Azərbaycan
   
   12 yanvar 1908 - Böyük bəstəkar Üzeyir Hacıbəylinin müəllifi olduğu ilk Azərbaycan operası “Leyli və Məcnun” tamaşaya qoyulub. Bu, müsəlman Şərqində ilk opera əsəri idi. Premyera öncəsi Bakı küçələrinə vurulan ilk afişa bu məzmunda idi: “Müsəlman dilində əvvəlinci dəfə opera. “Leyli və Məcnun”. Şənbə günü, axşam, yanvarın 12-si (yeni təqvimlə 25 yanvar - red.) “Nicat” maarif cəmiyyətinin dram heyəti tərəfindən mövqe-tamaşaya qoyulacaq”.
   12 yanvar 1925 - Şair Əlisoltan (Əlisoltan Camal oğlu Ağəliyev, 1925 - 24.11.1982) anadan olub.
   12 yanvar 1925 - Neftçi alim, Əməkdar ixtiraçı Rza Mirkərim oğlu Seyid anadan olub.
   12 yanvar 1928 - Görkəmli ədəbiyyatşünas və sənətşünas, professor Gülrux Sabir qızı Əlibəyli anadan olub. Ədəbiyyatın nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, "Qardaşım mənim-sirdaşım mənim", "Bir ömrün iztirabları" və s. povestlərin müəllifidir.
   12 yanvar 1956 - Nasir, ssenarist, publisist Sadıq Elcanlı (Sadıq Qurban oğlu İbrahimov) anadan olub.
   12 yanvar 2004 - Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamlar imzalayıb.
   
   13 yanvar 1897 - Dövlət xadimi, publisist, alim Ruhulla Əli oğlu Axundov (1897 - 21.4.1938) Bakının Şüvəlan kəndində doğulub. Tarix, incəsənət, ədəbiyyata dair əsərlərin müəllifidir, iki cildlik ilk rusca-Azərbaycanca lüğətin redaktoru olub. Azərbaycan Kommunist Partiyasının I katibi (1925-1926) işləyib. Repressiya olunaraq güllələnib.
   13 yanvar 1951 - Aktyor, rejissor, Əməkdar incəsənət xadimi Cahangir Yaqub oğlu Mehdiyev Bakıda anadan olub. 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. “Mozalan” studiyasının direktoru və bədii rəhbəri olub, “Kişi sözü” filmində (Niyaz) çəkilib, “Evlənmək istəyirəm” filminin rejissorudur.
   13 yanvar 1991 - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Şaumyan (kənd) rayonu inzibati-ərazi vahidi kimi ləğv edilib və onun ərazisi Goranboy rayonuna birləşdirilib.
   13 yanvar 2003 - Xalq artisti, müğənni Mirzə Babayev (16.7.1913 - 2002) vəfat edib. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dan çox filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. İxtisasca memar olub, Nizami adına Ədəbiyyat Muzeyinin layihə çəkilişində iştirak edib.   

   Dünya
   
   12 yanvar 1628 - Fransız nağıl yazıçısı (“Çəkməli pişik”, “Zoluşka” və s.) Şarl Perro (Charles Perrault, 1628 - 1703) anadan olub.
   12 yanvar 1758 - Rus satirik şairi və dramaturqu Dmitri Petroviç Qorçakov (1758 - 1824) anadan olub.
   12 yanvar 1800 - Fransız rəssamı Ejen Lui Lami (Eugene Louis Lami, 1800 - 1890) anadan olub.
   12 yanvar 1863 - Məşhur hind filosofu Svami Vivekananda (əsl adı Narendranatx Datta, 1863 - 1902) anadan olub.
   12 yanvar 1876 - Görkəmli Amerika yazıçısı Cek London (Jack London - John Griffith Chaney, 1876 - 22.11.1916 San-Fransisko) doğulub. “Martin İden”, “Dəmir daban”, "Dəniz canavarı" və s. romanların müəllifidir.
   12 yanvar 1910 - Alman aktrisası Luiza Rayner (Luise Rainer) Vyanada anadan olub. 101 yaşlı aktrisa həm də dünyanın ən qocaman “Oskar” (1936 və 1937-ci illərdə layiq görülüb) laureatıdır.
   
   12 yanvar 1936 - Məşhur Latviya bəstəkarı, SSRİ Xalq artisti Raymond Pauls (Ojars Raimonds Pauls) anadan olub.
   12 yanvar 1937 - Fransanın məşhur aktrisası Mari Dübua (Marie Dubois - Claudine Lucie Pauline Huze) anadan olub.
   12 yanvar 1941 - Rus bəstəkarı, “Pesnyarı” ansamblının qurucusu Vladimir Mulyavin anadan olub.
   12 yanvar 1949 - Məşhur yapon yazıçısı Haruki Murakami anadan olub. "Norveç meşəsi", "Kafka sahildə", “1Q-84” və s. romanların müəllifidir.
   
   13 yanvar 1898 - Rus aktyoru, SSRİ Xalq artisti Vasili Vasilyeviç Vanin (1898 - 1951) anadan olub.
   13 yanvar 1899 - Rus-sovet kinorejissoru, kino nəzəriyyəçisi Lev Vladimiroviç Kuleşov (1899-1970) anadan olub.
   13 yanvar 1924 - Alman əsilli Amerika filosofu Paul Feyerabend (Paul Karl Feyerabend , 1924 - 1994) Vyanada doğulub.
   13 yanvar 1927 - Fransız rəssamı və yazıçısı Gi Muminu (Guy Mouminoux) anadan olub.
   13 yanvar 1931 - Məşhur rus yazıçısı, ssenarist və dramaturq Arkadi Aleksandroviç Vayner (1931 - 24.4.2005) anadan olub. Qardaşı Georgi Vaynerlə birgə məşhur detektiv əsərlərin müəllifidir.
   13 yanvar 1937 - Gürcü aktrisası, Gürcüstan və Rusiyanın Xalq artisti Ariadna Vsevolodovna Şengelaya (Şprink) anadan olub.