Hələ sağ ikən adı əfsanələşmiş görkəmli fırça ustası Səttar Bəhlulzadə 15 dekabr 1909-cu il tarixdə Bakının Əmircan kəndində anadan olub. Balaca vaxtında cansız-çəlimsiz bir uşaq olsa da, diribaşlığı ilə tay-tuşlarından seçilib.
      
    Erkən yaşından yaradıcılıqla məşğul olur. Kənddə hamı bu çəlimsiz oğlanın titrək əlləri ilə çəkdiyi rəsmlərə baxıb təəccüb edir. Rəssamlıq istedadı onu rahat buraxmır. O, bu sənəti mükəmməl öyrənmək məqsədilə Bakı Rəssamlıq Məktəbinə daxil olur. 1931-ci ildə məktəbi uğurla başa vurur. 1931-1933-cü illərdə görkəmli fırça ustası Əzim Əzimzadə ilə birlikdə “Kommunist“ qəzetində çalışır.
   Sonra sənətin sirlərini dərindən öyrənmək üçün 1933-cü ildə Moskvaya gedir. V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun qrafika fakültəsinə daxil olur. 1935-ci ildə təhsilini rəngkarlıq fakültəsinə davam etdirməyə başlayır. Professor Q.M. Şeqalin rəhbərliyi altında rəssamlığın incəliklərini, fransız, rus mənzərə ustalarının ənənələrini mənimsəyir.
   Rəssamlığın ona məlum olmayan sirlərini öyrənmək əzmində ikən müharibə başlayır. Ona görə də Bakıya dönmək məcburiyyətində qalır. Müharibə illərinin çətinlikləri onu sənətindən ayıra bilmir. O, peşəkarlığını artırmaq üçün daha da əzmlə çalışır. Sənətinin çoxşaxəli inkişafına nail olur. 1941-1946-cı illərdə “Fətəli xan”, “Xəttat Mirzə“ portretlərini yaradır. Sonra “Atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızbənövşəyə gedən yol”, “Yaşıl xalı“, “Xəzər üzərində axşam şəfəqləri” tablolarını yaradır.
   Yaradıcılıq yollarında o, Abşeronun qumsal dəniz sahillərini, münbit torpağını çox gəzir. Sonra bir-birindən gözəl sənət əsərlərini ağ kətan üzərinə köçürür. Gördüyü və müşahidə etdiyi hər bir mənzərənin tipik obrazını yaradır. Sehrli fırçası kətan üzərində “Xəzər gözəli“, “Bahar çiçəkləri“, “Bağlar arasında”, “Yaşıl xalça“, “Payız küləyi“ , “Qoca ağac“, “Tut ağacı” və digər sənət əsərlərini yaradır.
   O, saatlarla oturub güllərə, çiçəklərə tamaşa edərmiş. Bir gün sənət yoldaşlarından biri ondan soruşub: - Səttar, nə üçün belə edirsən? O, deyib:
   - Güllərə tamaşa etdikcə rənglərin ahəngindən güc-qüvvət alıram.
   Səttar Bəhlulzadənin özünəməxsusluğu onu digər sənətkarlardan gözlə görünəcək qədər fərqləndirir. O, təbiəti sulu boya ilə kətan üzərində təsvir etməkdən ötəri, səhər yuxudan oyanıb çölləri, yamacları seyr edib. Görünür, tale ona rənglərin dili ilə cahanı vəsf etmək bacarığı-istedadı veribmiş. O, həqiqətən gözlə görünməyən, əllə hiss edilməyən bir ümman olub. Bu ümman dalğalanıb çağladıqca onun möcüzəli tabloları yaranıb.
   Səttar, doğrudan da, məktəb yaradıb. Gələcək nəsillərə bənzərsiz bir sənət məktəbi yadigar qoyub gedib. Söz yox ki, əsrlər, qərinələr ötəcək bu məktəb min bir tellərlə vətənə bağlanan onlarla, yüzlərlə sənət fədailəri yetişdirəcək. Onu da qeyd edim ki, vətənin dilbər guşəsi Qarabağ onun onlarla tablolarında füsunkar gözəlliyi ilə tərənnüm olunub. O, aylarla Qarabağda, eləcə də Şuşada qalaraq xeyli etüd və mənzərələr çəkib. Onlardan “Cıdır düzü , “Şuşa ətrafında“, “Yuxarı Daşaltı“ və s. əsərləri ilə bu qədim diyarın qədim və əbədi sakinləri olduğumuzu bir daha göstərib.
   Rəssamın çoxçalarlı yaradıcılığı barədə dünyanın və Azərbaycanın məşhur sənətkarları - Anton Refrejye (ABŞ), Anri Fujeron (Fransa), Vladimir Neçtaylo (Rusiya Federasiyası), Rəsul Rza, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Bəxtiyar Vahabzadə, Ömər Eldarov, Anar və başqaları çox qiymətli fikirlər söyləyiblər. Bu baxımdan Xalq şairi Rəsul Rzanın fikri daha dəqiq və əhatəlidir: “O rənglər, o cizgilər mənimlə bir dildə danışır. O rənglərə, o boyalara, o xallara mən Səttar aləmində, Səttar dünyasında rast gəldim. Bir ölüm olmasın, yüz ölüm olsun, əsil sənətkara ölüm yoxdur, zaval yoxdur”.
   Səttar Bəhlulzadə 1974-cü ildə dünyasını dəyişib. O, bu gün həyatda olmasa belə, xalqımızın mədəniyyət tarixində, eləcə də dünya rəssamlarının sıralarında olduqca sadə, mənən çox zəngin bir xalq rəssamı kimi yaşayır.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar