Svetlana İsayeva: «İndi də tələbələrə fəxrlə deyirəm ki, mən «Çinar»da oynamışam»
   
   Yarım əsr bundan əvvəl Azərbaycan Tibb Universitetinin nəzdində təşkil edilən «Çinar» qızlar ansamblı, yəqin ki orta və yaşlı nəslin nümayəndələrinin yaxşı yadındadır. O zaman heç kəs güman etməzdi ki, tələbə qızlardan ibarət rəqs qrupunun şöhrəti Azərbaycanın hüdudlarından uzaqlara da yayılacaq. 1959-cu ildə 24 tələbə qızın Moskvanın konsert salonlarında nümayiş etdirdikləri milli rəqslərimiz tamaşaçıları valeh etmişdi. Bu qızlar «Çinar»ın təməlçiləri idi. Ansambl bu gün də yaşayır və özünün 50 yaşını qeyd etməyə hazırlaşır.
   
   Bəli, çəkilən zəhmət, əldə edilən uğurlar həmişə yaddaqalan olur və bəzən istər-istəməz həmin illərə nostalgiya yaranır. Ansamblın yubileyi ərəfəsində bu xatirələri çözələmək, 50 il əvvələ qayıtmaq üçün «Çinar»ın təməlçilərindən biri olmuş, hazırda Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda çalışan Svetlana İsayeva ilə görüşdük.
   Söhbətə başlarkən ilk cümləsi belə oldu: «69 yaşım var. Kim mənə bu yaşı verər? Mənim belə cavan və gümrah qalmağımın səbəbi «Çinar»dır». Elə bu cümlə ilə də söhbətə körpü salmış olduq və bundan sonra xatirələr dilə gəldi.
   «1959-cu ildə 1-ci kurs tələbəsi idim. İnstitutun Komsomol Komitəsindən dedilər ki, qızlardan ibarət ansambl yaradılır və seçimi də tanınmış rəqqasəmiz Əminə xanım Dilbazi aparır. Yadımdadır, o zaman institutda istedadlı həvəskarlar çox idi. Gələcək həkimlər rəqs kollektivinə həvəslə üzv yazılırdılar. Onları ansambla gətirən bir istək idi: rəqsə vurğunluq, bu sənətin qüdrətindən doğan sevinci hamıya bəxş etmək. Seçim çox ciddi aparılırdı. Nəhayət, 24 nəfər qız ansamblda oynamağa layiq görüldü. Onlar elə əsl çinara bənzəyirdilər: ucaboylu, qədd-qamətli. Əminə xanımın təklifilə ansamblın adını «Çinar» qoydular. Ansabml səhnə həyatına «Çinar» rəqsilə qədəm qoydu. Sonra onun ifasında «Bənövşə», «Ceyran» «dünyaya gəldi». «Vağzalı», «Mirzəyi», «Qaval» rəqsləri ürəklərə yol tapdı. «Çinar» tez bir müddətdə lirik rəqsləri ilə özünü tamaşaçılara sevdirdi və tanıtdı».
   
   Peşəkar səhnəyə aparan yol
   
   Bundan sonra qızğın məşqlər başlayır. Çünki «Çinar» cəmi üç ay sonra Moskva şəhərində keçiriləcək «Azərbaycan mədəniyyəti ongünlüyü»ndə (dekada) iştirak etməli idi.
   Svetlana xanım o günləri belə xatırlayır: «Həmin vaxt saatlarla məşq edirdik. Əminə xanım bizə xalq rəqsinin əlifbasını öyrətdi. Səhnədə addımı necə atmaq, əlləri, başı necə tutmaq? Bütün bunları bizə Əminə xanım başa salırdı. İndi mən əminliklə deyə bilərəm ki, mənim sənət həyatım Əminə xanımın adı ilə bağlıdır».
   Ansambla çox diqqətlə yanaşılırdı. Geyimlərin eskizlərini məşhur rəssam Reyhan Topçubaşova hazırlamışdı. Beləliklə, tələbə qızlar 3 ay gərgin məşq edirlər. Qızlar həm dərslərə getməli, həm də məşqlərdə iştirak etməli olurdular. «Bəs bu gərgin işin öhdəsindən necə gəlirdiniz» sualını Svetlana xanım belə cavablandırdı: «Bizdə sevgi, həvəs var idi və bu stimulu bizə Əminə xanım verirdi. O, bizə sadəcə müəllimə kimi deyil, bir ana kimi yanaşır, məşqlər zamanı dəyərli məsləhətlər verirdi».
   Rəqqasların ənənəvi pəhrizinə gəlincə, Svetlana xanım deyir ki, onlara bu xüsusda heç bir qadağa qoyulmurdu: «Özümüz başa düşürdük ki, çox yemək olmaz.
   O zaman bizə nəinki institutda, hətta bütün respublikada gözəl münasibət var idi. İndi də dərsdə tələbələrə fəxrlə deyirəm ki, mən «Çinar»da oynamışam».
   
   Moskva səhnəsində çıxışlar
   
   Svetlana xanım bildirir ki, Moskva şəhərində keçirilən «Azərbaycan mədəniyyəti ongünlüyü»ndə səhnəyə çıxanda heç bir həyəcan hiss etməyib: «Peşəkar səhnədə heç vaxt addım atmayan qızlar birdən-birə ilk dekadaya getdilər, Moskva səhnəsində Azərbaycanı təmsil etdilər. Dekada çərçivəsində «Bolşoy Teatr» da daxil olmaqla Moskvanın bir çox konsert salonlarında rəqs etdik. İfalarımız böyük alqışlarla qarşılandı. Ansambl SSRİ komsomol təşkilatının (ÜİLKGİ MK) fəxri fərmanı ilə təltif olundu. Moskvadan qayıdanda «Çinar»a xalq ansamblı adı verildi. Mən də daxil olmaqla rəqqasələrdən dördü Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına, kollektivin bədii rəhbəri Əminə Dilbazi isə Xalq artisti adına layiq görüldü”.
   Sveta xanım «Çinar»da ali məktəbi bitirənə qədər, 6 il çıxış edib: «Mənim ən çox sevdiyim «Açıl, bənövşəm, açıl» mahnısının havasına oynadığım rəqs idi. O zaman rus dilinin hökmranlıq etdiyi bir zamanda biz milli rəqsləri öyrənirdik. Buna görə ömrüm boyu Əminə xanıma minnətdaram. Sonradan «Çinar»ın repertuarı zənginləşdi. Ansambl Əminə xanımla birlikdə dünyanı gəzdi».
   «Mənim üçün təbabət və
   musiqi eyni dərəcədə
   dəyərlidir»
   
   Ali məktəbi bitirmək həm də ansambldan ayrılmaq demək idi. Svetlana xanım deyir ki, onun üçün ansambldan ayrılmaq çətiniydi. Altı il ərzində rəqs sənətində püxtələşdiyindən hətta ona professional səhnədə qalmaq da təklif olunur. Amma o, öz peşəsini, göz həkimi ixtisasını seçir. Bir də bu qənaətdədir ki, onsuz da musiqi ilə təbabət arasında bir harmoniya mövcuddur: «Artıq sübut olunub ki, müəyyən xəstəlikləri bir sıra musiqi alətləri ilə müalicə etmək mümkündür. Vaxtilə Azərbaycanın məşhur cərrahları İbrahim və Mustafa Topçubaşovlar əməliyyat zamanı xəstədən soruşurdular ki, hansı əsəri dinləmək istəyirlər, musiqinin hansı janrını xoşlayırlar. Xəstəni xoşladığı musiqinin sədaları altında əməliyyat edirdilər. Təcrübə göstərirdi ki, həmin əməliyyatlar uğurlu alınır. Mənim üçün təbabət və musiqi eyni dərəcədə dəyərlidir və birini digərindən ayırmıram».
   Svetlana xanımı «Çinar»dan nələri xatirə saxlamısınız» sualı, deyəsən, əməlli-başlı kövrəltdi. Cavabında: «Bol-bol şirin xatirələr. Elə xatirələr ki, bir ömrə bəs edər. Bir də ki bu xatirələri yaşadan şəkillər» - deyə cavab verdi: «Bu altı ilin ab-havası mənim həyatımda bu gün də mühüm rol oynayır. Sizə ən adi misal çəkim: həyat itkisiz olmur və əlbəttə ki, doğmalarını itirmək insanı sarsıdır. Amma ən ağır anlarımda o illərin ab-havası mənə kömək olub, psixoloji sarsıntıdan xilas edib. Qızıma, nəvələrimə rəqs öyrətmişəm. Kədərli anlarımda nəvəmə deyirəm ki, bir mahnı qoy oynayaq. Rəqs edəndə isə sanki, dönüb oluram «Çinar»dakı gənc qız. Bax bu kifayət edir ki, bütün stresdən azad olum. Bu baxımdan həyatımda «Çinar»ın əhəmiyyəti böyükdür. Hərdən istəyirəm ki, bugünkü «Çinar»ın məşqlərinə baxım, ötən illərə onlarla birgə qayıdım».
   «Çinar»ın keçmiş üzvləri müxtəlif xəstəxanalarda, Tibb Universitetində çalışmalarına baxmayaraq, ansamblın tədbirlərində həvəslə iştirak edirlər.
   50 yaşını tamamlayan ansamblın çoxsaylı uğurları isə mədəniyyət tariximizin sərvətidir.
   Bu uğurlardan ikisini xüsusilə qeyd etmək lazımdır. 1970-ci ilin yayında Almaniya Demokratik Respublikasında musiqi bayramı keçirilirdi. Dəvət olunmuş qonaqların arasında «Çinar» da var idi. O vaxt «Çinar» rəqs ansamblı ADR-in səkkiz şəhərində tam proqramla çıxış etdi.
   1974-cü ildə «Çinar» Yuqoslaviyanın Sarayevo şəhərində keçirilən dostluq görüşündə iştirak etdi. Ansambl uzunmüddətli və səmərəli əməyinə, yüksək yaradıcılıq səviyyəsinə görə Azərbaycan Lenin Komsomolu Mükafatına layiq görüldü. Sonrakı illərdə «Çinar» xalq rəqs ansamblı neçə-neçə müsabiqələrdən, festivallardan üzüağ çıxıb, özünün nəyə qadir olduğunu dəfələrlə sübut edib. Ansamblın yaradıcılığı haqqında C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası «Qızlar, rəqs edin!» filmini çəkib. «Çinar» Almaniya, Polşa və Əlcəzair televiziyalarında da çəkilib. Ansambl 90-cı illərdə Almaniyada, Türkiyədə qastrol səfərlərində olub. 1998-ci ildə ansambl Fransada keçirilən Xalq Yaradıcılığı Festivalında dünyanın 38 ölkəsinin kollektivləri arasında 3-cü yeri tutub. 50 yaşlı «Çinar» bu gün də rəngarəng çıxışları ilə tamaşaçı rəğbəti və sevgisini qazanır.
   
   Mehparə Sultanova