Əsrlər öncə torpağımıza ayaq basan əcnəbilər Azərbaycanı necə təsvir etmişlər?
      
   Qədim zamanlardan dünya xalqları bir-birini tanımağa, əlaqə qurmağa daim can atıb. Ölkələrdən-ölkələrə, qitələrdən-qitələrə ilk məlumat aparanlar isə tacirlər, səyyahlar olmuşlar. Şərq-Qərb ticarət yollarının kəsişməsində yerləşən Azərbaycan torpağı da qədim zamanlardan əcnəbi səyyahların diqqətini çəkib. Onların səfər qeydlərində, sonradan yazdıqları kitablarda ölkəmiz haqqında zəngin təəssürat, maraqlı məlumatlar əksini tapıb.
   Məşhur italiyalı səyyah Marko Polo (XIII əsr) Şamaxıda və Bərdədə yerli ipək məmulatlarının gözəlliyini qeyd edir.
   Böyük fransız yazıçısı Aleksandr Düma “Qafqaz səfəri” adlı əsərində Azərbaycan xalqının qonaqpərvərliyindən bəhs edərək yazır: “Bivaxt, gecənin bir aləmində gəlməyimizə baxmayaraq, bizə hər cür qayğıkeşlik və qonaqpərvərlik göstərildi”.
   Xalqımızın qonaqpərvərliyi rus yazıçısı Aleksandr Bestujev-Marlinskinin Qubaya səfəri, böyük şair Mixail Lermontovun Qusarda yerli əhali ilə görüşləri barədə xatirələrində əks olunub.
   Azərbaycan xalq tətbiqi sənəti nümunələri haqqında da maraqlı məlumatlar əcnəbi yazarların və səyyahların əsərlərində əksini tapıb. X əsr məşhur ərəb tarixçisi Əbu Səfər Məhəmməd Təbəri və Əl Müqəddəsi qeyd ediblər ki, Azərbaycanın qədim və gözəl şəhəri Bərdədə gözoxşayan xalçalar toxunur.
   Flamand səyyahı rahib Rubruk (XIII əsr) və italiyalı Marko Polo (XIII əsr) gözəl Azərbaycan xalçalarına valeh olduqlarını qeyd ediblər. Təsadüfi deyil ki, XV əsrdən başlayaraq Avropa rəssamları Hans Qolbeynik, Hans Memlinqin və digərlərinin əsərlərində Azərbaycan xalçaları təsvir edilib. İngilis səyyahı Antoni Cenkinsonun (XVI əsr) və holland dəniz səyyahı Yan Streysinin (XVII əsr) yazılarında Azərbaycan xalçalarından bəhs edilib.
   Qeyd edək ki, bu gün Azərbaycan xalçaları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekistil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini bəzəyir.
   Məşhur ərəb tarixçisi Müqəddəsi “İqlimləri öyrənmək üçün ən yaxşı bölgü” əsərində Bərdə, Ərdəbil, Şəmkir, Şamaxı, Muğan, Şirvan, Bakı, Beyləqan, Urmiya, Marağa şəhərləri haqqında, Araz və Kür çayları, Xəzər dənizi barədə maraqlı qeydlər yazıb. O, Azərbaycanı başdan-başa bolluq diyarı, bağ-bağatlı bir ölkə kimi təsvir edib: «Bu yerlər behiştə bənzəyir, İslamın fəxri və din mücahidlərinin yeridir. Ticarət üçün əlverişlidir, qədim şəhər və kəndləri, bol sulu çayları, gözəl bağları, dadlı meyvələri vardır. Əhalisi mehriban və hörmətcildir”.
   Müqəddəsiyə ən çox təsir bağışlayan Təbriz şəhəri olmuşdu. Şəhərin gözəlliyindən cuşa gələn səyyah yazır: “Sən dərk edirsənmi, nədir Təbriz?! O, saf bir qızıldır, əzəmətli kimyadır. Alınmaz şəhərdir. Bağdaddan daha üstündür. Burada müsəlmanlar şöhrət qazanmışdır. Şəhərin içərisindən çay keçir. Kənarında isə ağaclar xışıldayır. Meyvəsi boldur. Şəhərin gözəlliyinin həddi-hüdudu yoxdur...”
   Orta əsrlərdən bu yana Azərbaycana onlarla səyyah, yüzlərlə dünya şöhrətli əcnəbi yazıçı, rəssam, diplomat və tarixçi gəlib-gedib. Onların əksəriyyəti ölkəmizin təbii sərvətləri, xalqımızın milli-mənəvi dəyərləri haqqında gözəl fikirlər söyləyib, maraqlı kitablar yazıblar. Bu kitablar Azərbaycanın qədim tarix və mədəniyyətinin öyrənilməsi, eləcə də dünyada təbliği baxımından mühüm qaynaqlardır.
   
   Savalan Fərəcov