Leyla xanım Axundzadə son dərəcə təvazökar, səmimi və yüksək insani keyfiyyətlərə malik insan idi. Ali təhsilini Moskvada almışdı, 1975-ci ildə M.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirmişdi. 

   Əmək fəaliyyətinə 1975-ci ildə Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda Təsviri sənət bölməsinin böyük laborantı kimi başlamış, 1987-ci ilədək orada çalışmışdı. Həmin il Azərbaycan rəngkarlığında mənzərə janrının inkişafı haqqında dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi elmi dərəcəsi almışdı. 1987-ci ildən Mədəniyyət və İncəsənət Universitetində “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, 1991-ci ildən 2001-ci ilədək kafedra müdiri işləmişdi. 2001-ci ildə Dövlət Rəssamlıq Akademiyası yaradılanda həmin təhsil ocağında “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” kafedrasının müdiri təyin olunmuşdu, 2004-cü ildən kafedranın professoru idi.
   2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyində İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifəsinə təyin olunmuşdu və 2010-cu ilin fevralında faciəli şəkildə dünyasını dəyişənədək həmin vəzifədə çalışmışdı.
   Leyla Axundzadə 2007-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdü.
   Öz sənətini, işini sevirdi. Müasir sənətşünaslıq elminin aktual problemləri ilə məşğul olurdu. Onun müəllifi olduğu “XX əsr dünya təsviri incəsənəti” kitabı bu mövzuda Azərbaycan dilində ilk nəşr idi. Müasir Azərbaycan incəsənətinin problemlərindən bəhs edən, ölkəmizdə və xarici ölkələrdə - Türkiyə, Almaniya, İtaliya və Rusiyada nəşr olunmuş 40-dan çox elmi məqalənin, həmçinin incəsənət istiqaməti üzrə nəzərdə tutulmuş çoxsaylı dərslik və tədris proqramlarının müəllifi idi. Rəssamlıq Akademiyasında rəhbərlik etdiyi kafedrada müəllim həmkarları, tələbələri onu çox sevirdi. O, bir çox istedadlı sənətşünas mütəxəssislər yetirmişdi.
   Leyla xanımı incəsənətimizin beynəlxalq aləmdə layiqli diplomatı kimi də qəbul etmək olardı. Bir neçə xarici dil bilirdi. Fəal ictimaiyyətçi, ziyalı idi. Ölkəmizdə və xarici ölkələrdə təşkil olunan müxtəlif tədbirlərdə, sərgilərdə Azərbaycanın haqq işini cəsarətlə əcnəbi nümayəndələrə, xarici diplomatlara çatdırırdı. Türkiyədə, Fransada, Gürcüstanda, İtaliyada, Serbiyada keçirilən Beynəlxalq elmi simpozium və konfransların iştirakçısı olmuşdu.
   Leyla Axundzadə müasir incəsənət sahələrinin inkişafı və Azərbaycan incəsənətinin təbliğ olunması işinə böyük töhfələr verib. O, 2000-ci ildə gənc rəssamları, sənətşünasları və musiqiçiləri birləşdirən “Zamanın qanadları” adlı yaradıcılıq assosiasiyasını yaratmışdı. Assosiasiyanın üzvləri Almaniya, Rusiya, Fransa, Serbiya, Yunanıstan, Norveç, Türkiyə, İtaliya və digər ölkələrdə təşkil olunan beynəlxalq sərgilərdə uğurla iştirak ediblər.
   Azərbaycanda ilk dəfə 2003-cü ildə keçirilən “Alüminium” Beynəlxalq müasir incəsənət Biennalesinin təsisçisi və təşkilatçısı Leyla xanım idi. Bu, təsviri sənət tariximizdə təşkil olunan ilk möhtəşəm beynəlxalq əhəmiyyətli layihə idi və 2005, 2007 və 2009-cu illərdə də uğurla keçirilmişdi. Leyla xanım 2007 və 2009-cu illərdə dünyada məşhur beynəlxalq mədəniyyət layihəsi olan - İtaliyada “Venesiya” Biennalesində Azərbaycan pavilyonunun təşkilatçısı və kuratoru olmuş, Azərbaycan incəsənətinin dünyada tanıdılması və təbliğinə öz töhfəsini vermişdi.
   Leyla xanım hamıya kömək etməyə çalışırdı. Xüsusilə gənc, istedadlı rəssamların üzə çıxmasında müstəsna xidmətlər göstərirdi. Şəxsi mövqeyi, problemlərə yanaşmağı ilə ətrafındakıları özünə cəlb edirdi. İncəsənət üçün, yeniliklər naminə fədakarlıqla çalışan sənətin cəfakeşi, mehriban xanım idi.
   Səkkiz ildən artıq idi ki, onunla tanış idim. Leyla xanım mənim əziz müəllimim, dərin hörmət bəslədiyim şəxs idi. O, heç vaxt keçmiş zamanda danışmağı xoşlamırdı. Hər zaman modern, novator gələcək layihələri barədə danışmağı xoşlayırdı. Lakin çox təəssüf ki, bu gün Leyla xanım Axundzadə haqqında keçmiş zamanda danışımağa məcburuq.
   İyunun 21-i Leyla Axundzadənin doğum günü idi. Yaşasaydı həmin gün 57 yaşı tamam olacaqdı.
   Yaxşı əməl sahibləri heç vaxt unudulmayacaq. Leyla xanım da beləcə yaxşı əməllər sahibi idi. Böyük şairin misralarında deyildiyi kimi,
   
   Ölüm sevinməsin qoy, ömrünü vermir bada
   El qədrini canından daha əziz bilənlər.
   Şirin bir xatirə tək qalacaqdır dünyada
   Sevərək yaşayanlar, sevilərək ölənlər!
   
   Əsəd Quliyev,
   sənətşünas, Rəssamlar İttifaqının üzvü







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar