Azərbaycan
   
   21 yanvar 1893 - Dünya şöhrətli türkoloq alim, şair Bəkir Çobanzadə (1893-1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyalarının qurbanı olub.
   21 yanvar 1907 - Akademik, görkəmli tarixçi və iqtisadçı Əlisöhbət Sumbat oğlu Sumbatzadə (1907-1992) Bakının Əmircan kəndinə doğulub. Azərbaycan xalqının etnogenezinə həsr olunmuş dəyərli tədqiqatların müəllifidir.
   21 yanvar 1921 - İlk sahəvi kitabxanalardan olan Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanası fəaliyyətə başlayıb.
   21 yanvar 1924 - Görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Qulam qızı Axundova Şəkidə doğulub. Azərbaycanda opera ("Gəlin qayası") yazmış ilk qadın bəstəkardır. “Ev bizim, sirr bizim" operettasının, çoxlu mahnı və romansların müəllifidir.
   21 yanvar 1950 - Xalq şairi Zəlimxan Yaqub (Zəlimxan Yusif oğlu Yaqubov) Borçalı mahalının (Gürcüstan Respublikası) Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub.
   21 yanvar 1999 - Görkəmli bəstəkar, Xalq artisri Süleyman Ələsgərov (22.2.1922, Şuşa - 1999) vəfat edib. “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. operettaların, “Bahadır və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamı və digər musiqi əsərlərinin müəllifidir.
   21 yanvar 2008 - Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanov (17.4.1929, Sabirabad - 2008) vəfat edib.
   
   22 yanvar 1892 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış boyakar və qrafika ustası Bəhruz Kəngərli (1892-1922) anadan olub.
   22 yanvar 1908 - Məşhur fizik, Nobel mükafatı (1962) laureatı Lev Davıdoviç Landau (1908-1968) Bakıda doğulub.
   22 yanvar 1910 - İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov (1910 - 24.1.1945) Lənkəranda anadan olub. Bakı və Leninqradda hərbi məktəblərdə oxuyub. 1942-ci ilin dekabrında Stalinqrad döyüşlərində göstərdiyi igidliyə görə 55-ci tank briqadasının komandiri polkovnik H.Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneçik törədib. 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1991-ci ildə H.Aslanova ölümündən sonra ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
   22 yanvar 1926 - Nasir, publisist, tərcüməçi Məmmədrza Abdulla oğlu Afiyət (Mərəndi, 1926-1995) anadan olub.
   22 yanvar 1944 - Xalq artisti Hacı Məcid oğlu İsmayılov Bakıda doğulub. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır. «Ad günü», “Bəyin oğurlanması”, “Həm ziyarət, həm ticarət” filmlərində maraqlı obrazlar yaradıb.
   22 yanvar 1950 - Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin İbrahim oğlu Şahbazovun (1950 - 20.11.1991) doğum günüdür.
   22 yanvar 1967 - Tanınmış aktyor Elşən Rüstəmov Masallıda anadan olub. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. “İtkin gəlin”, “Seçilən”, “İstanbul reysi” filmlərində çəkilib.
   
   23 yanvar 1927 - Xalq artisti, tanınmış rəqqas Böyükağa Məmmədov anadan olub.
   23 yanvar 1935 - Şair, dramaturq Cahangir Atakişi oğlu Məmmədov anadan olub.
   23 yanvar 1953 - Şair Eldar İbrahimin doğum günüdür.
   23 yanvar 1945 - SSRİ Xalq Komissarları Soveti SSRİ EA-nın Azərbaycan Filialının bazasında Azərbaycan Elmlər Akademiyası yaradılması barədə qərar qəbul edib. Azərbaycanda elmi-tədqiqat mərkəzi kimi 1925-ci ildə Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi. 1932-ci ildə institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edildi, 1936-cı ildə isə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrildi. Azərbaycan Elmlər Akademiyasına ilk üzvlər 1945-ci ilin martında seçildi.
   23 yanvar 1951 - Kamança ifaçısı, sənətşünaslıq doktoru Rafiq Hüseyn oğlu İmrani anadan olub.
   23 yanvar 1969 - Azərbaycanın Milli Qəhrəmanı Hikmət Oqtay oğlu Muradovun (1969-29.10.1991) doğum günüdür.
   23 yanvar 1976 - Azərbaycanın Milli Qəhrəmanı Yalçın Canhəsən oğlu Nəsirov (1976-24.3.1995) Astara rayonunun Sərək kəndində anadan olub.
   23 yanvar 2011 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (12.5.1935-2011) vəfat edib. Valid Sənani Azərbaycan televiziyasının ilk futbol şərhçisi idi.
   
   24 yanvar 1905 - Tənqidçi Məmmədkazım Ələkbərli (1905-1938) anadan olub.
   24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909-9.8.1983) anadan olub.
   24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ustası Avtandil İsrafilovun doğum günüdür.
   24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır.
   
   25 yanvar 1899 - Azərbaycanın ilk hüquq professoru, ictimai xadim Mustafa Vəkilov (1899-1943) anadan olub. Sorbonna (Paris) Universitetində təhsil alıb, Azərbaycanda hüquq sahəsi üzrə kadrların hazırlanmasında fəal rol oynayıb. Stalin repressiyalarının qurbanı olub.
   25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.
   25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.
   
   26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli (1863-1920) Şuşada anadan olub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ilin mayında Gəncədə anti-sovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
   26 yanvar 1971 - Xalq artisti Aygün Kazımovanın doğum günüdür.
   26 yanvar 2006 - Görkəmli müğənni, Xalq artisti İslam Rzayev (1934, Füzuli - 2006) vəfat edib. 20 ilə yaxın Muğam Teatrına rəhbərlik edib.
   
   Dünya
   
   21 yanvar 1861 - Fransız rejissoru, iş adamı, dünya kinematoqrafının banilərindən biri Jorj Melyes (Maries-Georges-Jean Melies, 1861-1938) anadan olbu. 1897-ci ildə yaratdığı “Star Film” studiyasında qısametrajlı filmlər çəkib.
   21 yanvar 1905 - Polyak əsilli sovet yazıçı-dramaturqu, şair, ssenarist Vanda Lvovna Vasilyevskaya (1905-1964) anadan olub.
   21 yanvar 1905 - Məşhur fransız modelyeri Kristian Dior (Christian Dior, 1905-1957) anadan olub.
   21 yanvar 1906 - SSRİ Xalq artisti, məşhur baletmeyster İqor Aleksandroviç Moiseyev (1906-2.11.2007) anadan olub.
   21 yanvar 1920 - SSRİ Xalq artisti, aktyor Nikolay Nikolayeviç Trofimov (1920-2005) anadan olub.
   21 yanvar 1941 - Dünya şöhrətli ispan opera (tenor) müğənnisi Plasido Dominqo (Jose Placido Domingo) Madriddə doğulub.
   
   22 yanvar 1561 - İngilis filosofu, empirizmin banisi, tarixçi, şair Frensis Bekon (Francis Bacon, 1561-1626) anadan olub.
   22 yanvar 1729 - Alman klassik ədəbiyyatının banisi, dramaturq, incəsənət nəzəriyyəçisi Qothold Efraim Lessinq (Gotthold Ephraim Lessing, 1729-1781) anadan olub.
   22 yanvar 1788 - Görkəmli ingilis romantik şairi Corc Qordon Bayron (George Gordon Byron, 1788-19.4.1824) anadan olub.
   22 yanvar 1882 - Rus filosofu Pavel Aleksandroviç Florenski (1882-1937) Azərbaycan ərazisində, Yelizavetpol (Gəncə) quberniyasının Yevlax qəsəbəsində rus hərbçisi ailəsində doğulub.
   22 yanvar 1898 - Görkəmli rus-sovet rejissoru, ssenarist, kino nəzəriyyəçisi və pedaqoq Sergey Mixayloviç Eyzenşteyn (1898-1948) anadan olub. Məşhur tarixi filmlərin (“Oktyabr”, “Aleksandr Nevski”, “İvan Qroznı”) müəllifidir.
   22 yanvar 1904 - Rus yazıçısı Arkadi Petroviç Qaydar (Qolikov, 1904-1941) anadan olub. Uuşaqlar üçün məşhur əsərlərin (“Timur və omun komandası” və s.) müəllifidir.
   22 yanvar 1937 - Amerika yazıçısı, polislərdən bəhs edən əsərləri ilə məşhurlaşmış Cozef Uembo (Joseph Aloysius Wambaugh) anadan olub.
   22 yanvar 1954 - Rus aktyoru, prodüser Leonid Yarmolnik anadan olub.
   23 yanvar 1783 - Görkəmli fransız yazıçısı, XIX əsrdə realist roman janrının (“Qara və qırmızı” romanı) banilərindən biri Anri Mari Stendal (Marie-Henri Beyle - Stendhal, 1783-1842) anadan olub.
   23 yanvar 1832 - Fransız rəssamı, impressionizmin banilərindən biri Eduar Mane (Edouard Manet, 1832-1883) anadan olub.
   23 yanvar 1903 - Rus kinorejissoru, SSRİ Xalq artisti Qriqori Vasilyeviç Aleksandrov (Mormonenko, 1903-1983) anadan olub. Sovet kinosunda ilk musiqili komediyaları (“Şən uşaqlar”, “Volqa-Volqa”) çəkib.
   23 yanvar 1923 - Fransız rejissoru, ssenarist Jak Vilfrid (Jacques Vilfrid, 1923-1988) anadan olub. Jandarmlardan bəhs edən komediyaların (baş rolda Lui de Fünes) ssenari müəllifidir.
   23 yanvar 1989 - Dünya şöhrətli ispan sürrealist rəssamı Salvador Dali (Salvador Felipe Jacinto Dali i Domenech, 11.5.1904-1989) vəfat edib. 
      
   24 yanvar 1732 - Məşhur fransız dramaturqu (“Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyaları) Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais, 1732-1799) anadan olub.
   24 yanvar 1776 - Alman yazıçısı (nağıllar müəllifi), bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann, 1776-1822) anadan olub.
   24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub.
   24 yanvar 1873 - Rus dilçi alimi, “Rus dilinin izahlı lüğəti”nin (4 cilddə) müəllifi Dmitri Nikolayeviç Uşakov (1873-1942) anadan olub.
   24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail İliç Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir.
   
   25 yanvar 1743 - Alman yazıçısı və filosofu Fridrix Yakobi (Friedrich Heinrich Jacobi, 1743-1819) anadan olub.
   25 yanvar 1759 - Məşhur şotland şairi Robert Berns (Robert Burns, 1759-21.7.1796) anadan olub.
   25 yanvar 1831 - Rus filosofu, yazıçı, ədəbiyyatşünas Konstantin Nikolayeviç Leontyev (1831-1891) anadan lub.
   25 yanvar 1832 - Məşhur rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub.
   25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub.
   25 yanvar 1882 - İngilis yazıçısı, modernist ədəbiyyatın nümayəndəsi Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub.
   25 yanvar 1938 - Məşhur rus şairi və müğənnisi, aktyor Vladimir Semyonoviç Vısotskinin (1938-25.7.1980) doğum günüdür. “Görüş yerini dəyişmək olmaz” filmində Jeqlov rolu ilə şöhrət qazanıb.
   
   26 yanvar 1921 - Rus kinorejissoru, SSRİ Xalq artisti Yuri Nikolayeviç Ozerov (1921-2001) anadan olub.
   26 yanvar 1925 - Amerika aktyoru, rejissor, prodüser Pol Nyuman (Paul Leonard Newman, 1925-2008) anadan olub.
   26 yanvar 1944 - Məşhur Amerika hüqüq müdafiəçisi, kommunist təmayüllü yazıçı Ancela Devis (Angela Yvonne Davis) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan