Azərbaycan
   
   29 dekabr 1921 - Xalq yazıçısı, ədəbiyyatşünas alim, professor Əzizə Məmməd qızı Cəfərzadə (1921-2003) anadan olub.
   29 dekabr 1929 - Tarixçi alim, professor Püstəxanım Əzizağa qızı Əzizbəyovanın (1929 - 8.1.1998) doğum günüdür.
   
   30 dekabr 1909 - Tarixçi, ictimai xadim Məmməd Salman oğlu İsgəndərov (1909-1965) anadan olub.
   30 dekabr 1926 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev (1926 - 27.12.1990) Şuşada doğulub. Bir sıra opera tamaşalarında əsas rolları (Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") və s.) ifa edib.
   30 dekabr 1954 - Xalq artisti Fatma Yaqub qızı Mahmudova Ağdam rayonunda doğulub. Səhnə fəaliyyətinə Ağdam Dövlət Dram Teatrında başlayıb, 1994-cü ildən Dövlət Musiqili Komediya Teatrının aktrisasıdır.
   30 dekabr 1962 - Kamança ustası, Əməkdar artist Elşən Məmməd oğlu Mənsurov anadan olub.
   
   31 dekabr 1903 - Azərbaycan kinosunun ilk rejissorlarından olan Mikayıl Mikayılov (1903-1986) anadan olub. 20-ci illərdə çoxlu sayda sənədli-xronika filmləri çəkib. "Lətif" (1930), "İsmət", "Bir ailə" və s. bədii filmlərinin quruluşçu rejissoru olub.
   31 dekabr 1905 - Görkəmli alim, akademik, SSRİ Dövlət mükafatı laureatı, ictimai xadim Yusif Heydər oğlu Məmmədəliyev (1905 - 15.12.1961) anadan olub. Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.
   31 dekabr 1910 - Dramaturq, nasir Əbil Məmməd oğlu Yusifov (Əbil Yusif, 1910 - 29.3.1984) anadan olub.
   31 dekabr 1920 - Şair Zeynal Cabbarzadə (Zeynal Əliabbas oğlu Cabbarov, 1920 - 20.1.1977) doğum günüdür.
   31 dekabr 1925 - Ədəbiyyatşünas, publisist, professor Sadiq Cəfər oğlu Şükürov anadan olub.
   31 dekabr 1933 - Ədəbiyyatşünas, tənqidçi Abbas Səmədov anadan olub.
   
   31 dekabr 1934 - Böyük yazıçı-dramaturq Cəfər Cabbarlı (22.3.1899, Xızı - 1934, Bakı) Cəfər Cabbarlı vəfat edib. Azərbaycan dramaturgiyasında realizmin əsasını qoyub, kinossenarilərin, şeir və hekayələrin müəllifidir.
   31 dekabr 1935 - Ədəbiyyatşünas, mətnşünas Ofelya Əşrəf qızı Bayramovanın doğum günüdür.
   31 dekabr 1989 - Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başlayıb. Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşublar. Bu hadisə Azərbaycan tarixinə həmrəylik aksiyası kimi düşdü. Azərbaycan Ali Sovetinin qərarı ilə (25 dekabr 1991) 31 dekabr “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olundu.
   
   1 yanvar 1929 - Azərbaycanda ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid başlanıb.
   1 yanvar 1937 - Xalq artisti Eldəniz Zeynalov (1937 - 5.11.2001) anadan olub. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
   1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. Bu barədə göstəriş 1939-cu ildə SSRİ rəhbəri Stalin tərəfindən verilmiş, həmin il iyulun 11-də Azərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.
   1 yanvar 1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonunda doğulub. “Qatır Məmməd” bədii, “Üzeyir ömrü” televiziya filmlərində, tamaşalarda maraqlı rollar oynayıb.
   
   2 yanvar 1897 - Görkəmli alim və ictimai xadim, tibb alimi, professor Əziz Əliyev (1897-1962) anadan olub. 30-cu illərdə Azərbaycan Tibb İnstitutunun və Dövlət Universitetinin rektoru işləyib, respublikanın səhiyyə naziri (xalq komissarı) olub. 40-cı illərdə Dağıstan (Rusiya) vilayətinə rəhbərlik edib, 50-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi olub.
   2 yanvar 1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayevin (1945 - 27.3.1986) doğum günüdür. Nəsimi”, “Babək”, “Evlənmək istəyirəm”, “Bəyin oğurlanması” və s. flimlərdə maraqlı obrazlar qalereyası yaradıb.
   
   3 yanvar 1804 - Gəncə xanı Cavad xan oğlu ilə birlikdə general Pavel Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə qəhrəmancasına həlak olub. Rus qoşunları Gəncə xanlığını işğal ediblər. 19 il Gəncənin xanı olmuş Cavad xan Azərbaycanın tarixində vətənpərvər, mərd və cəsur sərkərdə kimi qalıb.
   3 yanvar 1907 - Məşhur pianoçu, Xalq artisti, professor Kövkəb Kamil qızı Səfərəliyeva (1907 - 1985) anadan olub.
   
   4 yanvar 1878 - Tanınmış satirik şair, “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli nümayəndələrindən biri Əli Nəzmi (1878-1946) anadan olub.
   4 yanvar 1932 - Görkəmli yazıçı, dramaturq, publisist, naşir Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (22.2.1869, Naxçıvan - 1932, Bakı) vəfat edib. Bir çox hekayə və povestləri, dram əsərləri, məşhur "Ölülər" komediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. "Molla Nəsrəddin" jurnalı ilə Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.
   4 yanvar 1946 - Xalq artisti Rafael Məlik oğlu Dadaşov Naxçıvanda doğulub. “Bəxt üzüyü”, “Mənim ağ şəhərim” filmlərində, televiziya «Ordan-burdan», «Göz həkimi» və s.) və teatr tamaşalarında yaddaqalan rollar oynayıb.
   4 yanvar 1950 - Tanınmış aktrisa İnarə Quliyeva Moskvada anadan olub. Rusiyanın Əməkdar artistidir. “Alma almaya bənzər” (Aliyə), “Dədə Qorqud (Selcan), “Qayınana” (Afət) filmlərində çəkilib.
   4 yanvar 2000 - Xalq artisri Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova, 28.2.1918, Kazan - 2000, Bakı) vəfat edib. Milliyyətcə tatardır. “Bizim Cəbiş müəllim”, “Yol əhvalatı” və s. flimlərdə çəkilib.
   
   Hazırladı: Vüqar Orxan