Beş cümləlik «ön söz»
   
   Onun qəbri Parisdədir. O şəhərdə ki, Balzakın da məzarı oradadır. O Balzak ki, «Dahilər ucqarlarda doğulur, Parisdə ölür» deyib. O deyim ki, bunu dünyanın bütün məmləkətlərinin «ölkə-paytaxt» tandeminə düsturlamaq olar. Və o «ölülər» ki, bəşəriyyətin bütün elm, sənət, mədəniyyət olumları onlardan başlayıb, bu gün də onlara bağlıdır və elə onlarla da davam edəcək…
   
   Onlardan biri bizimki
   
   Belə bir Qarabağyanı fikir-zikr də var ki, o vaxtlar ermənilərin daha çox məhz Dağlıq Qarabağa köçmə (köçürülmə) hədəfi tək elə perspektiv ərazi qəsbi, Şuşa qəzasının ab-havası deyil, həm də bu elatın oturaq mədəniyyətini, sivil etno-mental elementlərini, istedad fitrətini mənimsəmək qəsdi imiş. Bunun isə baiskarı, bəzi sovet «şünas»larının qəlbi ilə desək, «tarixi-müqəddəm» səbəbləri vardı; şuşalı seçkinlər böyük Nadir şah Əfşarın - elə böyük xətalarından birinə (bu emosional şahın «dikbaşlar», ayıq-oyaq, istedadlar ovuna) görə, ölkənin hər tərəfindən qaçıb, gözdən-könüldən uzaq o «ucqar»a sığınmışdılar. Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də dünyaya bu ucqar şəhərdə - Şuşada göz açmışdı.
   Yaradıcılığa felyetonla başlayan Ceyhun Hacıbəyli ustadlarından və yaşıdlarından fərqli olaraq, düşüncələrində «inqilab içində inqilab»a meyllənir. O, fikirləşirdi: Bu xalqa nə mühazirə oxumuşuq, nə öyrətmişik ki, bu gün onu imtahana çəkir, tənqid atəşinə tuturuq?..». Deməli, maarifçilik, maarifçilik, yenə də maarifçilik! Dostları onun «Proqress» qəzetində (1907) «Daqestanskiy» imzası ilə çap etdirdiyi və ədəbi ictimayyətin hadisə kimi dəyərləndirdiyi «Pristav Ağa» felyetonuna rəğmən, bu janrda işləməsini tövsiyə etsələr də, Ceyhun fikrindən dönmür, əvvəlcə bu millətə nəsə bir düz verməli, sonra əgər onu əyri qaytararsa, tənqid etməli, deyir.
   Beləliklə, milli-mənəvi məhəbbət dolu bir enerji ilə mətbuatın əzəli və ədəbi janrında - publisistikada məhsuldar fəaliyyətə başlayır. Maarif və mədəniyyətin bütün sahələrinə, dil, din, xeyriyyəçilik mövzularına dair cari və problematik yazılar çap etdirir. Gənc olmasına baxmayaraq, həyatın heç bir ictimai nüansı Ceyhunun nəzərindən yayınmır. Onun o dövr qaçqın və köçkünlərinin siyasi və sosial durumu haqda yazdığı materiallar bugünümüzçün də ibrətamizdir. Mühacirətə qədər «Kaspi», «Proqres», «Bakı», «Azərbaycan» və digər qəzetlərdəki saysız yazıları ilə mükəmməl publisist kimi tanınan Ceyhun Hacıbəyli elə həmin dövrdə «İttihad» və rus dilində çap olunan «Azərbaycan» qəzetlərinin redaktoru olub.
   Ceyhun Hacıbəyli nəsr əsərləri də yazırdı. Əvvəlcə bir neçə hekayə, 1910-cu ildə «Hacı Kərim» povestini yazır və bir il sonra kitab şəklində çap etdirir. Lakin həmin dövrlər xalqın ədəbi-bədii əsərlərdən çox, dövri mətbu yazılara, gündəlik publisistikaya ehtiyacı olduğundan, bədii yaradıcılığa fasilə verməli olur. Böyük qardaşı - artıq opera və operettaları ilə məşhurlaşmış Üzeyir Hacıbəyli ilə müştərək libretto işləmələrini istisna etməklə, o yalnız mətbu yaradıcılıqla məşğul olur.
   Nəhayət, adını çoxdan eşitdiyi, üzünü yenicə gördüyü, iç üzünə isə «dabbaq gönü» qədər bələd olduğu bolşeviklər, bütün ömrü uzunu qəbul etməyəcəyi sovetlər ərəfəsi. Fitrətən azad düşüncəli bu böyük istedad sahibi Vətəndən mühacirət edir. O, Fransada da dərhal diqqət mərkəzinə düşür. «La Fiqaro» və «La Revul du Mond Müsulman» kimi qəzetlərlə əməkdaşlıq edir, «La Revul des Deux Mende» jurnalında çalışır. Bütün bunlar öz bəhrəsini verir. Gənc Ceyhunun qabiliyyəti tamamilə üzə çıxır; o, Parisdə fransız dilində çıxan «Qafqaz» jurnalının redaktoru olur. Sonralar Münhendə nəşr olunan «Azərbaycan» jurnalının redaktoru, «Azadlıq» radiostansiyasının Azərbaycan dilində proqramının yaradıcılarından biri olur.
   «İslam əleyhinə» kampaniya və onun Azərbaycanda metodları». Bu irihəcmli tədqiqat əsəri Ceyhun Hacıbəylinin yaradıcılığında xüsusi yer tutur. Bu əsər onun «sovet davaları»ndan bir tədqiqat nümunəsidir. Onun adı isə Azərbaycanın Azadlıq, habelə mədəniyyətimizin vətəndənkənar təbliği tarixinə qızıl hərflərlə yazılmış imzalardandır. Azərbaycanın bugünkü azad vətəndaşları içərisindəki az bixəbər və tam bixəbərlər də zaman-zaman biləcəklər ki, bu yurdun müstəqilliyi uğrunda canlarını qəribliyə, qürbətə qurban verənlər də böyük milli sevgi və ehtiramlara layiqdirlər…
   
   T. Abbaslı