Kərim Tahirov, Milli Kitabxananın direktoru:
   
   İl ərzində irili-xırdalı kiçik tədbirləri nəzərə almasaq, 100-ə yaxın tədbir keçirilib. Milli Kitabxananın kitab fondunun formalaşdırılması, oxuculara xidmətin təkmilləşdirilməsi, fonddakı informasiya resurslarının elektron versiyasının yaradılması istiqamətində çox mühüm işlər görülüb. Fondumuza il ərzində 22 min 500 nüsxə yeni ədəbiyyat daxil olub. Bu da keçən ildəkindən xeyli artıqdır. Bu il virtual oxucuların sayı xeyli artıb.
   Bu il 4 ölkə ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalamışıq. TÜRKSOY təşkilatı və Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə iki beynəlxalq tədbir keçirmişik.
   2011-ci ildə Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisində yaxından iştirak edəcəyik. TÜRKSOY-la beynəlxalq tədbir keçirməyi planlaşdırırıq. Eyni zamanda Türkdilli Ölkələrin Milli Kitabxanalarının Direktorları Şurasının qərarı ilə həmin təşkilatın elektron kataloqunun təqdimatı keçiriləcək.
   
   Eldar Quliyev, Xalq artisti, kinorejissor:
   
   Bu il yeni ekran əsərləri ərsəyə gəldi. Bu filmlər bizi yeni rejissorlarla tanış elədi. Bu onu göstərir ki, bizim kinomuzun gələcəyi var. Filmlərimiz beynəlxalq festivallarda mükafatlara layiq oldular. Mən gözləyirəm ki, gələn il bir neçə kinoteatr açılacaq. Tamaşaçılar yeni, maraqlı, filmləri görmək istəyirlər.
   Rejissoru olduğum “İstanbul reysi” filminin təqdimatı oldu. Rəhbərlik etdiyim “Debüt” studiyasında cavan rejissorlar filmlər çəkdilər. İnanıram ki, ildən-ilə bizim filmlər dünyada daha da hörmət qazanacaq.
   
   Namiq Qaffarov, Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi:
   
   2010-cu ildə şəhərdəki mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üçün çoxlu işlər görmüşük. Bülbül adına musiqi məktəbi və N.Nərimanov adına Mədəniyyət evi əsaslı təmir olunub. Bu il həm də Sumqayıtın Tarix Muzeyinin açılışı ilə yadda qaldı. Üç nəfər işçimiz fəxri ada layiq görülüb. Elektron kitabxananın yaradılması ilə bağlı xeyli işlər görülüb və istifadəyə verilib. Üzeyir Hacıbəylinin 125 illiyi ilə bağlı kompleksin açılışı olub. Nazirliyin keçirdiyi müsabiqələrin hamısında fəal iştirak edərək mükafata layiq yerlər qazanmışıq.
   2011-ci ilin yanvarında idarənin və Sumqayıtın Tarix Muzeyinin veb saytının təqdimetmə mərasimi olacaq. Gələn il Sumqayıt Dram Teatrının təmiri də gözlənilir.
   
   Mübariz Həmidov, Gənc Tamaşaçılar Teatrının direktoru:
   
   2010-cu il bizim yaddaşımızda ən möhtəşəm mədəniyyət hadisələri ilə qalıb. İlk növbədə I Bakı Beynəlxalq Teatr Konfransını və Çexov Teatr festivalının “İpək yolu” mərhələsini qeyd edə bilərəm. Bizim teatra gəlincə, bir neçə tamaşa hazırlayıb tamaşaçıların ixtiyarına vermişik. Bu sırada beynəlxalq layihə olaraq Belarus Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissorunun səhnələşdirdiyi «Şeyx Yusif», ikinci tamaşa Şarl Peronun «Yatmış gözəl», Çarlz Dikkensin əsəri əsasında səhnələşdirilmiş «Oliver Tvistin məcaraları» tamaşalarının adını çəkə bilərəm. Hər üç tamaşa Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi hesabına ərsəyə gəlib. Teatr bir sıra qastrollarda, festivallarda iştirak edib. Krımda keçirilən Beynəlxalq Teatr festivalında «Ezop» tamaşası ilə çıxış etmişik və «Ən yaxşı antik tamaşa» nominasiyası əldə etmişik. Ümidvaram ki, yeni ilə də bizi uğurlu layihələr gözləyir».
   
   Mehparə,
   Gülər