Hüseynzadənin «Həyat»ın səhifələrində yer alan fəlsəfi mühakimələri bu mənada maraqlıdır. O yazırdı:
   “Qalib olmaq o camaatındır ki, həyata açıq göz ilə nəzər edər, zəmanənin ruhunu, icabatını anlar, dərk edər...
   - Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...”
   Əli bəy Hüseynzadə senzuranın təzyiqlərinə rəğmən qəzetdə “Türklər kimdir və kimlərdən ibarətdir?”, “Bizə hansı elmlər lazımdır?”, “Yazımız, dilimiz, ikinci ilimiz” və başqa məqalələrini “Həyat”da çap etdirir. Onun azərbaycançılıq ideologiyasının əsaslarını müəyyən edən “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” şüarı da ilk dəfə məhz “Həyat” qəzetində işıq üzü görür.
   “Həyat”ın səhifələrində həmçinin Üzeyir Hacıbəyli, Həsən bəy Zərdabi müntəzəm yazılarla çıxış edirdilər.
   Təəssüf ki, bu qəzet də dövrünün digər qəzetləri kimi təzyiqlərlə üzləşərək bağlanır. "Həyat"ın son sayı 3 sentyabr 1907-ci il tarixdə dərc olunur.
   Həmin sayda qəzetin bağlanmasına həsr olunan şeir də yer almışdı:
   
   Elm ayineyi-surəti-hal idi, nədən bəs,
   Əcsamdə ərvahə misal idi, nədən bəs,
   Elm ilə vətən nikməal idi, nədən bəs,
   Təhsili-ədəb, kəsbi-kəmal idi, nədən bəs,
   Millət ümənası bu gözəl rütbəyi dandı?
   Əfsus, "Həyat" isə məmat oldu, qapandı!
   
   Bundan sonra Ə.Hüseynzadə dövrün digər mühüm mətbu orqanı və fikir dərgisi olan “Füyuzat" jurnalının nəşrinə başlayır. Yeri gəlmişkən, “Füyuzat"ın nəşrə başlaması barədə ilk məlumat məhz "Həyat"ın son sayında dərc olunmuşdu. Beləcə, «Həyat» bağlansa da, onunla başlanan yol davam edirdi.
   
   Təranə Məhərrəmova