Azərbaycan
   
   11 fevral 1914 - Xalq artisti Rəmziyyə Veysəlova (1914-22.8.1993) Bakıda anadan olub. Uzun illər (1935-ci ildən) Gəncə Dram Teatrının aktrisası olub.
   11 fevral 1920 - Ədəbiyyatşünas, tənqidçi Əziz Mirfeyzulla oğlu Mirəhmədov (1920-2002) anadan olub.
   11 fevral 1930 - Ədəbiyyatşünas, tərcüməçi, mətnşünas Əbülfəz Haşım oğlu Rəhimov anadan olub.
   11 fevral 1940 - Neftçala rayonunun yarandığı gündür. Həmin vaxtadək Salyan rayonun tərkibində olub. 1959-cu ildə yenidən Salyan rayonuna qatılıb, 1963-cü ildə təkrar ayrıca ərazi-inzibati vahid (rayon) kimi təşkil olunub.
   11 fevral 1948 - Şair, publisist Əbülfəz Naxçıvanlı anadan olub.
   11 fevral 1955 - Azərbaycanın Milli Qəhrəmanı Əli Hüseyn oğlu Məmmədovun (1955-1.10.1992) doğum günüdür.
   11 fevral 1981 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənani (Möhsün Sadıq oğlu Cəfərov, 19.6.1900, Tiflis - 1981) vəfat edib. “Kəndlilər” (1939), “Səhər” (1960), “Sehrli xalat” (1964), “Dağlarda döyüş” (1967) filmlərində çəkilib.
   11 fevral 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib.
   11 fevral 2000 - Prezident Heydər Əliyev Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsi, onun bazasında Vergilər Nazirliyinin yaradılması barədə fərman verib. 2005-ci ildən 11 fevral Azərbaycan vergi xidməti işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
   
   12 fevral 1911 - Məhşur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (1911 - 14.5.1985) Bakıda doğulub. 1932-ci ildən ömrünün axırınadək Dövlət Opera və Balet Teatrının solisti və konsertmeystri olub.
   12 fevral 1923 - Şair, dramaturq İslam Əhməd oğlu Səfərli (1923-6.11.1974) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı" və s. pyeslərin, bir çox mahnıların sözlərinin müəllifidir.
   12 fevral 1925 - Filosof, professor Adil Yusif oğlu Nəcəfov (1925-1989) anadan olub.
   12 fevral 1931 - Görkəmli hərbi xadim, artilleriya general-leytenantı Səməd bəy Mehmandarov (16.10.1855, Lənkəran - 1931) Bakıda vəfat edib. Çar Rusiyası ordusunda diviziya komandiri, Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri olub. Sovetləşmədən sonra Bakıda hərbi komandirlər məktəbində dərs deyib.
   12 fevral 1964 - Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlil Rza oğlu Xəlilbəyli (1964-31.1.1992) anadan olub. Xalq şairi Xəlil Rza Ulutürkün oğludur.
   
   13 fevral 1910 - Ədəbiyyatşünas alim, professor Nəzakət Həsən qızı Ağazadə (1910-1979) anadan olub.
   13 fevral 1940 - Nasir, tərcüməçi Rafiq Şamil oğlu İmanov anadan olub.
   13 fevral 1956 - Əməkdar incəsənət xadimi, xor dirijoru Gülbacı İmanovanın doğum günüdür.
   13 fevral 1975 - Azərbaycanın Milli Qəhrəmanı Xanoğlan Sadiq oğlu Məmmədov (1975 - 15.3.1995) anadan olub.
   13 fevral 2009 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadə (16.8.1925, Şəki - 2009) vəfat edib. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması şairə məşhurluq gətirib. 20-dək poema, 10 dram əsəri yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif olunub.
   
   14 fevral 1925 - Xalq artisti, dirijor Nazim Əsədulla oğlu Rzayev (14.02.1925) anadan olub.
   14 fevral 1940 - Azərbaycan Dövlət Televiziyasının ilk diktorlarından olan Tamara Cəfər qızı Gözəlova-Ağamirova anadan olub.
   14 fevral 1945 - Nasir, publisist İntiqam Alı oğlu Mehdizadə İsmayıllı şəhərində doğulub. Uzun müddət Azərbaycan televiziyasında işləyib. Hazırda Mədəniyyət və İncəsənət Universitetində çalışır.
   14 fevral 1956 - Azərbaycan televiziyasının yarandığı gündür. Həmin gün Bakı televiziya studiyası yayıma başlayıb. Bakı studiyası əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.
   14 fevral 1975 - Azərbaycanın Milli Qəhrəmanı Elşad Ramiz oğlu Məmmədov (1975 - 17.3.1995) anadan olub.
   14 fevral 1980 - Görkəmli aktyor, rejissor, Xalq artisti Rza Təhmasib (20.4.1894, Naxçıvan - 1980) vəfat edib. “Qanun naminə” (Qaloş), “Bakıda küləklər əsir” (Şahmar bəy) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, “Onu bağışlamaq olarmı?”, “Bakının işıqları” və s. filmlərə quruluş verib.
   14 fevral 1992 - Azərbaycan Ordusunda Hərbi Hava Qüvvələrinin ilk bölməsi formalaşıb. 14 fevral Azərbaycan Hərbi Hava Qüvvələri günü (14 sentyabr 1992 tarixli fərman) kimi qeyd olunur.
   
   Dünya
   
   11 fevral 1657 - Fransız yazıçısı və alimi Fontenel (Bernard le Bovier de Fontenelle, 1657-1757) anadan olub.
   11 fevral 1802 - Amerikalı yazıçı, feminist, hinduların hüquqları uğrunda mübariz Lidiya Mariya Çayld (Lydia Maria Child, 1802-1880) anadan olub.
   11 fevral 1829 - Rus şairi və dramaturqu, Rusiya imperiyasının Tehrandakı səfiri Aleksandr Sergeyeviç Qriboyedov (1795-1829) qətlə yetirilib. Türkmənçay müqaviləsinin (10 fevral 1828) hazırlanması və imzalanmasında iştirak edən Qriboyedov həmin müqavilənin ildönümündə bir qrup dindarın rus səfirliyinə basqını zamanı öldürülmüşdü. Bu hadisədən sonra İran şahı Rusiya ilə münasibətləri sahmanlamaq üçün üzrxahlıq olaraq Peterburqa böyük miqdarda qızıl və daş-qaş göndərdi.
   11 fevral 1887 - Məşhur rus-sovet rəssamı, monumentalist-heykəltəraş İvan Dmitrieviç Şadr (İvanov, 1887-1941) anadan olub.
   11 fevral 1894 - Rus yazıçısı, uşaqlar üçün çoxsaylı populyar hekayə və nağılların müəllifi Vitali Valentinoviç Bianki (1894-1959) anadan olub.
   11 fevral 1900 - Alman filosofu, “fəlsəfi hermenevtika”nın banisi Hans-Georq Qadamer (Hans-Georg Gadamer, 1900-2002) anadan olub.
   11 fevral 1902 - Məşhur rus aktrisası, 30-50-ci illərdə sovet tamaşaçılarının kumiri, SSRİ Xalq artisti Lyubov Petrovna Orlovanın (1902-1975) doğum günüdür.
   11 fevral 1917 - Amerika yazıçısı və ssenaristi Sidni Şeldon (Sidney Sheldon, 1917-2007) anadan olub.
   11 fevral 1926 - Kanada və Amerika komediya aktyoru Lesli Nilsen (Leslie William Nielsen, 1926-2010) anadan olub.
   11 fevral 1969 - Amerika aktrisası Cennifer Eniston (Jennifer Joanna Aniston) anadan olub.
   
   12 fevral 1809 - Məşhur ingilis alimi və səyyahı, insanın meymundan törəməsini iddia edən “təkamül nəzəriyyəsi”nin müəllifi Çarlz Darvin (Charles Robert Darwin, 1809-1882) anadan olub.
   12 fevral 1865 - Polyak şairi, yazıçı və dramaturq Kazimej Pşerva-Tetmayer (1865-1940) anadan olub.
   12 fevral 1881 - Dünya şöhrətli rus balerinası, SSRİ Xalq artisti Anna Pavlovna Pavlova (1881-1931) anadan olub.
   12 fevral 1892 - Rus-sovet yazıçısı, sosialist realizminin tanınmış siması Konstantin Aleksandroviç Fedin (1892-1977) anadan olub.
   12 fevral 1915 - Rus yazıçısı Vasili Nikolayeviç Ajayevin (1915-1968) doğum günüdür.
   12 fevral 1942 - Amerika fantast-yazıçısı Terri Bison (Terry Bisson) anadan olub.
   12 fevral 1980 - Amerika kinoaktrisası Kristina Riççi (Christina Ricci) anadan olub.
   
   13 fevral 1766 - İngilis filosofu, demoqraf və iqtisadçı Tomas Robert Maltus (1766-1834) anadan olub. Onun fəlsəfi nəzəriyyəsinə görə, dünyada əhali artımını tənzimləmək üçün müharibə və təbii fəlakətlər zəruridir.
   13 fevral 1769 - Məşhur rus satirik şairi İvan Andreyeviç Krılov (1769-1844) anadan olub.
   13 fevral 1784 - Rus şairi, Homerin “İliada” poemasının rus dilinə ilk tərcüməçisi Nikolay İvanoviç Qnediç (1784-1833) anadan olub.
   13 fevral 1791 - Rus rəssamı, realist mənzərə janrının banilərindən biri Silvestr Feodosiyeviç Şedrin (1791-1830) anadan olub.
   13 fevral 1866 - Rus filosofu, ekzistensializmin tanınmış nümayəndələrindən biri Lev Şestov (1866-1938) anadan olub. 1920-ci ildə Fransaya mühacirət edib.
   13 fevral 1873 - Görkəmli rus opera müğənnisi, eyni zamanda rəssam və heykəltəraş Fyodor İvanoviç Şalyapin (1873-1938) anadan olub. 1921-ci ildə mühacirətə gedib, Parisdə vəfat edib.
   13 fevral 1881 - İngilis uşaq yazıçısı Eleanor Farcon (Eleanor Farjeon, 1881-1965) anadan olub.
   13 fevral 1883 - Rus aktyoru və rejissoru, teatr xadimi Yevgeni Baqrationoviç Vaxtanqov (1883-1922) Vladiqafqazda doğulub.
   13 fevral 1903 - Dünya şöhrətli detektiv romanların (komissar Meqre haqqında seraillar) müəllifi, Belçika əsilli fransız yazıçısı Jorj Simenon (Georges Joseph Christian Simenon, 1903-1989) anadan olub.
   13 fevral 1915 - Rus aktrisası, SSRİ Xalq artisti Lidiya Nikolayevna Smirnova (1915-2007) anadan olub.
   13 fevral 1950 - İngilis musiqiçisi Piter Qabriel (Peter Brian Gabriel) anadan olub.
   
   14 fevral 1483 - Özbək şairi və yazıçısı, dövlət xadimi, Böyük Moğollar dövlətinin qurucusu Zahirəddin Məhəmməd Babur (1483-1530) anadan olub. Əmir Teymurun nəslindəndir, tarixi janrda ilk ədəbi nümunələrdən olan “Baburnamə”nin müəllifidir.
   14 fevral 1813 - Rus bəstəkarı Aleksandr Sergeyeviç Darqomıjski (1813-1869) anadan olub.
   14 fevral 1855 - Rus yazıçısı, şair, ədəbiyyatşünas Vsevolod Mixayloviç Qarşin (1855-1888) anadan olub.
   14 fevral 1908 - Məşhur rus arxeoloqu, şərqşünas, Cənubi Qafqaz tarixinin tədqiqatçısı Boris Borisoviç Piotrovski (1908-1990) anadan olub. Uzun illər Dövlət Ermitajına (Sankt-Peterburq) rəhbərlik edib.
   14 fevral 1914 - İtalyan kinorejissoru, ssenarist Pyetro Cermi (Pietro Germi, 1914-1974) anadan olub. Kinoda neorealizmin tanınmış simasıdır, “İtalyansayağı boşanma” filminə görə “Oskar” mükafatı (1963) alıb.
   14 fevral 1936 - Məşhur polyak-sovet estrada müğənnisi, bəstəkar Anna German (1936-1982) Özbəkistanın Urgenc şəhərində doğulub, 1945-ci ildə ailəsi Polşaya köçüb.
   14 fevral 1944 - İngilis kinorejissoru və ssenaristi Alan Parkerin (Alan William Parker) doğum günüdür. “Gecəyarısı ekspessi”, “Mələk ürəyi” filmlərini çəkib, dəfələrlə Kann kinofestivalının qalibi olub.
   
   Hazırladı: Vüqar Orxan