Rəylər, fikirlər, düşüncələr
   
   2010-cu ilin son günlərini yaşayırıq. Bu il mədəniyyət işçiləri, incəsənət xadimləri, ədib və sənətşünaslar üçün nə ilə yadda qaldı? Bu barədə bir neçə müsahibimizin fikirlərini öyrəndik.
   
   Azər Paşa Nemət, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti:
   
   Teatr adamı olduğuma görə, mənim üçün ən böyük mədəniyyət hadisəsi I Bakı Beynəlxalq Teatr Konfransı oldu. Dünyanın hər yerindən o konfransın əks-sədasını eşidirik. A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi də ilin ən böyük mədəniyyət hadisələrindən biri kimi yadda qaldı. Hər iki mədəniyyət hadisəsini uğurlu hesab edirəm.
   
   İsrafil İsrafilov, Dövlət Akademik Milli Dram Teatrının direktoru:
   
   Mənim üçün ən böyük mədəniyyət hadisəsi odur ki, Akademik Milli Dram Teatrı uzun illərdən sonra təmir olundu, teatr artıq özünün əsas binasında fəaliyyətə başlayıb. Bu gün teatrın qarşısında duran məqsədlər, vəzifələr, teatrın gələcəyi üçün böyük perspektivlər müəyyən olunub. Hesab edirəm ki, bu da 2010-cu ilin hadisəsidir. Ancaq onun bəhrəsini 2011-ci ildə həm biz, həm tamaşaçılar görəcəklər.
   
   Elçin Hüseynbəyli, yazıçı-dramaturq
   
   Düzü, ötən il mədəniyyət sahəsində o qədər tədbir keçirilib ki, onların hamısını sadalamaq çox vaxt aparardı. Amma mənim yaradıcılığıma yaxın olanı milli teatr festivalının və beynəlxalq teatr konfransının düzənlənməsi oldu. Bu tədbirlərdə biz həm öz teatrlarımızın səviyyəsi ilə yaxından tanış olduq, həm də teatr camemizi əcnəbi mütəxəssislərə təqdim edə bildik.
   Bu il «Yolayrıcında qaçış» romanımın «Azərbaycan» dərgisində nəşri və ona müsbət reaksiyalar məndə xoş ovqat yaratdı, elə bu ovqatla da ili başa vururam. Hekayələr toplumun yüksək səviyyədə Türkiyə türkcəsinə çevrilməsi də gözəl bir hadisə kimi yadımda qaldı.
   
   Aydın Talıbzadə, teatrşünas

   
   Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi beynəlxalq statuslu bütün tədbirlər “ilin mədəniyyət hadisəsi” nominasiyasında yer ala bilər. Hamısını adicə sıralasam belə, əməlli-başlı vaxt aparar. Hər ixtisasın şünası öz peşəsinə görə ilin mədəniyyət hadisəsini müəyyənləşdirir. Bu baxımdan mənim üçün ilin ən önəmli mədəniyyət hadisəsi A.P.Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsinin Bakıda gerçəkləşməsidir. Yəni “qızıl pillə”nin sahibi, məncə, elə bu tədbirdir. Bu növbələşmədə ikinci yeri mən Bakı Beynəlxalq Caz Festivalına verərdim. Nəhayət, üçüncü yerdə mən istərdim ki, Azərbaycan teatr mədəniyyəti tarixinin ilk Bakı Beynəlxalq Teatr Konfransını qərarlaşdırım. Mstislav Rostropoviç Festivalı, Qara Qarayevin, Bülbülün adı ilə bağlı reallaşmış beynəlxalq musiqi festivalları, müsabiqələr də “qızıl pillə”də olmağa layiq hadisələrdir.
   
   Təranə Vahid